“Azərbaycan kəlağayısı və Qarabağ atları”

 

Şou-kompozisiya istanbullu tamaşaçıların böyük marağına səbəb olub

 

İstanbulda Etnospor Mədəniyyət Festivalı keçirilib. Ənənəvi tədbir Dünya Etnospor Federasiyasının (DEF) təşkilatçılığı ilə gerçəkləşib. Federasiyaya Türkiyə Prezidentinin oğlu Bilal Ərdoğan rəhbərlik edir.

16 ölkənin  qatıldığı festivalda ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsindən və rəqs ansamblından ibarət 50 nəfərlik heyət təmsil edib.

Oktyabrın 3-dən 6-dək davam edən festival çərçivəsində keçirilən tədbirləri Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən gəlmiş ümumilikdə minlərlə insan izləyib.

Bir millət, iki dövlət” şüarı altında təqdim olunan “Azərbaycan kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya Azərbaycan kəlağayısının ecazkar gözəlliyini, milli-mədəni sərvətlərimiz sayılan və heyrətamiz xüsusiyyətləri ilə seçilən Qarabağ atlarının bənzərsizliyini ifadə etməklə tamaşaçıların böyük marağına səbəb olub.

Tədbirin sonunda iştirakçılar xüsusi medallar və fərmanlarla təltif ediliblər. Azərbaycan təmsilçilərinə mükafatları Türkiyə Respublikasının vitse-prezidenti Fuad Oqtay təqdim edib.

 

Mədəniyyət.- 2019.- 9 oktyabr.- S.8.