Gələcəyin xatirələri
Görkəmli teatr rejissoru Georgi Tovstonoqovun bir vaxtlar söylədiyi “Maskarad”, söz yox ki, yaxşı pyesdir, amma o, bu gün mənə aktual görünmür” sözlərini qeyd-şərtsiz qəbul etdiyim üçün təəssüf hissi keçirdim. Və bunun səbəbkarı Valeri Fokin oldu. Çünki onun rəhbərlik etdiyi teatrın səhnəsində qoyduğu Mixail Lermontovun sözügedən əsərinin tamaşası çoxları kimi məni də təəccübləndirdi; əvvəlki mövqeyimin mütləq nüfuz sahibi olan bir şəxsin əzəmətinin təsiri ilə yarandığının yanlışlığı mənə xəcalət hissi yaşatdı.
2017-ci ilin repertuarına daxil edilən
həmin tamaşa M.Lermontovun sözügedən pyesinin elə
bu teatrın səhnəsində oynanılmasının 100
illiyi münasibətilə hazırlanmışdı. Hər
halda bəlli olan və Rusiyanın teatr həyatında
dolaşan xəbərlərə görə, tamaşanın
həmin tarixi hadisəyə həsr edilməsi şübhəsiz
idi. Amma
burada tarixi, mistik, varislik, estetik mətləblər də
görmək olardı.
Hər şeydən əvvəl ona diqqət yetirək
ki, V.Fokin istər şəxsiyyəti, istər
yaradıcılığı, istərsə də
bütövlükdə fəaliyyət miqyası etibarilə
asan anlaşılan teatr xadimlərindən deyil, istedad və
intellekt baxımdan olduqca mənalıdır. Yəni onun təqdim etdiyi
bu işinin növbəti tamaşa olduğunu yalnız sadəlövh
adam düşünə bilər. Ən azı ona görə ki, çoxdandır
V.Fokinin quruluş verdiyi heç bir tamaşası növbəti
repertuar tamaşası kimi qəbul edilmir, hər dəfə
uğurlu mədəniyyət faktı sayılır. Amma
bu da var ki, “Maskarad” bütün mənalarda fərqlidir və
onun yeni səhnə təcəssümü həm bu
teatrın tarixinə, həm tamaşanın yüz il bundan əvvəlki müəllifinin şəxsiyyətinə
və sənət irsinə sonsuz ehtiramın bədii səhnə
təzahürüdür. Başqa sözlə
desək, V.Fokin və onun yaradıcı heyəti öz
teatrlarının tarixinə və sənət mirasına
sahib çıxmağın haqqını, eləcə də
qürurunu nümayiş etdirdilər.
Qeyd edilən
tarix və miras bundan ibarətdir ki, 1917-ci ildə “Maskarad”
tamaşası o zaman Aleksandrinsk, yaxud Rusiya cəmiyyətində
“İmperator teatrı” adlanan səhnədə qeyri-adi istedad
sahibi olan, ipə-sapa yatmayan yaradıcılıq iddiaları
ilə tanınan rejissor Vsevolod Meyerhold tərəfindən
hazırlanmışdı. O dövrün mürəkkəb
tarixi prosesləri, 1917-ci ilin fevral çevrilişinin gərginliyini
yaşayan Peterburq cəmiyyətinə Lermontovun pyesinin
tamaşasını təqdim etməyin özü
böyük hünər hesab edilirdi. Başqa bir önəmli
cəhət, o zaman və sonrakı onilliklər ərzində
təkcə rus və sovet teatrı üçün deyil,
dünya teatr mədəniyyəti, konkret olaraq rejissor sənəti
üçün fövqəladə əhəmiyyət kəsb
edən, prinsipcə yeni teatr fəlsəfəsinin yaranması
ilə bağlı idi ki, illər keçdikcə daha da
cilalanan, daha geniş tanınma miqyası qazanan həmin
mirasın əsl sahibi V.Fokinin rəhbərlik etdiyi teatr hesab
edilir. Məhz bu teatrda uzun illərdir ki,
“Meyerhold Mərkəzi” fəaliyyət göstərir və bu
mərkəzdə Meyerholdun sənət irsi öyrənilir, tətbiqi
üsulları təkmilləşdirilir. Odur
ki, teatrın yüz ildən sonra “Maskarad” pyesinə yenidən
müraciət etməsi tamamilə təbiidir. Amma burada
bir qədər usta yanaşma faktı diqqət çəkir.
