Bədii ədəbiyyatdan kino
ekranına
Kino sənəti yaranandan onun əsas mövzu qaynağı bədii ədəbiyyat olub. Əks halda çəkilən ekran əsərləri xəbər və reportajlardan seçilməzdi. Bu yazıda bədii əsərlər əsasında çəkilmiş filmlərimizdən bir neçəsini yada salacağıq.
İlk olaraq 1962-ci ildə çəkilmiş “Böyük dayaq” (rejissor Həbib İsmayılov) filminə nəzər salaq. Xalq yazıçısı Mirzə İbrahimovun eyniadlı romanının ssenarisi əsasında çəkilmiş filmdə kənd təsərrüfatında gedən dəyişikliklərdən, dövrün müasir kənd adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Ekran əsərində baş rolu SSRİ Xalq artisti Ələsgər Ələkbərov oynayır. Bu film həm də gənc aktyor Həsən Məmmədovun kinoda ilk işi idi.
Xalq yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanı rejissor Hüseyn Seyidzadə tərəfindən 1969-cu ildə ekranlaşdırılıb. Kinoromanda XX əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının formalaşmasından, ilk mütərəqqi pedaqoqların fəaliyyətindən bəhs edilir. Ekran əsərində Ələddin Abbasov, Eldar Əliyev, Məlik Dadaşov və digər tanınmış aktyorlar çəkiliblər.
“Gün keçdi” (1971) filmini kino mütəxəssisləri “iki aktyorla rejissor işi” adlandırıblar. Rejissor Arif Babayevin Xalq yazıçısı Anarın “Gürcü familiyası” hekayəsi əsasında ekranlaşdırdığı filmin süjeti iki qəhrəmanın taleyi, iki xarakterin münasibətləri üzərində qurulub. Uşaqlıq illərində bir-birinə olan səmimi hisslərini xatırlayan Əsmər və Oqtay həmin münasibətləri yenidən qaytarmaq iqtidarında deyillər. Xüsusi çərçivələrlə verilən geniş “geri dönüş” səhnələrindən ibarət olan bu müəllif filmi insanda bir nostalgiya duyğusu da oyadır. Əsas rolları Həsən Məmmədov və Leyla Şıxlinskaya ifa ediblər.
Xalq yazıçısı İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestlərinin motivləri əsasında çəkilən “Tütək səsi” filmi rejissor Rasim Ocaqov tərəfindən 1975-ci ildə ərsəyə gətirilib. Kinopovestdə hadisələr II Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Kənddəki hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə məişət həyatı və məhəbbət, sarsıntı və sevinc obrazlı şəkildə əks olunub.
Kinolentə köçürülən bədii əsərlərdən biri yazıçı Vidadi Babanlının “Həyat bizi sınayır” povestidir. Rejissor Şamil Mahmudbəyovun 1972-ci ildə çəkdiyi film həyat yoluna yenicə qədəm qoymuş gəncin üç il ərzində qarşılaşdığı insanlar və münasibətlərindən bəhs edir. Film xeyirxah insanların köməyi ilə həyatın sərt sınaqlarından çıxan gənc metallurqun taleyindən söhbət açır. Əsas rolları Fikrət Quliyev və Ömür Nağıyev canlandırıb.
“Arxadan vurulan zərbə” (1977) filmi kino tariximizin ən uğurlu filmlərindən hesab olunur. Təsadüfi deyil ki, film ilk ekrana çıxdığı zaman SSRİ-də 17 milyon insan tərəfindən seyr edilib. Xalq yazıçısı Elçinin “Ox kimi bıçaq” povestinin ssenarisi əsasında çəkilən filmin rejissoru Arif Babayevdir. Əsas rolları Şahmar Ələkbərov, Həsən Məmmədov, Yusif Vəliyev, Adil İsgəndərov və Rasim Balayev kimi tanınmış aktyorlar canlandırıb.
Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanı zaman etibarilə tariximizin üç dövrünü – keçmişini, dünənini və bu gününü bir-birinə bağlayan ümumi bir mövzuya – xalqın taleyinə həsr olunub. Keçmişdə istilaların, yeni dövrdə isə repressiyaların qurbanı olmuş şəxsiyyətlər bu taleyin mərkəzində dururlar. Rejissor Gülbəniz Əzimzadənin kinolentə köçürdüyü eyniadlı filmdə bütün hadisələr baş qəhrəmanın - xəstənin taleyi ilə bilavasitə bağlıdır. Kinolent 1990-cı ilin 20 Yanvar faciəsinin qurbanlarına ithaf edilib.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.6.