Fərqanə vilayətində Azərbaycan-Özbəkistan
dostluq gecəsi
Özbəkistana səfər edən Azərbaycan nümayəndə heyəti Fərqanə vilayətinin Kokand şəhərində olub. Nümayəndə heyəti “Şəxsiyyətlər parkı” və “Böyük şəxsiyyətlər” muzeyini ziyarət edib.
Şəhərdəki Musiqili teatrda Azərbaycan-Özbəkistan dostluq gecəsi keçirilib.
Gecədə Özbəkistan Yazıçılar İttifaqı Fərqanə şöbəsinin rəhbəri, şair Enaxon Suddikova, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva iki ölkə və xalqın dostluğundan bəhs ediblər.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov sentyabr ayında Kokand şəhərində keçirilən I Beynəlxalq Tətbiqi Sənət Festivalında ölkəmizin yüksək səviyyədə təmsil olunduğunu qeyd edib. O, Fərqanə vilayətinin Kokand və Riştan şəhərlərinin xalq sənətkarlığı ilə məşhur olduğunu deyib. Bildirib ki, AMM-in layihəsi üzrə ötən il Riştanla Azərbaycanın İsmayıllı şəhəri arasında “Qardaşlaşmış şəhərlər” haqqında sənəd imzalanıb.
Azərbaycanlı qonaqlara özbək mədəniyyətinə dair xatirə hədiyyələri təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Mədəniyyət.- 2019.- 4
oktyabr.- S.2.