Məsələn, tamaşanın adının “Maskarad”, elə
altındaca “gələcəyin xatirələri” kimi
yazılmasının özü istər teatral, istərsə
də ilk dəfə əlinə proqramı alan
tamaşaçının marağını
alovlandırır. Keçmişin xatirələri
bəlli məntiqə söykənir və bu səbəbdən
adi qəbul edilir. Bəs gələcəyin, yəni hələ
yaşanmayan məqamların xatirələri necə ola bilər?! Sən demə, ola
bilərmiş və V.Fokin çoxlarının ağlına
gəlməyən sadə, amma bədii həqiqətlə
bunu sübut edir. Əslində, sübut
sözü burada heç yerinə düşmür,
çünki V.Fokin buna bir o qədər də cəhd etmir.
Belə görünür ki, o öz niyyətini
bəyan edir, inanmaq, ya inanmamaq, qəbul etmək, yaxud opponent
mövqeyində durmaq tamaşaçının öz
işidir. Mühüm olan odur ki, V.Fokin
“Maskarad”ı gələcəyin xatirələri kimi
görür, tamaşaçının da onu belə görməsi
üçün imkan yaradır.
Rejissor həmçinin bu tamaşanın Lermontovun
dramı və Meyerholdun 1917-ci ildəki tamaşası əsasında
hazırlandığını qeyd etməyi də lazım
bilir. Bəlkə elə biz də bu tamaşa ilə
bağlı mülahizələrimizə Meyerholdun 1917-ci ildə
hazırladığı tamaşa ilə təəssüratlardan
başlayaq? Üstündən yüz ildən
artıq bir zaman, “əsrə bərabər gün” keçməsinə
baxmayaraq, unudulmayan həmin “Maskarad”, görəsən, nə
ilə əlamətdar olmuşdur?
Bu barədə çox yazılıb, həm də
bir-birinə zidd olan müxtəlif mövqelərin,
baxışların məhsulu kimi mətbuata və teatr aləminə
yol tapan həmin fikirləri bir kənara qoyub, əsas məsələləri
nəzərdən keçirmək yəqin ki, daha faydalı
olar.
1917-ci
ilin fevral ayında həmin bu teatrın, bayaq qeyd etdiyimiz kimi, adına bəzən “İmperator teatrı”
deyilən Aleksandrinsk teatrının pərdələri
“Maskarad” tamaşasının nümayişi üçün
açıldı. Bəzi yazılarda
tamaşanın məşhur aktyor Y.Yuryevin benefist
üçün, bəzilərində isə Lermontovun 100
illik yubileyi münasibətilə hazırlandığı
bildirilirdi. Bunlar dəqiqləşdirilməsi gərəkən
mətləblər olsa da, bizim üçün önəmli
olan başqa faktlar var. Belə ki, Meyerholdun “Maskarad” üzərində
1908-ci ildən 1917-ci ilə qədər zaman sərf etməsi,
bundan 6 ili təkcə aktyorlarla işə ayırması, rəssam
A.Qolovinlə, bəstəkar A.Qlazunovla bərabər möhtəşəm
bir səhnə məhsulunu ərsəyə gətirməsi
daha dəyərlidir.
Üç
yüz min qızıl pul vəsaiti hesabına hazırlanan bu
tamaşanın səhnə mizanlarını Meyerhold əvvəlcə
kağız üzərində çəkmiş, onun tərtibat
xüsusiyyətlərinin ideya-funksional əhəmiyyəti barədə
A.Qolovinlə uzun söhbətlər etmiş, burada istər rəssamı,
istərsə də bəstəkarı səhnədə bədii
oyun mühitini yaratmağa yönəltmişdir. Müəllifin
dörd pərdəyə böldüyü pyes konseptual yozuma
uyğun olaraq beş hissəyə
ayrılmış və rəssam tərəfindən hər
bir hissə üçün ayrıca əlvan bəzəkli pərdələr
hazırlanmışdı. Rejissorun niyyətinə
görə, tamaşanın atmosferi rəmzi-mistik olmaqla
kübar cəmiyyətin maskarad hərc-mərcliyindəki
kaleydoskopik münasibətlərini aşkarlamalı idi. Bəstəkar A.Qlazunovun tamaşaya
yazdığı musiqi həmin maskarad mühitinin dəyişən
ovqatını gah mazurka, gah kadril rəqslərinin
şövqündə kübarlığın əxlaqi-mənəvi
aləminin səhnə vasitələri ilə səhnə-səhnə
açılmasına xidmət edirdi. Bu zaman tamaşanın
sinkretikliyi - rəqs, oxuma, pantomim, dramaturji və s. bədii
yaradıcılıq elementləri rejissorun fikrinə işləyirdi.
