Üzeyir festivalının “Könül nəğmələri”
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir musiqi axşamı sentyabrın 25-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında gerçəkləşdi.
“Könül nəğmələri” adlı konsertdə solistlər Zaur Əmiraslanov, Səbinə Ərəbli, Nadir Qafarzadə, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli və Könül Məmmədlinin ifaları dinlənildi.
Gecədə həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Fantaziya”, Fikrət Əmirovun “Mən səni araram”, Tofiq Quliyevin “Məhəbbət çırağı”, “Kimsən sən”, Arif Məlikovun “Güllərim”, “Gəl bizim dağlara”, “Dənizdə ay çiməndə”, Rauf Hacıyevin “Bakı haqqında mahnı”, Vasif Adıgözəlovun “Gözləməsin neyləsin”, Oqtay Kazıminin “Dünya bir nəğmə idi”, “Qaytar eşqimi”, Tofiq Əhmədovun “Güldür məni”, Cahangir Məmmədovun “Köçəri quşlar”, Firəngiz Babayevanın “Könlüm”, Əziz Əzizlinin “İçərişəhər”, Telman Hacıyevin “Könlümün yadigarı” və Tofiq Hacıyevin “Leyla” mahnıları səsləndirildi. İfa olunan xalq mahnıları da tamaşaçıların alqışları ilə qarşılandı.
Konsertdə solistləri Vasif Axundovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edirdi.
NURƏDDİN
Mədəniyyət.- 2019.- 2
oktyabr.- S.7.