Xalqımız müəllim peşəsini
həmişə müqəddəs hesab edib
Mədəniyyət naziri Əbülfəs Qarayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim kollektivini təbrik edib.
Təbrikdə bildirilir ki, Azərbaycan xalqı onun gələcəyini işıqlandıran müəllim peşəsini həmişə müqəddəs hesab edib: “Elm, ədəbiyyat və mədəniyyətimizin bugünkü inkişafına görə öz maarif ziyasını əsirgəməyən fədakar insanlara minnətdarıq. Rəşid bəy Əfəndiyev, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Süleyman Sani Axundov, Abdulla Şaiq və digər ziyalı ədiblərimiz dövrün çətinliklərinə baxmayaraq, xalqa olan böyük sevgiləri sayəsində parlaq gələcək üçün yorulmadan çalışmışlar. Onların əkdiyi maarif toxumları xalqımızın mədəni-mənəvi inkişafına münbit zəmin hazırlamışdır”.
Vurğulanır ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu davamlı inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Ölkəmizdə bədii təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil ocaqları təmir-bərpa olunur. Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.
“Dövlətin bu
sahəyə qayğısı, müəllimlərimizin öz bilik və
bacarıqlarını əsirgəmədən şagirdlərə
aşılaması nəticəsində bu
gün incəsənətin müxtəlif
sahələrində parlayan uşaq və gənclərimizin sorağı
beynəlxalq festival və müsabiqələrdən
gəlir. Dövlətimizin dəstəyi ilə gənclərimiz
təhsillərini dünyanın məşhur musiqi
təhsili ocaqlarında davam etdirirlər. Bütün bunlar müəllimlərimizin
yorulmaz əməyinin bəhrəsidir”, -
deyə nazirin təbrikində qeyd olunur.
Mədəniyyət.- 2019.- 9
oktyabr.- S.4.