M.A.P. Beynəlxalq
Teatr Festivalı başlandı
Oktyabrın 10-da “YARAT” Müasir İncəsənət
Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış
mərasimi olub. Oktyabrın 20-dək davam edəcək festival
“YARAT” Müasir İncəsənət
Məkanının “Bakcell”
şirkəti ilə tərəfdaşlığı çərçivəsində reallaşır.
“YARAT” Müasir İncəsənət
Mərkəzinin bədii
direktoru Suad Qarayeva-Maleki festival barədə
məlumat verib. Bildirib ki, M.A.P. Festivalı (Music,
Art, Performance) tamaşaçı auditoriyalarına müasir
teatr formalarının
geniş spektrini araşdırmağa kömək
etmək məqsədilə,
teatr sənətinin fərqli formalarını
bir araya gətirən ünsiyyət,
təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır.
Əvvəlki iki buraxılışda
olduğu kimi, bu dəfə də festival şəhərin
əsas teatr səhnələrini əhatə
edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış
ən maraqlı tamaşalarla tanış
edəcək. Proqrama dram, müasir
rəqslər, fiziki teatr və kukla
tamaşalarından tutmuş
klounada və sirk elementlərinə malik musiqili səhnə əsərlərinə
qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 9 ölkədən 18 tamaşa
daxildir.
Bu il festivalda Y.Vaxtanqov
adına Dövlət
Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis
Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı
(Rusiya), Yeni Riqa Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), Devid Espinoza Kukla Teatrı (İspaniya), “OLE!” kollektivi
(İspaniya / Böyük
Britaniya), “WHS” Teatrı
(Finlandiya), “Kibbutz” müasir
Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi
(İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək.
“Bakcell”in baş
icraçı direktoru
Rainer Rathgeber qeyd edib ki, şirkət
üçüncü ildir
ki, bu festivalın
baş sponsoru və əsas tərəfdaşıdır. “Bakcell” Azərbaycanda mədəniyyətin və
incəsənətin inkişafına
töhfə vermək
üçün bundan
sonra da bu təşəbbüsləri
dəstəkləməyə hazırdır.
Festivalın bədii direktoru Kamran Şahmərdan bildirib ki, festival onun rejissoru olduğu “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Qeyd olunub ki, M.A.P. festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi platformadır: “Biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq”.
Mədəniyyət.- 2019.- 11
oktyabr.- S.1;3.