Kinoda bir ömrü yaşamaq...
73 ilin təəssüratı
Onun
adı çəkiləndə ilk növbədə operator
kimi quruluş verdiyi filmlərini xatırlayır, sənət
bilgisinin sübutu olan kinokadrları göz önündə
canlandırır, fəxrlə Azərbaycan kinosunun operatorluq sənətinin
layiqli davamçısı adlandırırıq.
Görkəmli sənət xadimləri və sənətsevərlərin sevgisiylə əhatələndiyini düşündükdə isə ömrünü bada vermədiyini, şəxsiyyətini məsləyində təsdiqlədiyini görürük. Doğrusu, hər operatora çoxsaylı tamaşaçı sevgisiylə əhatələnmək nəsib olmur. Bu mənada məqam düşmüşkən 73 yaşın astanasında olan Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, kinooperator Kənan Məmmədovdan bilik və bacarığını maraqlı iş əmsalına çevirməyin və insanlara sevdirməyin sirrini öyrənməyə çalışacağıq.
- Deyirlər, insanın taleyini xasiyyəti müəyyənləşdirir. Həyatda da, sənətdə də uğurlarınız çox olub. Bunda xasiyyətinizin də rolu varmı?
- Mən tolerant adamam. Sadə olduğumu yaxşı bilirsiniz. Bu xüsusiyyət mənə atamdan keçib. Azərbaycanın filologiya elmi ilə məşğul idi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bünövrəsini qoyanlardan olub. Ömrünün axırına qədər orda şöbə müdiri işləyib. O, əsl ziyalı insan idi. Paxıllıq nə olduğunu bilmirdi. Həmişə dostlarının, həmkarlarının uğuruna sevinirdi. Ona oxşamağa çalışmışam. Həyatda necəyəmsə, sənətdə də elə olmuşam. Evim həmişə qonaqlı-qaralı olub. Həmkarlarımdan Rasim, Rafis İsmayılov qardaşları, Rasim Ocaqov, Elxan Qasımov və başqa dostlarım, sənət adamları daim bizə gəlib-gedib. Bir-birimizin xeyir-şərindən qalmamışıq. Atam rəhmətə gedəndə də onlar mənə qardaş kimi köməklik ediblər. Bütün bunlar hamısı mehriban ünsiyyətin göstəricisidir. Mehribanlıqsa təvazökarlıqdan, insanlara olan sevgidən doğan xasiyyətdir.
- 73 yaşın mənzərəsinə nəzər saldıqda arxayınlıq çox olur, yoxsa narahatlıq?
- Mən heç özüm də inanmıram ki,
bu yaşa gəlib
çatmışam. 73 ilin 42-sini Azərbaycan kinosuna həsr etmişəm. Həyatımda da, sənətimdə
də elə seçim etmişəm ki, heç vaxt peşman olmamışam. Sənətdə bəxtim gətirib. “Azərbaycanfilm” kinostudiyasına
elə bir vaxta gəldim ki, nəsillərin dəyişmə dövrü
idi. Arif Nərimanbəyov ölümünə
bir neçə ay qalmış otağının
açarlarını çıxardıb
mənə verdi.
Bu kinostudiyada sanki bir adətə
çevrilmişdi. Biz
qocaman kino xadimlərini sevir, onlara ehtiram bəsləyirdik. Görkəmli kinooperator Xan Babayev olmasaydı, mən operator olmayacaqdım.
Yaradıcılıqları ilə Azərbaycan
kinooperatorluq sənətinə
böyük töhfələr
verən Teyyub Axundov, Rasim Ocaqov, Zaur Məhərrəmov
kimi həmkarlarla çalışmaq, onlarla
kinostudiyanın dəhlizlərində
qarşılaşmaq mənim
üçün fəxr
idi.
- Məşhur kinooperatorları
xatırladınız. Adınızı
bu fəxri siyahıya yazdırmaq üçün neçə
il lazım
oldu?
- Kinoya 1976-cı ildə gəldim. 1977-ci ildə Rasim Ocaqovun çəkdiyi “Ad günü” filmində
II operator işlədim. 1978-ci
ildə kinorejissor Tofiq Tağızadə “Evin kişisi” filmini çəkəndə
mənə həmin filmdə işləməyi
təklif etdi. Açığı, bu mənim
üçün gözlənilməz
oldu. Bundan sonra “Qızıl
uçurum” filminə
(kinooperator Valeri Kərimovla birgə)
operator kimi quruluş verdim. “Qanlı
zəmi” filmini isə müstəqil
operator kimi çəkdim.
