“YARAT”ın
sənət sovqatı
M.A.P. Festivalı
davam edir
Mütəmadi olaraq musiqi, teatr, kino ilə
bağlı maraqlı
tədbirlərə ev sahibliyi edən Bakı artıq ənənəyə
çevrilən növbəti
sənət bayramı
ilə teatrsevərləri
öz ətrafına toplayıb. Xəbər verdiyimiz kimi oktyabrın 10-dan etibarən
paytaxtımızda növbəti M.A.P. festivalı
başlayıb.
“YARAT” Müasir İncəsənət
Mərkəzinin M.A.P. (Musiqi. Art (İncəsənət). Performans) layihəsinin
əsası 2017-ci ildə
qoyulub. 3-cü dəfə təşkil olunan festival 20 oktyabradək
davam edəcək.
Layihə teatr sənətinin
fərqli formalarını
bir araya gətirməklə ünsiyyət,
təhsil, bilik və təcrübə mübadiləsi platforması
kimi özünü təsdiqləyib. Festivalın budəfəki
proqramı da zəngin və rəngarəngdir. Yaradıcılıq
baxımından fərqli
və bir az da cəsarətli,
daha doğrusu, ənənəvi tamaşaçıya
hesablanmayan, izləyicisində
yaradıcı məhsula
çoxfunksiyalı istehsalat
kimi baxmağı təlqin edən proqramda dram, müasir rəqslər, fiziki teatr və kukla
tamaşalarından klounada
və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa yer alıb.
Rusiyanın “Kukolnıy dom” Marionet Teatrının
(Sankt-Peterburq) təqdimatı
bu baxımdan maraqlı nümunələrdən
idi. 1992-ci ildə təsis olunan və hazırda repertuarında 15 tamaşa
olan kollektiv dəfələrlə Rusiya
və onun hüdudlarından kənarda
(Polşa, Xorvatiya, Finlandiya, Norveç, Almaniya, Fransa, Avstraliya) kukla teatrı festivallarında mükafatlara layiq görülüb.
Marionet kuklalarla
aktyorların canlı
planda birgə oyunundan ibarət tamaşa musiqi və baletin əsas elementləri ilə şaxələndirilməklə
yeni bir ifadə üsulunu nümayiş etdirir. Kollektiv
12-13 oktyabr tarixində
A.Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrının səhnəsində çıxış
edərkən də bu meylin səhnə
həlli olan iki tamaşa ilə seyrçi rəğbəti qazandı.
İlk olaraq qonaq teatrın yaradıcısı və
rejissoru Aleksandr Maksimıçevin quruluşunda
“Zoluşka” tamaşası
təqdim edildi. Şarl Perronun
“Zoluşka” (Küllücə)
nağılı əsasında
hazırlanan tamaşanın
bəstəkarı İqor
Roqalev, ssenarist və prodüseri A.Maksimıçevdir. Klassik üslublu
və tərtibatlı
səhnə işinin
quruluşçu rəssamı
azərbaycanlı teatrsevərlərin
də tanıdıqları
Tatyana Melnikovadır. 20-dən
artıq kuklanı hərəkətə gətirən
isə son illərin ən yaxşı qadın marionet kuklaçılarından sayılan
– iki dəfə “Qızıl maska” mükafatçısı, beynəlxalq
teatr festivalları mükafatçısı Yelena Ağayevadır.
Dördlüyün birgə yaradıcılıq
məhsulu olan tamaşa əsərin sərbəst interpretasiyasıdır
və köhnə teatrın ruhunun dirçəlməsini nümayiş
etdirir. Yumoristik pantomima kimi
səhnəyə qoyulmuş
tamaşa öz gözəl təsvirləri,
şən, ritmik musiqisi, taxtadan ənənəvi texnikada düzəldilmiş ifadəli
marionetləri ilə baxımlı idi. Onu da qeyd edək
ki, onlarla kuklanı ustalıqla oynadan və bir anda bir
neçə personajın
səhnə şousunu
yaradan aktrisa uşaqlarla yanaşı, böyükləri də heyrətləndirməyi bacardı.
“Küllücə”nin az qala hamımızın əzbər bildiyi mövzusu yenə də maraqla izlənildi. Tamaşaçılar gah Şahzadəyə
Küllücənin yerini
deyir, gah gözəl qıza işgəncə verən
analığına acıqlanır,
gah da çirkin
rəqiblərinə gülürdülər.
Fərqli yaş qruplarına maraqlı hisslər yaşadan, onlara adi taxta parçasının
kiçik bir məkanda necə böyük təsir yarada biləcəyini isbat edən tamaşa şaqraq musiqiləri və mükəmməl aktyor plastikasının, daha doğrusu, kuklaçının
ipli kuklalarla işləmə texnikasının
hansı səviyyədə
olduğunu göstərdi. Beləcə, 15 ildir ki, bu
tamaşa ilə fərqli səhnələri
gəzən yaradıcı
heyətin çıxışı
sürəkli alqışlarla
yadda qaldı.
“Kukolnıy dom” teatrının növbəti
səhnə ərməğanı
(13 oktyabr) “Yatmış
gözəl” idi.
Yaşından asılı olmayaraq, bütün tamaşaçılar
üçün repertuar
tənzimləyən və
kukla teatrı anlayışının təkcə
azyaşlılar üçün
tamaşalardan ibarət
olmadığını göstərməyə
çalışan kiçik
kollektivin bu yaradıcılıq məhsulu
da baxımlı səhnə performansı kimi yadda qaldı.
Bu günə kimi
fərqli müəlliflərin
pyes halına saldığı məşhur
nağıl müxtəlif
teatrların repertuarında
özünə möhkəm
yer tuta bilib. Daim tamaşaçıların maraqla izlədiyi bu nümunə qonaq kuklaçıların
təqdimatında uğurlu
səhnə həlli kimi diqqət çəkdi. Bəstəkar İqor Roqalevin, rejissor Aleksandr Maksimıçev və rəssam Tatyana Melnikovanın
səyləri nəticəsində
“Yatmış gözəl”in
yeni yozumu izlənildi. Vokal musiqi
forması, daha doğrusu, nəğməkar
danışıq sayəsində
Orta əsrlərin ən səciyyəvi janrı olan ballada əsas ifadə vasitəsinə çevrilmişdi. Kukla
teatrının səhnəsində
özlərini artıq
böyük hesab edən uşaqlar və əslində hələ də uşaq olduqlarını anlayan yeniyetmələr üçün qoyulmuş
tamaşa musiqili nitqin hakim olduğu səhnə performansı kimi də maraqlı
idi.
HƏMİDƏ
Mədəbiyyət.-2019.- 16
oktyabr.- S.1;5.