Heç şübhə yoxdur ki, yuxarıda qeyd etdiyimiz
kimi adı Meyerholdla yanaşı çəkilən (və bu
tamaşanın Aleksandrinsk teatrında hazırlanmasının
səbəbkarı olan) A.Qolovinin tərtibat işi təsəvvür
edilməyəcək dərəcədə mürəkkəb
olmuşdur.
Hər an sancmağa hazır olan arıların pətəyini
xatırladan maskalılar yığnağı, təbiidir ki,
kütləvi səhnənin iştirakçı
çoxluğunu tələb edirdi və Meyerhold rəssamla
apardığı iş prosesində buna xüsusi diqqət
ayırmağı tapşırırdı. Odur
ki, tamaşanın baş qəhrəmanlarından başqa
daha iki yüz iştirakçı üçün geyim eskizləri
hazırlamaq, həmin eskizlərin içərisindən ən
uyğun olanları seçmək və həmin geyimləri
dövrün dəblərinə müvafiq şəkildə
süsləndirib tikilməsi sadə məsələ deyildi.
Bura onu da əlavə edək ki, müxtəlif xalqlara məxsus
səhnə obrazlarının içərisində
Del`Arte komediyasından tanıdığımız
Pulçinella, Pyero, Kolombino, həmçinin qoca cadugər,
qozbel təlxək Nurraddin və b. geyimləri A.Qolovinin tərtibat
həllində özünəməxsus koloriti ilə
seçilirdi.
Ən əsası Meyerholdun quruluşundakı
“Maskarad” rəssamla qibtəedici yaradıcılıq əməkdaşlığının
uğurlu nəticəsi kimi də dəyərli bir səhnə
işi idi.
Bu yerdə başqa bir tarixi-mədəni faktı da
xatırlayaq ki, Meyerholdun “Maskarad” tamaşasının
ömrü onun öz ömründən çox olsa da,
sonralar bəzi dəyişikliklərə əlavə və
ixtisarlara məruz qalmış, teatr tədqiqatçılarının
rəyinə görə, nəticə əsərin və
tamaşanın zərərinə olmuşdur. Təkcə onu qeyd etmək
kifayətdir ki, 1941-ci ildə, yəni Meyerholdun faciəli
ölümündən sonra tamaşanın rejissor P.Petrov tərəfindən
bərpası zamanı kütləvi maskarad səhnəsindəki
iştirakçıların sayı minimuma endirilərək
kiçik pantomima səhnələri kimi təqdim edilmiş, əsas
qəhrəmanlardan biri olan Arbenin obrazının ifası isə
tanınmaz dərəcədə sadələşdirilmişdir.
Bu isə nə az, nə çox,
Meyerholdun əfsanəvi tamaşasının bir zamanlar
yaratdığı parlaq təəssüratların üzərinə
kölgə salmaq cəhdinə bənzəyirdi. Halbuki həmin tamaşanı seyr edənlərin
böyük bir qismi hələ həyatda idilər və
onların estetik yaşantıları hələ də xatirələrdə
idi.
Bizim nəslə öyrədilən tarix dərslərində
Fevral burjua inqilabı kimi adlandırılan çevriliş ərəfəsində
baş tutan həmin tamaşa o zaman qeyri-adi quruluşları,
başgicəlləndirən ideyaları, teatr islahatları ilə
cəmiyyətdə birmənalı qarşılanmayan rejissor
Meyerholdun arzusunda olduğu Aleksandrinsk səhnəsində
quruluş verdiyi “Maskarad”ı əsl sənət inqilabı
hesab etmək olar.
