Türk mədəniyyəti və ədəbiyyatının
təbliği
Sentyabrın 28-də VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Türkiyənin TEDA proqramının təqdimatı keçirildi.
Qardaş ölkənin Bakıdakı səfirliyinin Mədəniyyət və təbliğat müşavirliyi tərəfindən təşkil olunan mərasimdə Bakı Slavyan Universitetinin tələbələri və digər qonaqlar iştirak edirdi.
TEDA (Türk Kültür, Sanat ve Edebiyat Eserlerinin Dışa Açılımını Destekleme Projesi) proqramı haqqında məlumat verən müşavirliyin rəhbəri İrfan Çiftçi bildirdi ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən layihə türk mədəniyyəti, sənəti və ədəbiyyatının xarici ölkələrdə təbliğinə xidmət edir: “İstənilən ölkədən layihəyə təklif edilən əsərin nəşri üçün maliyyə vəsaitini Türkiyə dövləti ödəyir. 2005-ci ildən fəaliyyət göstərən layihə üzrə bu günədək 3 minə yaxın təklif dəyərləndirilib və 77 ölkədə 61 dildə ədəbiyyat yayımlanıb. Layihə üzrə 2017-ci ildə Azərbaycandan 87 əsərə dəstək verilmişdisə, 2018-ci ildə bu rəqəm 134 olub. Ən çox dəstək alan və müraciət edən ölkələr isə Bolqarıstan, Almaniya, Makedoniya, İran və Azərbaycandır”.
İrfan Çiftçi vurğuladı ki, türk dili dünyanın ən çox danışılan dilləri sırasında 5-ci yerdədir. Layihənin məqsədi həm də türk dilini bütün dünyada təbliğ etməkdir.
Sonda iştirakçıların sualları cavablandırıldı.
LALƏ
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.5.