Cahana sığmayan dahi

 

Əbədiyyət və ədəbiyyat üfüqündə sönməyən günəş

 

 

Dörd gün ərzində onlarla tədbir – sərgi və təqdimatlar, teatr tamaşaları və konsert proqramları, ədəbi-bədii gecə və film nümayişi, mühazirə və görüşlərlə yadda qalan 2-ci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başa çatdı.

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində festivalın bağlanış qala-tamaşası olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Qala-tamaşada Azərbaycan incəsənət xadimlərinin – Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyanın nəzdində yaradılan qədim musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblının, eləcə də Türkiyə, İran, İordaniya və Mərakeşdən dəvət olunan musiqiçilərin, ABŞ-dan caz ifaçısı, pianoçu Dan Tepferin, xanəndə Elsevər Muradovun ifaları dinlənilib.

Eyni zamanda, bəstəkar Rəhilə Həsənovanın simfonik orkestr üçünUlduzlara laylay” əsəri, Ayaz Qəmbərlinin Nəsimi festivalı üçün bəstələdiyi “Mozaika” əsəri təqdim olunub.

Nəfis bədii və video tərtibatla zəngin olan qala-tamaşa müxtəlif mədəniyyətlərin və zamanların görüşünü canlandıraraq rəmzi olaraq şeir, incəsənət və mənəviyyat dünyasını təqdim edib.

Tamaşada, həmçinin dahi şair İmadəddin Nəsiminin müxtəlif yaşlardakı obrazı aktyorların təqdimatında canlandırılıb. Proqram ərzində İmadəddin Nəsiminin şeir dünyasının ümumbəşəriliyi, şairin müasir dövrlə səsləşən ruhu nümayiş olunub.

Xatırladaq ki, sentyabrın 28-də başlanan Nəsimi festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.

İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği, fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyan festival bu il şairin 650 illik yubileyi ilə bərabər daha böyük miqyas və təntənə qazanıb.

Festival günlərində Bakıda və şairin doğulduğu Şamaxıda təşkil olunan tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm edilib.

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.2.