Görkəmli yazıçı və ictimai xadim

 

 

11 oktyabr Süleyman Rəhimovun xatirə günüdür

 

Xalq yazıçısı, tanınmış ictimai xadim Süleyman Rəhimovun bədii yaradıcılığı Azərbaycan sovet ədəbiyyatında xüsusi yer tutur. Görkəmli ədib həyatdan gələn rəngarəng mövzulu əsərlərində maraqlı tiplər qalereyası yaradaraq ədəbiyyatımızı zənginləşdirib.

Süleyman Hüseyn oğlu Rəhimov 22 mart 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində anadan olub. İbtidai təhsilini molla məktəbində alıb, 1912-ci ildə rayon mərkəzindəki ikisinifli rus-tatar məktəbində oxuyub.

Şuşada pedaqoji kursu bitirdikdən sonra Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik edir. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsinə qəbul olunur. Eyni zamanda paytaxtın Qaraşəhər hissəsində ikinövbəli savad kursunda müəllim işləyir.

Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olub. Rəhbər vəzifələrdə çalışıb, Azərbaycan K(b)P MK-da Təbliğat və təşviqat şöbəsinin müdir müavini, Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri vəzifələrində işləyib.

Yaradıcılığa erkən çağlardan başlayan Süleyman Rəhimov ədəbi mühitdə hələ tələbə ikən yazmağa başladığı “Şamo” romanı ilə tanınıb. Müəllif beş cilddən ibarət bu epopeyanı 1974-cü ildə tamamlayıb.

Ədibin müxtəlif illərdə qələmə aldığı “Saçlı”, “Qafqaz qartalı”, “Ana abidəsi”, “Ağbulaq dağlarında”, “Qüdrətov”, “Gəlin qayası”, “Arzu”, “Ataoğul”, “Güzgü göl əfsanəsi”, “Qızlar oylağında”, “Aynalı”, “Qardaş qəbri”, “Medalyon”, “Mehman”, “Məhtaban”, “Kəsilməyən kişnərti” və s. roman, povest və hekayələri maraqla qarşılanıb.

Yazıçı həm görüb müşahidə etdiyi hadisələri qələmə alıb, həm də zəngin xalq yaradıcılığı xəzinəsindən, daha doğrusu, Zəngəzur mahalının dağ kəndlərində yaşayan insanların yaddaşında daşıdığı nağıl və əfsanələrdən ustalıqla bəhrələnib.

Bu mənada müəllifin “Məhtaban” povesti diqqətəlayiq nümunədir.

Mehman” (1944) povesti təkcə müəllifin deyil, XX əsr Azərbaycan nəsrində özünəməxsus yeri olan əsərdir. Povest çap olunanda ədəbi tənqid tərəfindən birmənalı qarşılanmasa da, oxucuların marağına səbəb olub. Əsərdə Mehman surəti - gənc hüquqşünas vətəndaşlıq borcunu yerinə yetirmək üçün çətinliklərə sinə gərir. Ona işində “təmiz ol” deyən rayon Partiya Komitəsinin katibi Vahidovun sözlərini unutmur. Povestdə prokurorluğun süpürgəçisi Qaloşlu adam gənc Mehmanın çox incə bir vasitə ilə ailəsinə yol tapır. Mehmanın qayınanası

Şəhla xanım qapıları onun üzünə açır. Qaloşlu adam böyük məharətlə qızıl saatı gənc prokurorun arvadı Züleyxaya bağışlayır. Mehman hiyləgər düşməni ifşa etmək üçün mübarizə aparsa da, özübu çarpışmada həyatını itirir.  Mehman müəyyən dərəcədə birtərəfli obraz kimi işlənsə də, özünün barışmazlığı və qətiyyəti ilə rəğbət qazanır.

Mehman” əsəri əsasında rejissor Muxtar Dadaşov tərəfindən 1969-cu ildə “Qanun naminə” adlı bədii film çəkilib. Filmdə Rza Təhmasib, Adil İsgəndərov, Əliağa Ağayev, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov və digər sənətkarlar rol alıblar.

Ömrünün müdrik çağlarında S.Rəhimov əsasən folklor süjetli əsərlər üzərində işləyib. Bu mövzuda iki kitabı işıq üzü görüb. Onlardan biri uşaqlar üçün yazdığı “Bülbül əfsanəsi”, ikincisi isə “Əfsanələr” kitablarıdır.

S.Rəhimovun Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, üç dəfə “Leninordeni, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə “Xalq yazıçısı” adına, 1975-ci ildə SSRİ-nin ən yüksək təltifi olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

“Azərbaycan nəsrinin ağır artilleriyası” adlandırılan görkəmli ədib 1983-cü ilin 11 oktyabrında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 11 oktyabr.- S.6.