Meyerholdun
niyə məhz 26 yaşlı Lermontovun yazdığı
“Maskarad” dramını seçməsi də müxtəlif
suallar doğurur, çünki süjeti sadəlövh
qarşıdurma və anlaşılmazlıq üzərində
qurulan bu pyes onun əvvəlki tamaşalarının ədəbi
məzmunu və ideya tutumu baxımdan xeyli fərqli idi. Və əsas konfliktin qısqanclıqla bağlı
inkişaf xətti də bir qədər sadə təsir
bağışlayırdı. Digər tərəfdən,
əsərlərində ciddi dramatizm elementləri mövcud olsa
da, öz zəmanəsində belə Lermontovu dramaturq hesab edənlərin
sayı olduqca azdır. Amma görünən
budur ki, Meyerhold həmin pyesdə gördüyünün izi
ilə getməkdə haqlı imiş.
Maraqlıdır ki, “Maskarad” Meyerholdun M.Fedotova və
V.Komissarjevskaya ilə baş tutmayan yaradıcılıq əməkdaşlığından
sonra haqqında ən çox danışılan
tamaşası idi. O da maraqlıdır ki, Peterburq teatr həyatında həmin
tamaşanın müəllifi Meyerhold ilə bərabər
onun səhnə tərtibatını vermiş A.Qolovinin də
adı çəkilirdi. Və bu, üzəvarı
nəzakət xatirinə deyildi. Çünki
o dövrün şahidlərinin söylədiklərinə
görə, “Maskarad”ın bədii ideyasının parlaq ifadəsi
və Meyerholdun rejissor işini vizual olaraq ətə-qana gətirən
səbəblərdən başlıcası məhz rəssam
A.Qolovinin tərtibatı olmuşdu. Doğrudur, V.Fokinin tamaşasında
arxa planda təmtəraqla işlənmiş asqı dekor,
muzeylərə məxsus antikvar mebel, öz zəngin möhtəşəmliyi
ilə boş səhnə məkanını dolduran beş müxtəlif pərdə olmasa da, qəribədir
ki, burada mübhəm Meyerhold ruhu hiss olunurdu.
1917-ci ilin tamaşasındakı ədəbi səhnə
mətninin fraqmentlərinin tarixi-sənədli
rekonstruksiyası (sənətşünaslıq doktoru
A.Çepurovun iştirakı ilə) aparılmış,
A.Qlazunovun musiqisinə əlavə olaraq M.Qlinkanın
“Vals-fantaziya” əsəri daxil edilmişdir. Teatrın təqdim
etdiyi kimi, Meyerholdun “Maskarad” tamaşasının vizual
obrazlarının, eləcə də quruluş prinsiplərinin,
səhnə mizanlarının motivlərindən istifadə
edilərək onun səhnəqrafik, musiqili-ritmik xüsusiyyətləri
tam dəqiqliklə bərpa edilmişdir.
Gördüyümüz tamaşanın səhnəqrafiya
müəllifi S.Pastux rejissor V.Fokinin konseptual ideya-estetik həllinə,
bugünkü Aleksandrinsk teatrının texniki səhnə
imkanlarına müvafiq olan, çağdaş bədii dizayn
elementlərinə daha çox diqqət vermişdir. Belə ki, Meyerholdun məşhur
tamaşasındakı ön planın sağ tərəfində
Arbeninin evinin guşəsi üçün yer
ayırmasından başqa, demək olar ki, bütün səhnə
ərazisi bəzi detalları əlavə edilməklə,
müxtəlif oyun meydanı üçün nəzərdə
tutmuşdur. Amma rəssam ön tərəfdən səhnənin
dərinliyinə qədər olan tədricən yüksələn
ərazidə bir neçə şüşə “stəkan-vitrin”
üçün yer qoymuş, beləliklə ayrı-ayrı
səhnələrin, əsasən maskarad ovqatının hər
tərəfi çulğalayan fantasmaqorik mühitinin ideya-bədii
təsiri, eləcə də aktyor ifası üçün əlverişli
oyun imkanı yaratmışdır. Bu isə
özlüyündə o qənaətə gətirir ki, istər
əvvəlki tamaşanın rəssamı A.Qolovin, istərsə
də indikinin rəssamı S.Pastux başlıca olaraq
Meyerholdun rejissor poetikasına müvafiqliyi, metaforik
obrazlılıq estetikasının səhnə prinsiplərini
əsas tutmuşlar. Ən dəyərli sayılacaq məqam budur
ki, istər V.Fokin, istərsə də S.Pastux bir zaman
oynanılan tamaşanın (nə qədər ehtiram bəsləsələr
də) muzey ekspozisiyası kimi bərpasını yox, onun
yüz ildən sonrakı gerçəkliyin yetişdirdiyi
auditoriya üçün estetik enerji zənginliyini təlqin
etmək niyyəti ilə çalışmışdır. Başqa sözlə desək, Meyerholda xas olanın
V.Fokinə yad yox, doğma olduğu qənaəti
gördüyümüz tamaşanın təlqin etdiyi ən
önəmli fakt hesab edilə bilər. Belə
ki, hər iki rejissora xas olan, onları doğmalaşdıran,
sələf və varis münasibətlərini dəyərli
edən budur ki, onlar səhnə reallığında zaman-məkan-hərəkət
ölçülərini səhnə
yaradıcılığı üçün başlıca
meyar kimi qəbul edirlər.