Yaradıcı heyətlə birlikdə
Dövlət mükafatı
aldım. Bu filmdən etibarən kinostudiyada bacarığını
təsdiqləmiş operator kimi qəbul edildim.
- İnsan ömrü
boyu özünü təsdiqləmək üçün
harasa tələsir, həyat estafetində birinciliyi qazanmağa çalışır. Bu zaman nələri gözdən qaçırırıq,
hansı vacib məqamları ötüb
keçirik?
- Həyatımda təkrarolunmaz
məqamlar çox olub. Bəzən evdə tək
qalanda keçmiş məni alıb aparır, dostlarımı,
həmkarlarımı xatırlayıram.
Əgər keçmişim məni
incitsəydi, nəyisə
gözdən qaçırdığımı
sanardım. Həyatda səhv
etdiyimi düşünmürəm.
Sənətim məni gözəl
insanlarla qarşılaşdırıb,
insanların sevgisini qazandırıb. Yanılmamaq da
uğurdur. Deməli, vacib
məqamları haqlamışam.
- Milli kinomuzun tanınmış simalarındansınız.
Məşhurlaşmaq arzudan yarandı,
yoxsa peşəkarlıqdan?
- Heç vaxt məşhurlaşmaq istəyim
olmayıb. Başımı aşağı salıb
işimlə məşğul
olmuşam. Bütün fikrimi,
daxili hisslərimi dramaturji materialın, mövzunun açılmasına
yönəltmişəm.
Bir dəfə küçə ilə gedirdim. Tanımadığım iki nəfər mənə yaxınlaşdı. “Siz operator Kənan Məmmədovsunuz?” deyə soruşdular. “Bəli”, dedim. Onlar “Siz çox peşəkar operatorsunuz. Dünən televizorda sizə baxırdıq, çəkilişlər, operatorluq peşəsi haqqında dəyərli sözlər deyirdiniz. Biz sizi tanıyırıq, filmlərinizi də izləyirik” dedilər. Mən təşəkkürümü bildirdim. Onların xoş sözləri məni çox sevindirdi. İndi mən bilmirəm, bu məşhurluqdurmu? Əgər məşhurluqdursa, onda məşhuram. Biz elə bilirik ki, öndə aktyorlar olur, tamaşaçı bizi tanımır. Amma yox, tanıyır. İntellektual tamaşaçı həmişə sənətə qiymət verir.
- Yaradıcılığınızda sənədli filmlər, “Mozalan” kinojurnalı üçün süjetlər və bədii filmlər var. Hansı film çəkilişlərinə daha həvəslə gedirdiniz?
- Təbii ki, bədii kinoya. Mən bədii kino operatoruyam. Hətta cizgi filmi də çəkmişəm.
Firəngiz Qurbanova ilə
birgə ekler üsulunda olan “Seans” filmini çəkdik. Quraşdırma çəkilişləri üsulunda
əsasən bədii
və sənədli kadrlardan istifadə edilən filmdə aktyorları da çəkmişik. Sonra animasiya
kinosu janrına müvafiq olaraq onların mimika cizgiləri üzərində
işlədilər. Mən aktyorlarla
işləməyi sevirəm.
Filmdə obrazın mövqeyini
tanıtmaq, daxili iztirablarını emosional
göstərmək üçün
birinci növbədə
gərək aktyoru sevəsən. Əsas
məsələ budur.
Mən aktyorları həmişə
sevə-sevə çəkmişəm.
- Kinoda kövrək qəlbli, incə ruhlu olmaqla hadisələri
yaşarı təqdim
etmək mümkündür.
Yaradıcılığınız emosionaldır, özünüzsə
realist. Bunu necə
izah edərdiniz?
- Düzdür, realist insanam.
Yaradıcılıqda isə duyğusallıq
vacibdir. Kamera arxasına
keçmək müəyyən
texniki məsələləri
həll etmək demək deyil. Mən dramaturji materialı duyub ürəyimdən keçirəndən sonra
çəkirdim. Burda texniki
məsələnin də
mühüm rolu var, duyğusallığın
da. Hisslər vəhdət təşkil
etməlidir. Kənardan baxanda
işıqlandırma asan
görünə bilər.
Amma ekranda işıq psixoloji təsir vasitəsidir. Peşəkar işıqlandırma vasitəsilə
səhnəni faciəvi
də etmək olar, komik də.
Buna görə də çəkdiyim materialların həssaslığına,
emosionallığına diqqət
etmişəm. Həm
də çəkdiyim
kadrlar birinci növbədə içimdə
bir hiss, duyğu yaratmalı idi ki, tamaşaçıya da təsir etdiyimə
inanım.
