Hər rəngin öz ritmi var...
Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” sərgisindən düşüncələr
Muzey Mərkəzinin
sərgi qalereyasında
həmin gün (4 oktyabr) başqa bir ab-hava hökm
sürürdü. Sərginin başlamasına
yarım saatdan da çox vaxt
qalmasına baxmayaraq, gəncdən ahıla, tələbədən müəllimədək
çoxlu sayda sənətsevər zalı
doldurmuşdu. Demək,
müəllifin yaradıcılığı
və rənglər dünyası hər yaşa aid insanlar üçün maraqlıdır...
Rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı sərgisinin açılış nitqini
Mədəniyyət Nazirliyinin
Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov edir. O, qonaqları nazir
Əbülfəs Qarayevin
adından salamladıqdan
sonra rəssamın yaradıcılığı ilə
bağlı fikirlərini
bölüşür.
Bildirir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) birgə təşkilatçılığı
ilə reallaşan sərgidə yer alan əsərlərin
əksəriyyəti son iki
il ərzində ərsəyə gəlib və caz musiqisinə
həsr olunub. Sərginin konsepsiyası özündə
geniş caz obrazlarının qalereyasını
əks etdirir və dünyaca məşhur musiqi janrına Azərbaycanın
verdiyi töhfələri
nümayiş etdirir.
Bildirilir ki, rəssamın ifaçı və bəstəkarların portretlərindən
şlyager-mahnılara həsr
olunmuş rəsmlərədək
bədii dillə bizə çatdırdığı
bütün yaradıcılıq
nümunələrində musiqi
mövzusu xüsusi yer tutur. Musiqiyə xas
olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl
ifadə edir.
Diqqətə çatdırıldı ki, Vüqar Əli Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbində
və M.Əliyev adına İncəsənət
İnstitutunda (indiki
ADMİU) təhsil alıb.
Hazırda Mədəniyyət və İncəsənət
Universitetində müəllim
kimi çalışaraq
gənc nəslin yetişməsində yaxından
iştirak edir. 1990-cı illərdən başlayaraq dizayn, səhnə tərtibatı,
qrafika sahələrində
fəaliyyət göstərir.
Mədəniyyət və İncəsənət Universitetinin
rektoru, professor Ceyran Mahmudova çıxışı
zamanı diqqətə
çatdırdı ki,
Vüqar Əli həm rəssam, həm də pedaqoq kimi özünü
realizə edə bilən peşəkarlardandır.
O, bilik və təcrübəsini sevərək
bölüşür. Xalq rəssamları
Arif Əziz, Ağaəli İbrahimov və sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Dilarə Vahabova rəssamın yaradıcılığının özünəməxsusluğundan söz açdılar.
Çıxışlardan sonra rəssam sərginin təşkilatçılarına
və sənətini dəyərləndirib gələn
hər bir qonağa təşəkkür
etdi.
***
Tədbir zamanı rəssamla qısa söhbət etmək imkanımız oldu.
- İki il
əvvəl Bakı Caz Festivalı ilə bağlı sərginiz keçirilmişdi.
Bu sərgini həmin
silsilədən hesab etmək olarmı?
- Mən çoxdan xəyallarımda qurduğum
caz dünyasını
kətan üzərinə
köçürmək istəyirdim.
Elə
ilk fürsətdən bu
istəyimi reallaşdırmağa
qərar verdim və bu silsilədən
25 rəsm çəkdim.
Ekspozisiya yaratmağa başlamazdan
əvvəl janr, stilistika haqqında düşünür və
gələcək əsərlərə
kompozisiya həlli axtarırdım. Rəsmlər, silsilə bir-birini
tamamlamalı idi.
Bəli,
bu sərgini birinci sərginin davamı adlandıra bilərik.
- Bu dəfə caza həsr edilən neçə əsərlə
tanış olacağıq?
- Bu sərgidə 33 yeni əsərim təqdim olunur. Bu əsərlərdə
həm yerli, həm də dünya cazının korifey və gənc nəslinin nümayəndələrini görə
biləcəksiniz.
- Sərgi “Rənglərin ritmi” adlanır. Ritm sizin üçün nəyi ifadə edir?
- Həyat özü ritmlərdən ibarətdir.
Sakitliyin
özündə belə
bir ritm var.
- Bəs hansı ritmlər sizə daha yaxındır. Təkcə cazmı?
- Əlbəttə, caz
ritmləri ruhuma daha yaxındır. Lakin əsərlərimdə
hər rəngin öz ritmi var. Bu ritmlərdə xalq musiqimiz, klassika, muğamlarımız da
var.
- Bu müxtəliflikdə rəssamın
rənglər palitrasında
qeyb olmaq qorxusu yoxdur ki?
- Düzü, ritmlər müxtəlif olur. Çılğın, dinamik, statik.
Bu ritmləri duyduqca
hiss edirsən ki, insan özü də kainatın bir zərrəsidir. Yəni insan da elə
ritmdir.
- Sərgi iştirakçılarına
nə vəd edirsiniz?
- Bu gün sadəcə rənglərdə tapdığım
musiqini təqdim edirəm. Sərgidə 71 əsər nümayiş
olunur. İnanıram ki, bəyəniləcək
və bu ritmlər tamaşaçıya
pozitiv əhval ötürəcək.
***
Vüqar Əlinin rənglərinin
ritmində başqa bir dinamika var. Bu ritmlər gah keçmişi, gah da gələcəyi, gah qışı, gah da yazı
xatırladır. Payızın əsrarəngiz ritmi
isə valehedicidir.
Əlvan rənglər,
bu rəngləri səpələyən dəlisov
xəzri...
Milli və xarici cazmenlər - Rafiq Babayev, Vaqif və Əzizə Mustafazadələr, Emma Fitscerald,
Lui Armstrong, Pərviz Rüstəmbəyov, İsfar
Sarabski, Rain Sultanov, Şahin Növrəsli, Ennio Morrikone, Henri Mancini və başqaları bu sırada yer alır. Bu
əsərlərin bir
hissəsi rəssamın
2016-cı ildə Bakı
Caz Festivalı çərçivəsində keçirilən fərdi sərgisində təqdim olunmuşdu.
Azərbaycan folkloru, Abşeron mövzusu, fəsillər mövzusunda əsərlərlə
yanaşı, diqqətimizi
daha çox çəkən məqamlardan
biri də nar mövzusu oldu. Rəssamın nar silsiləsi
öz adını mif qəhrəmanı olan Nar pərisindən götürmüş Nargilədir.
Sərgidə müəllifin
nara həsr
olunmuş bir çox əsərləri
bu günə kimi bu mövzuya
müraciət etmiş
korifey sənətkarların
işlərindən seçilir.
Uşaq çağlarımızda eşitdiyimiz
nağıl və mif qəhrəmanı Nargilə ilə ilk tanışlıq necə
də xoş idi.
Sərgidə rəssamın yaradıcılığının ilk dövrlərinə aid digər silsilələrindən olan əsərləri də nümayiş olunurdu. Bunlar kristalloqrafiya bilikləri əsasında yaradılmış işlərdir. Müəllif bu əsərləri mineralogiya üzrə məşhur mütəxəssis, mərhum professor Xudu Məmmədovun rəhbərliyi altında bir neçə həvəskar rəssamla birgə yaradıb. “Rənglərin ritmi” sərgisi oktyabrın 9-da başa çatır.
LALƏ
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.5.