Türk dünyasının
fotoqrafları Oş şəhərində
bir araya gəliblər
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan “Türk dünyası fotoqrafları görüşü” növbəti dəfə gerçəkləşib. Bu dəfə layihə türkdilli coğrafiyanı təmsil edən fotoqrafları Qırğızıstanın Oş şəhərində bir araya gətirib.
Xatırladaq ki, Oş şəhəri bu il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib və sərgi də TÜRKSOY-un dəstəyi ilə bununla bağlı silsilə tədbirlər çərçivəsində keçirilib.
Layihədə Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Şimali Kipr, Rusiya Federasiyasının Başqırdıstan və Kabarda-Balkar respublikalarından 12 tanınmış fotoqrafı iştirak edib. Azərbaycanı tədbirdə fotoqraf Vaqif Muğallı təmsil edib.
Oş şəhər merinin müavini Nurbek Kadırov layihə iştirakçıları ilə görüşüb. O, fotoqrafların zəngin mədəniyyəti, ənənələri, təbii ehtiyatları ilə seçilən Oş şəhərinin bütün gözəlliklərinin yeni prizmadan türk dünyasına göstərə biləcəklərinə əminliyini söyləyib.
Oktyabrın 7-də Oş şəhərindəki “Altımbek Datka” etnoqrafik kompleksində türk dünyası fotoqraflarının XVI görüşü çərçivəsində “Oş türkdilli dövlətlərin fotoqraflarının gözü ilə” adlı sərginin açılışı olub.
Tədbirdə şəhər rəhbərliyi, Qırğızıstanın elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Sərgini şəhər merinin müavini Nurbek Kadırov açaraq qısa müddətdə gözəl fotoəsərlərin yarandığını bildirib, fotoqraflara uğurlar arzulayıb.
“Türk dünyası fotoqrafları görüşü”nün iştirakçıları Oş şəhərində böyük türk aşıq və şairi Aşıq Veysəlin 125 illik yubileyində iştirak edib, digər müxtəlif tədbirlərə qatılıblar.
Qeyd edək ki, Oş şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə bağlı tədbirlər noyabrın sonunadək davam edəcək. Noyabrın 29-da burada TÜRKSOY Daimi Şurasının 37-ci dönəm toplantısı və “mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçiriləcək.
M.SULTANOVA
Ankara
Mədəniyyət.- 2019.- 11
oktyabr.- S.8.