- Çəkdiyiniz kadrları
yenidən izlədikdə
özünüzə iradlar
olurmu?
- Kino çox aktiv və dinamik sənət növüdür,
durmadan yeniləşir.
20 il əvvəl
çəkdiyim filmlərə
baxanda bəzi kadrları düşünürəm
ki, elə indi də eyni
cürə çəkərdim,
bəziləri var ki, fərqli çəkəcəyimi yəqinləşdirirəm.
Amma hər bir halda
çəkdiklərimdən imtina etmirəm.
- Operatorun ustalığı
nədən və hardan başlayır?
- Operator işi texnika ilə bağlıdır.
Çəkiliş aparanda müəyyən
texniki fəndləri yerinə yetiririk. Kadrı qurmaq üçün müəyyən hesablamalar
aparırıq. Bu hesablamalar nəticəsində
çəkilən kadr
düzgün təsvir
olunur. Çəkilişə başlayarkən texniki məsələləri
artıq mexaniki olaraq yerinə yetirəndə, diafraqmanı
düşünməyəndə, birbaşa bütünlüklə
aktyorlarla işləməyə
köklənəndə - bax
peşəkarlıq burdan
başlayır.
- Hansı çəkiliş
növünü yaradıcılığınıza
yaxın bilirsiniz: fon, detal
və s.?
- İnsan faktoru
mənim üçün
əsasdır. Mən aktyorları çəkəndə
həmişə çalışmışam
ki, fonun təsvirini söndürəm.
İşığı elə qururdum
ki, aktyor ifası qabarıq görünsün. Dialoqa, monoloqa
uyğun olaraq hərdən aktyorun sifətini yox, əllərini, mimika cizgilərini göstərmək
daha vacibdir. Bunlar hamısı sənətlə
bağlı əsas məsələlərdir.
- Payızda doğulmusunuz. Fəsillərin kinoya texniki
baxımdan bilavasitə
təsiri var, bəs əhval-ruhiyyəyə
necə?
- Kinoda istehsalat elədir ki, filmlərin çox hissəsi yayda çəkilir. Baxmayaraq ki, yay çəkilişləri daha
asandır, heç vaxt bu fəsildə
kino çəkməyi
sevməmişəm. Payızın bulud arxasındakı işığını çəkmək
mənə daha çox xoş gəlir, nəinki yayın qızmar günəşini. Payız hisslər
fəslidir. Bu fəsildə çəkiliş
aparmaq başqa aləmdir. Alatoranlıq çəkilişlərini daha çox sevirəm. Dəyişkən havaya uyğun
olaraq işıq qurmalısan. Payızın öz əhval-ruhiyyəsində
olan dramaturji materialı işləyəndə
möhtəşəm kadrlar
alınır.
- Deyirlər, “hər şey keçmişdə
qalır, amma heç bir şey keçmir”. Kənan Məmmədov üçün
keçməyən nədir?
- Keçməyən xatirələrdir.
Hərdən tək olanda
keçmişi, dostlarımı
tez-tez xatırlayıram.
Rusiyanın məşhur
kinooperatorlarından Pavel
Lebeşev, Georgi Rerberq, Aleksey Knyajinski, Marqarita Pilixina və digərləri ilə tanış
olmuşam. SSRİ Dövlət mükafatı
laureatı, məşhur
sovet kinooperatoru Aleksandr Qalperin müəllimim idi. Onunla dostluğumuz ömrünün
axırına qədər
davam etdi. O, Moskvada yaşayırdı.
İnanın, hər hansı
bir bayramda birinci o məni təbrik edirdi, məni utandırırdı.
Onun bir sözünü heç vaxt unutmaram. Deyirdi ki: “Kinematoqrafı oxuyub, kino çəkmək
asandır. Kinoda bir ömrü
yaşamaq isə hər adama nəsib olmur”. Mən bunu öz həyatımda
müşahidə etdim,
ömrümü kinoda
yaşadım.
- Sizə kinomuzun xoşbəxt Kənan Məmmədovu deyə bilərikmi?
- Təbii. Mən özümü xoşbəxt
sayıram. Ömür boyu
sevdiyim sənətlə
məşğul olmuşam. Sənətdə də, həyatda
da xoşbəxt adamam. Gözəl ailəm, nəvələrim
var. İndi də onların uğurlarını
izləyirəm.
- Biz də sizə cansağlığı və
ömür boyu sevdiklərinizin əhatəsində
olma xoşbəxtliyi arzulayırıq.
Şəhla
ƏMİRLİ
Kinoşünas
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.7.