El elə sığmaz, “El sənəti” İçərişəhərə
sığar...
Sentyabrın sonu, oktyabrın əvvəli Bakının dəyişkənliyinə alışdığımız havası bizi bir qədər də çaşdırır. Hava gün ərzində bir neçə dəfə isti yaydan sərin payızadək dəyişsə də, bu, paytaxtımızın mədəni həyatında coşan sənət rüzgarına heç təsir etmir...
Neçə gün idi ki, həmişə qonaq-qaralı olan İçərişəhər bu dəfə bir qədər fərqli işgüzar bayram büsatına bürünmüşdü. Hər zaman onun memarlıq incilərinə, meydanlarına çıxarılan milli dekorativ-tətbiqi sənət nümunələrinə əcnəbilər tamaşa edirsə, bu dəfə elə əcnəbilər də bizlərə qoşulub öz sənət hünərlərini göstərirlər. Baxanlar, seçənlər isə təkcə turistlər yox, həm də yerlilərdir.
Sentyabrın 28-dən oktyabrın 4-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (İRCİCA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı keçirildi.
Festivalın açılış məqamlarında Qoşa Qala qapısından içəri keçən, ya da Şirvanşahlar sarayı tərəfdən üzüaşağı enən hər kəsi milli musiqi alətlərimizin çalğısı düz ünvana tərəf aparırdı. Biz də musiqi səsi gələn tərəfə getmişdik...
Gözümüz ağ çadırlardakı sənətkarların əl işlərində qalsa da, musiqi bizi düz Qız qalasının həndəvərinə gətirmişdi. Yeri gəlmişkən, “El sənəti” festivalı və eyni zamanda gerçəkləşən “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” mövzusunda I Bakı Beynəlxalq Konqresi bu günlər bir-birini əvəzləyən sənət layihələri ilə bərabər, ölkəmizdə ikinci dəfə təşkil edilən Nəsimi festivalına daha bir töhfə oldu. 30 müsəlman ölkəsini təmsil edən 50-dən çox tətbiqi sənət ustası, alim və ekspert festival və konqresdə iştirak etdi.
Bakıya bəzək verən Qız qalası, Şirvanşahlar sarayı təkcə zövqün, yaradıcılığın, sənətin ən gözəl nümunələri deyil, Azərbaycan xalqı ilə yanaşı bütün dünyanın mədəni-tarixi irsidir. Əslində, İçərişəhəri unikal məkana çevirən abidələrin bir çoxu Nəsimi dövrünə aiddir.
***
Yenidən ağ çadırların sıralandığı meydandayıq. Girəcəyinin üstündə ölkələrin adları yazılmış çadırların doğurduğu assosiasiya o qədər çeşidlidir ki. Hətta bir anlığa adama elə gəlir ki, əlindən gözəl sənət əsəri çıxan, təxəyyülünün dediklərini əlləri ilə yaradan, yaratdıqlarına qəlbinin hərarəti ilə can verən sənətkarları Qorqud dədəmiz yaxından-uzaqdan haraylayaraq Oğuz yurduna toplayıbmış sanki.
Burada kimlər, nələr yox idi!... Sənədli filmlərdə gördüyümüz
müxtəlif xalqların
sənətkarlıq nümunələri
gözümüzün qarşısında
yaranır. Məsələn,
tacik usta çox incə tükcüklü fırça
ilə Şərq miniatürlərinin XXI əsrə
aid nümunəsini yaradır,
qırmızı libaslı
qırğız gözəli
isə rus və türk dillərində sərbəst
danışdığından milli keçə sənətinin Orta Asiyaya xas naxışları
ilə süslü nümunələri barədə
həvəslə məlumat
verir. Onun izahatından sonra
özünü bir anlığa müvəqqəti
çadırda deyil, qardaş xalqın milli yaşayış evi – yurtada hiss edirdin.
Fələstinli tikmə ustası xanım isə, deyəsən, dil baxımından ünsiyyət
çətinliyi olduğundan
lap çadırının ağzında sərgilədiyi
tikmələrin növbətisini
gözümüzün qarşısında
yaradırdı. Əslində, bu sayaq naxışsalma üsulu bütün dünyaya İtaliya sənətkarlarının
tanıtdığı barcello
tikmə üsuluna bənzəyir. Bənzəyiş olsa da, Fələstin
tikməsi barcello olmayıb, daha incə və daha qəliz tikişi ilə seçilir.
Bu tikmələr əfqan
xanımlarının dünyaya
tanıtdığı milçə
ilə hörgü üsulunu yadımıza saldı. Düşündük ki, yəqin Əfqanıstan çadırında
dünyanın əli
iş tutan xanımlarının bəyəndiyi,
məşhur geyim dizaynerlərinin poduimlara çıxardığı “əfqani
toxunuş”la nələrinsə
necə yarandığını
görmək şansımız
ola bilər.
