Milli oyanış hərəkatının öncülü

 

 

Əhməd bəy Ağaoğlunun 150 illik yubiley gecəsi keçirildi

 

Bu il Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.

Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edərək milli oyanış hərəkatının öncüllərindən biri, vətənpərvər şəxsiyyət, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 aprel 2019-cu il tarixində Ə.Ağaoğlunun 150 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı oktyabrın 2-də Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirildi.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri, müxtəlif ölkələrdən gəlmiş alimlər, Əhməd bəy Ağaoğlunun nəslinin Türkiyədə yaşayan nümayəndələri iştirak edirdi. Qonaqlar əvvəlcə filarmoniyanın foyesində Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətini əks etdirən fotokitab sərgisi ilə tanış oldular.

Daha sonra ömür yoluna işıq salan “Millət fədaisi” adlı sənədli film nümayiş etdirildi. 30 dəqiqəlik ekran əsərində böyük şəxsiyyətin keşməkeşli və qürur dolu həyat və fəaliyyətindən geniş bəhs olunur.

Yubiley gecəsində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə vurğuladı ki, Ə.Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının sərəncamına uyğun olaraq müxtəlif elm, mədəniyyət ocaqlarında yubiley tədbirləri keçirilir.

Akademik bildirdi ki, Əhməd bəy daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tuturdu. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı. Ona qarşı aparılan kampaniyalar Əhməd bəyin əzmini qıra bilmədi. Ömrü boyu xalqımız üçün yazdı, yaratdı.

Azərbaycanın Macarıstandakı səfiri, Ə.Ağaoğlu irsinin tədqiqatçısı, professor Vilayət Quliyev böyük mütəfəkkirin həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından geniş danışdı. Diplomat həmçinin Əhməd bəyin yaradıcılığına və fəaliyyətinə yüksək qiymət vermiş tanınmış alimlərin fikirlərindən sitatlar gətirdi.

Ə.Ağaoğlunun adını daşıyan nəticəsi çıxış edərək Bakıda olmasından, bu tədbirdə iştirak etməsindən qürur duyduğunu bildirdi. Dedi ki, onda ulu babasına dair arxiv var: “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi bizdə yeni fikir yaratdı. Bakıda Əhməd bəyin muzeyini yaratmağı düşünürük. Muzey yarandıqdan sonra arxivi Bakıya gətirib muzeyə bağışlayacağam”.

Sonra tədbir bədii hissə ilə davam etdi.

Qeyd edək ki, 1869-cu ildə Şuşada dünyaya göz açan Ə.Ağaoğlu Fransada ali təhsil alıb. 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi” qəzetində məqalələr yazıb. O, həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini təsis edibredaktoru olub. Əhməd bəy 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçünDifai” (müdafiə) təşkilatını qurub. Ə.Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olub. Paris Sülh Konfransına ezam edilən Azərbaycan nümayəndə heyətinin tərkibində yer alıb. Cümhuriyyətin süqutundan sonra digər soydaşlarımız kimi bir daha vətənə qayıda bilməyib.

Ə.Ağaoğlu ikinciüçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə üzv seçildikdən sonra Mustafa Kamal Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub. 19 may 1939-cu ildə İstanbulda vəfat edib, Feriköy məzarlığında dəfn edilib.

Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əhməd bəy Ağayev (Ağaoğlu) Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 4 oktyabr.- S.1-2.