Bakı payızı – caz havası
Festivalda 25 konsert təqdim ediləcək
Oktyabrın 18-də Azərbaycan paytaxtında caz həvəskarları üçün növbəti
musiqi bayramı başlanır. Bakı Caz Festivalı bu il “Daha çox caz, daha çox
intellekt” şüarı
altında gerçəkləşəcək.
On gün davam edəcək festivalın proqramına 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı film təqdimatları
daxildir.
Bu barədə “Bakı Caz Festivalı 2019”a həsr olunmuş
mətbuat konfransında
layihənin həmsədri
Leyla Əfəndiyeva məlumat verib. O deyib: “Festivalın başlanma tarixi Azərbaycanın Dövlət
Müstəqilliyi Gününə
təsadüf edir. Bu, bizim üçün
ikiqat bayramdır.
Caz Azərbaycanda çox sevilən musiqi janrıdır. Caz azadlıq
və əlbəttə
ki, improvizasiya deməkdir”.
Amerikalı məşhur caz
ifaçısı, UNESCO-nun xoşməramlı səfiri
Herbi Hənkokdan məktub aldığını
söyləyən L.Əfəndiyeva
qeyd edib ki, cazmen Bakı
Caz Festivalının dünya caz musiqisinə verdiyi töhfəyə görə
çox məmnundur.
“Bu, bizim üçün
ən yüksək qiymətdir”, - deyə festivalın həmsədri
vurğulayıb. O, festivalın
uğurlarından da danışıb: “All about jazz” kimi musiqi jurnalları
bizim haqqımızda yazır. Bizim musiqiçilər bir çox ölkələrdə çıxış
edirlər”.
L.Əfəndiyeva qeyd edib ki,
tədbir çərçivəsində
gənc ifaçılar
üçün təşkil
olunacaq müsabiqə
onların öz yolunu tapmasına kömək edəcək. Onlar, eyni
zamanda ölkəmizi xaricdə təmsil edə biləcəklər.
Caz vokalçısı
Elnarə Həsənli
kuratoru olacağı müsabiqə haqqında məlumat verib. Bildirib ki,
ifaçılar həyəcan
keçirsələr də,
yaxşı hazırlaşıblar
və qalib olmaqda iddialıdırlar.
Qaliblər diplom və
pul mükafatları ilə təltif olunacaq.
Festivalın iştirakçısı, pianoçu
Elbəy Məmmədzadə
təqdim edəcəyi
konsert barədə
media nümayəndələrini məlumatlandırıb. Deyib ki,
Rusiyanın virtuoz saksofonçusu Andrey Konstantinovla eyni səhnəni bölüşəcək.
İfa edəcəkləri mahnılar
hər iki sənətçinin bəstələrinin
sintezindən ibarət
olacaq.
Kamran Quliyev bildirib ki, təmsil etdiyi “A+A events” şirkəti festivalı bütün texniki avadanlıqlarla təchiz edəcək və iştirakçıların rahat
ifası üçün
hər cür şərait yaradacaq.
Qeyd edək ki,
oktyabrın 18-də saat 16-da İçərişəhərdə
festivalın açılışı olacaq.
Konsertdə yerli və əcnəbi
ifaçılar çıxış edəcəklər.
Festivalın konsertləri Beynəlxalq Muğam
Mərkəzində, “Landmark”da – “Rotunda” caz klubunda, Azərbaycan
Dövlət Akademik Musiqili
Teatrında, filarmoniyanın Kamera və orqan musiqisi zalında təqdim
ediləcək. Mədəniyyət Nazirliyinin
də dəstək verdiyi Bakı Caz Festivalı oktyabrın 27-də başa çatacaq.
Mədəbiyyət.-2019.- 16
oktyabr.- S.2.