Amma...
İngiliscəsi mükəmməl olan təmsilçi əfqan sənətkarlarının başqa
bir məharətini nümayiş etdirirdi. Hər biri istənilən üslublu interyerin bəzəyi olacaq gözəl biçimli quş, dağkeçisi fiqurları, şamdanlar, dekorativ qablar… Deyərsiniz ki, burda nə
var? Amma əgər həmin fiqurlar gümüşdən,
bürüncdən, misdən
xüsusi incəlik və tam oxşarlıq prinsipi ilə düzəldilibsə, onlara
Əfqanıstan ərazisində
bol tapılan firuzə, lazurit kimi qiymətli minerallardan bəzək ornamentləri vurulubsa, üstəlik, iş prosesində detalların dinamikası məharətlə
gözlənilibsə, nə
sözünüz?
Amma gördüklərimiz
qarşısında heyrətimiz
hələ qabaqdaymış. Sərgi
iştirakçısı olan
daha bir ölkə – Sudan çadırında
təbii dəridən
hazırlanmış, istər
işlək, istərsə
də, miniatür, çox xırda çanta modelləri var. Maraq üçün qiymətini soruşmaq istədiyimiz anda gözümüz çadırın
divarına vurulmuş
natural ölçülü piton və timsah dərilərinə sataşır
və… fikrimizdən vaz keçirik. Sadəcə, dərilərin
ölçüsünə baxaraq düşünürsən
ki, dərisi soyulan yazıq timsah bala imiş…
Növbəti təəssürat şokunu
(təbii ki, ilan dərisindən tikilmiş başmaqlar, firuzə qanadlı göyərçin qədər
olmasa da) İndoneziya çadırındakı
ustanın necə çalışmasını seyr
edərkən yaşayırıq…
Milli geyimli usta əvvəlcədən
tünd rəngli taxta çərçivəyə
salınmış açıq
rəngli taxta lövhənin üzərini
bizim misgərlər kimi incə iskənə və yüngül çəkiclə
necə döyəcləyirsə,
səthin üstündə
açıqdan tündədək
müxtəlif rəng
çalarlarında naxış
açılır.
Bu da kiçik, əsl hədiyyəlik ölçülü ipək
sapdan toxunmuş Misir xalçaları. Əslində, xalçaya bizim qədər yaxın olanlar üçün naxış baxımından
qeyri-adilik yoxdur.
Lakin xalçanın toxunuş texnikasının
mükəmməlliyinə söz ola
bilməz.
Əlcəzairli ustalar isə milli misgərlik sənəti nümunələri
ilə Bakıya gəlmişdilər. Amma məxsusi qəhvə
dəsti diqqəti daha çox cəlb edirdi. Düzdür, mis məcməyilər döymə
naxışları ilə
göz oxşasa da, rəngli şüşədən olan
çox kiçik, az qala üskük boyda olan stəkanlar tutumuna görə ilk baxışdan adamı təəccübləndirirdi. Ta Şimali Afrika ərəblərinin məişətinə
bələd insanların
ərəbsayağı qəhvə
içmək vərdişi
barədə dedikləri
yadına düşənədək:
“Onların hazırladığı
qəhvə o qədər
qatı olur ki, həmin qəhvəni içmək
yox, yemək lazım gəlir”. Doğrudan da, əgər ərəb qəhvəsi belə qatıdırsa, o zaman onu yalnız bapbalaca stəkanda içmək məsləhətdir...
Hər kəsdən
söz açıb özümüzdən danışmamaq
saymazlıq olar. Azərbaycan da
bir sıra ölkələr kimi bir neçə çadırda festivalda təmsil olunmuşdu.
Xalçadan virtaj boyalı şüşə
qablardan sırf Şəki bölgəsinə xas
təkəlduz tikmələrinə
qədər geniş çeşiddə dekorativ-tətbiqi
sənət nümunələrimiz
bolluca sərgilənirdi.
***
İşdir, əgər “El sənəti”
I Bakı Beynəlxalq
Ənənəvi Sənətkarlıq
Festivalı ilə maraqlanmaq, sərgidən nəsə almaq fürsətiniz olmasa, darılmayın. Bu festival birincidirsə, deməli, davamı olacaq. Növbəti festivaladək də
iştirakçı ölkələrə
yolunuz düşərsə,
həmin ölkədə
nə ilə maraqlanıb, nəyi alacağınızı indidən
bilmiş oldunuz.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 4
oktyabr.- S.1;5.