Tamaşanın ekspozisiyasında qatar relslərinin taqqıltı səsləri fonunda ekssentrik oyun tərzində müxtəlif maskaların səhnədə görünməsi, “təəssüf ki, gecdir”, nidalarının pıçıltılardan başlayıb, bağırtılara qədər artması gələcəklə bağlı M.Bulqakovun “Ustad və Marqarita”sındakı “Anna artıq yağı dağıdıb” işarəsinə bənzər sonrakı hadisələrin determinizmi ehtiva edən qorxulu düşüncələrə yol açır. Rejissor qeyd etdiyim bədii eyhamlarla sanki öz auditoriyasını gələcək hadisələrə hazırlayır. Amma bu da var ki, biri digərinin ardınca davam edən hadisələr zəncirində o həm Meyerholdun məşhur tamaşasının 100 il bundan əvvəlki estetik ovqatını yaratmaqla həmin səhnə əsərinin rekonstruksiyası işini görməli, həm də günün “Maskaradı”nı təqdim etməlidir. Bu isə, razılaşaq ki, olduqca mürəkkəb işdir. Ən azı ona görə ki, nə Rusiya 100 il əvvəlki Rusiyadır, nə o özü Meyerholddur, nə S.Pastux A.Qolovindir, nə baş rolun ifaçısı P.Semak Y.Yuryevdir, nə bu gün bilet əldə etməyinin özündə məmnunluq hissi keçirib, salonda öz yerini tutan tamaşaçı o dövrün tamaşaçısıdır. Qısası, şairanə desək, “dəmlər o dəmlər” deyil. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə, “Maskarad”ın Aleksandrinsk teatrındakı əvvəlki iki tamaşasının hazırlanması tarixi az qala mistik təəssürat oyadır. Yəni, bu əsərin ilk tamaşası Lermontovun 100 illiyi münasibətilə, yəni 1914-cü ildə oynanılmalı idi, amma həmin ildə Birinci Dünya müharibəsinin başlanması səbəbilə işlər təxirə düşdü. 1917-ci ilin fevralında oynanılan “Maskarad” tamaşası dövlət çevrilişi – rus çarının taxt-tacdan imtinası ilə bir vaxta düşdü. Həmin tamaşanın Meyerholdun ölümündən sonra bərpa edilib oynanıldığı 1941-ci ildə isə İkinci Dünya müharibəsi başladı. Göründüyü kimi, faktları tutuşdursaq, bəzi “təsadüfi” tarixi hadisələrin üst-üstə düşdüyü üzərində düşünməli oluruq. Yəni adına mistika deyilən nəsnə bu deyilsə, nədir?! Yox, əgər burada elmi izahı olmayan hansısa neqativ enerjinin cövlan etdiyi faktı mövcuddursa, nə əcəb V.Fokin bundan ehtiyatlanmayıb? Yuxarıdakı mətləblərlə bağlı bir söz deyə bilməsək də, məhz V.Fokinin ehtiyatlanmadığı açıq-aşkardır.
