“Ədəbiyyata bir həyat
fənni kimi baxmışam”
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd edildi
Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Filarmoniyanın foyesində yazıçının həyat və yaradıcılıq yolunu əks etdirən foto və kitab sərgisi təşkil olunmuşdu.
Bütün ömrünü paytaxt Bakıdan uzaqda - qədim Naxçıvanda yaşamış yazıçı 89 il (1919-2008) ömür yaşamış, uzun ömrünün 65 ilini yazıb-yaratmağa həsr etmişdi.
Yubiley gecəsində Mədəniyyət naziri Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət, ədəbiyyat, elm xadimləri iştirak edirdi.
Hüseyn İbrahimov 1919-cu il mayın 23-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1944-cü ildə ilk şeiri “Ədəbiyyat qəzeti”ndə dərc olunub. Sonralar öz qələmini nəsrdə sınayan Hüseyn İbrahimov beş povest, beş roman, üç dram əsəri, yüzdən artıq hekayə və novellanın müəllifi kimi Azərbaycan ədəbiyyat tarixinə öz adını yazır. Hüseyn İbrahimov “Ədəbiyyat milli sərvətdir” məqaləsində yazırdı: “Yaradıcılığa başladığım gündən ədəbiyyata bir həyat fənni kimi baxmışam. Fikirləşmişəm ki, ədəbiyyatı təkcə şagirdlər, tələbələr, ziyalılar deyil, bütün xalq, millət oxuyur, öyrənir”...
Yubiley mərasimində çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev görkəmli yazıçının həyat və yaradıcılığı barədə söz açmazdan öncə ədibin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin 18 may 2019-cu il tarixli sərəncamından bu sözləri diqqətə çatdırdı: “Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır”.
Vurğulandı ki, Hüseyn İbrahimovun əsərləri ədəbiyyatımızda öz layiqli yerini tutub və geniş oxucu kütləsi qazanıb.
Azərbaycan Prezidentinin milli ədəbiyyatın, bütövlükdə mədəniyyətimizin təbliğinə və inkişafına böyük diqqət və ehtiramla yanaşdığını qeyd edən Vaqif Əliyev diqqətə çatdırdı ki, dövlət başçısı 2019-cu ildə Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, İsmayıl Şıxlı kimi görkəmli ədiblərin yubileylərinin qeyd edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
Vaqif Əliyev bildirdi ki, qeyd olunan sərəncamların icrası ilə bağlı təşkil olunan silsilə mərasimlər, “Nəsimi ili” ilə əlaqədar keçirilən çoxsaylı ədəbi tədbirlər ümumilikdə 2019-cu ili ədəbiyyat ili kimi yaddaşlara həkk edəcək. Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi də ölkə başçısının müvafiq sərəncamı əsasında ölkəmizdə geniş qeyd olunmaqdadır.
Vurğulandı ki, Hüseyn İbrahimovun yaradıcılıq fəaliyyəti janr, üslub, mövzu və müxtəlif xarakterli obrazların yaradılması baxımından olduqca zəngindir. Onun əsərlərində bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla öz təcəssümünü tapıb: “Təsadüfi deyildir ki, ədibin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayan, tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən hər zaman rəğbətlə qarşılanmışdır. Xalq yazıçısının “Günəş doğan yerdə”, “Sabahın sorağında”, “Bahar yağışı”, “Əsrin onda biri”, “Böhtan” romanları, “Baharın hekayəsi”, “Qu quşları öləndə oxuyurlar”, “Göyərçinin məhəbbəti”, “Ürək səhv edəndə”, “Ölməz mahnılar” povestləri bu gün də öz aktuallığını qorumaqdadır”.
Qeyd olundu ki, Hüseyn İbrahimovun Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilən “İtirilən sağlıq”, “Torpağın övladları” pyesləri həmişə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Hüseyn İbrahimov nəsrimizə ilk dəfə olaraq Azərbaycan romantizminin banilərindən olan Hüseyn Cavidin bədii obrazını ədəbiyyata gətirib. “Böhtan” əsəri Azərbaycan tarixi romanının dəyərli nümunəsi, eyni zamanda Hüseyn Cavid haqqında ilk roman kimi də qiymətləndirilir.
Hüseyn İbrahimov yaradıcılıq fəaliyyəti ilə yanaşı Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialının (1954-1960 və 1980-1997), 1997-2007-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri kimi Naxçıvanda ədəbi mühitin formalaşmasında əvəzsiz xidmətlər göstərib.
Vaqif Əliyev bildirdi ki, Xalq yazıçısı Hüseyn İbrahimovun həyatında, tərcümeyi-halında, taleyində dövlətçilik fəaliyyəti xüsusi yer tutur. O, XX əsr Azərbaycan ədəbi-ictimai fikir tarixində dövlətçilik fəaliyyəti ilə yazıçılıq işini məharətlə uzlaşdırmağı bacaran sənətkarlardandır. Hüseyn İbrahimovun Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib. Sənətkarın yaradıcılığına daim böyük dəyər verən ümummilli lider Heydər Əliyev tərəfindən Hüseyn İbrahimov “Şöhrət” ordeni ilə təltif edilmiş, “Xalq yazıçısı” fəxri adı və Prezidentin fərdi təqaüdünə layiq görülmüşdü: “Hüseyn İbrahimovun ziyalı və şəxsiyyət ömrü bir örnəkdir. Onun yaratdığı dərin və unudulmaz məna daşıyan əsərləri bu gün də oxuculara, tamaşaçılara zövq və ruh verməkdə davam edir”.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bildirdi ki, Hüseyn İbrahimov gözəl hekayələr, romanlar müəllifi, həmçinin böyük Hüseyn Cavidin bədii obrazını canlandıran yazıçı kimi ədəbiyyat tariximizdə qalıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Hüseyn İbrahimovu milli ədəbiyyatda ötən əsrin əllinci illər nəslinin görkəmli nümayəndəsi kimi səciyyələndirdi. Bildirdi ki, Hüseyn İbrahimov sadə insanların obrazlarını səmimi çalarlarla ədəbiyyata gətirən yazıçı olub. İstehsalat romanları dəbdə olduğu zaman sevgi, məişət romanlarını yazan, sevilən yazıçılardan biri də məhz Hüseyn İbrahimov olub. XII əsrdə yaşamış böyük memar Əcəmi Naxçıvani haqqında “Əsrin onda biri” tarixi romanı üzərində işləyərkən qəhrəmanının yaşadığı dövrü öyrənmiş, mükəmməl nəsr əsəri ortaya qoymuşdu.
***
Çıxışlardan sonra tədbir Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının çıxışı ilə davam etdi. Naxçıvana həsr olunmuş mahnılar bu axşam bütün yaradıcılığını doğma yurda həsr etmiş yazıçının xatirəsinə ünvanlanmışdı. Musiqi nömrələrinin arasında yubilyarın yadigar lentləri, həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət slayd-şou nümayiş etdirildi, aktyorlar Hüseyn İbrahimovun şeirlərini ifa etdilər. “Böhtan” romanından parça aktyorların ifasında tamaşaçılara çatdırıldı.
***
Bir zamanlar akademik Məmməd Arif yazırdı: “Hüseyn İbrahimovun müsbət qəhrəman uğrunda axtarışları, mənəvi intellektual keyfiyyətlərə malik surətlər yaratmaq təşəbbüsü qiymətlidir. Yazıçı səmimiyyətlə təsvir etdiyi təmiz vicdanlı qəhrəmanları oxucuya sevdirə bilir”.
Gülcahan MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.1;3.