O, pyesin müəllifinin epizodik surət kimi nəzərdə tutduğu “naməlum şəxs”dən bütün tamaşa boyu enerji daşıyıcısı kimi istifadə edir və bu, bütövlükdə rejissorun “ali məqsəd”inə uğurla “işləyir”. V.Fokin eklektikadan çəkinmir, Del`Arte estetikasından, qroteskdən, buffonadadan, eksentrikadan və pantomimdən yerli-yerində və ustalıqla bəhrələnir. Bu zaman biz dramatik aktyorların məharətli vokal və xoreoqrafiya imkanlarının nümayişinin şahidi oluruq. Meyerholdun heyrətamiz rejissor fəndgirliyi çoxmənalı və mürəkkəb səhnə mizanlarında ifadə tapırdısa, V.Fokin də istər ayrı-ayrı bədii parçaların, gəlişlərin səhnə həllində, istərsə də tamaşanın estetik arxitektonikasında, impulsiv energetikasında öz sələfinin yaradıcılıq niyyətilə səsləşməyə cəhd edir. Doğrudur, onun bu cəhdləri bəzən özünü doğrultmur. Rejissor Arbenin obrazının ifaçısı Pyotr Semakın səhnəyə ilk gəlişində həmin obrazın əvvəlki ifaçısı Yuri Yuryevə pozalarında belə bənzəməsini istəsə də, bu, ifaçının tamaşanın ümumi estetik təbiətinə yadlaşdırır, bütövlükdə aktyorun oyun tərzini bəsitləşdirir. Belə ki, onun tərəf-müqabilləri ilə etüd və dialoq ünsiyyətində anlaşılmaz üslub fərqi ortaya çıxır. Bəlkə buna görədir ki, tamaşanın ilk səhnələri bir qədər darıxdırıcı təsir bağışlayır. Amma səhnələr dəyişdikcə, səhnə məkanı müstəvisində rəssam S.Pastuxun uğurlu tərtibatı ilə qurulmuş altdan işıqlandırılan damalı podium üzərində yeri gəldikcə zəmin qatdan qalxıb enən şüşə stəkan-vitrinlərin içərisindən çıxan iştirakçıların oyun temporitmi sayəsində yaranan estetik harmoniya canlı səhnə həyatı yaradır. Bu maskalı adamların müxtəlif maskaları altında gizlədilmiş eybəcər ehtiraslar, iyrənc şəhvətli, kübarlıq qılafında xəyanətlər, böhtanlar, riyakar düşkünlük ekssentrik oyun ritmində, cəmiyyətin mənəvi ovqatı ilə ahəngdarlıq nümunəsi kimi təqdim edilir. Burada müxtəlif təbəqələrin və tiplərin təbiətini ifadə edən maskaları bu və ya digər əməlləri ilə özünüifşanı tezləşdirsələr də, V.Fokin həmin maskaları yırtmağa, faciələr törədən səbəbləri auditoriyaya çatdırmağa tələsir.
Maraqlıdır ki, maskarada bütün ölkənin mövcud həyatını şamil edən rejissor onun, hətta Ninanın ölümündən sonra belə bitmədiyini eyhamlayır. Yəni o yasın belə maskarada mane olmadığını və öz auditoriyasını bu maskaradın nə vaxt bitəcəyi barədə düşünməyə çağırır. Onun bitməsini istəyənlər və istəməyənlər var. Bu zaman ikincilər maskaradın bitməsilə maskaların çıxarılması labüdlüyünün əndişəsini yaşayırlar. Bu halın özünün ekzistensional mahiyyəti tamaşanın konfliktində ehtiva olunur və rejissor müxtəlif səhnə vasitələri ilə estetik-oyun adekvatlığına nail olur.
V.Fokin “Maskarad” pyesinin səhnə
zamanı etibarilə 2 saat çəkən bu yeni
tamaşasında Meyerholdun ölməz yaradıcılıq
ruhunu, bədii-fəlsəfi vurğularla zəngin oyun
partiturasını bədii muzey faktı kimi yox, kifayət qədər
canlı və təsirli mədəniyyət hadisəsi kimi təqdim
etməyə nail olmuşdur. İrəli,
Meyerholda tərəf uğurlu istiqamət götürən
V.Fokin öz zamanına və olduğu məkana, həmçinin
istər sadəcə insana, istərsə də
yaradıcılıq əməllərinə intellektual nəzərlərlə
o məsafədən baxır, nəyin dəyərli, nəyin
dəyərsiz, nəyin mənalı, nəyin mənasız
olduğu həqiqətini Konfutsisayağı
düşünüb, gələcəyin xatirələrini
öz müasirləri ilə bölüşür.
İsrafil İSRAFİLOV
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə elmlər doktoru, professor
Mədəniyyət.- 2019.- 4
oktyabr.- S.6.