Analitik təfəkkürlü alimelm təşkilatçısı

 

İsa Həbibbəyli-70

 

 

 

Məşhur Kəngərli tayfasının bir qolu, xeyirxahlıq, zəhmətkeşlik, elmə, maarifçiliyə sonsuz marağı ilə seçilən ulu İbrahimsultanlı nəslinin nümayəndəsi olan İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Şərur bölgəsinin qədim DanzikDanyeri kəndində müəllim ailəsində həyata göz açıb.

O, fitri istedadı və məqsədyönlü, inadlı axtarışları ilə kənd müəllimliyindən Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik səviyyəsinəcən yüksəlib. İsa Həbibbəyli əlli ilə yaxındır ki, müəllim, şair, maraq dairəsi çox geniş olan ensiklopedik təfəkkürlü alim, elm təşkilatçısı və dövlət xadimi kimi xalqına, millətinə xidmətdə və uca Rəbbinin bir missiya olaraq onun çiyninə qoyduğu “Vətəni sevmək imandandır” tapşırığını şərəf və ləyaqətlə yerinə yetirməkdədir.

Ədəbiyyat aləminə şeirlə gələn, ali məktəbin ilk kurslarından etibarən müxtəlif mətbuat orqanlarında dərc etdirdiyiDünya vəfasız deyil”, “Gördüm”, “Yaz günü Arpaçay”, “XançobanSara”, “Yaddaş”, “Yaşamaq istəyirəm”, “Yollarda nağıl”, “Yol gedirəm” və s. şeirləri ilə imzasını oxuculara yetərincə tanıda bilən İsa müəllim sonralar daha çox elmi araşdırmalarla məşğul olmuş, fundamental tədqiqatları ilə ədəbiyyatşünaslığımıza töhfələr verməklə yanaşı, Azərbaycan elminiictimai fikrini dünyanın otuzdan artıq ölkəsində beynəlxalq simpozium, konfransqurultaylarda ləyaqətlə təmsil etmişdir.

İsa Həbibbəyli ali məktəbi bitirdikdən sonra (1971) dörd il orta məktəbdə böyük şövq və həvəslə Azərbaycan dilinin şirinliyini, ədəbiyyatın insanın tərbiyəsi və zövqünün formalaşmasında rolunu gənc nəslə öyrətmişdir. Çox gənc ikən onu ahənrüba kimi özünə doğru çəkən elm aləminə qədəm qoymuş, orta məktəbdə dərs deyə-deyə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına  qəbul olunmuş (1973), ədəbiyyatşünaslıq elminin çətin, daha çox ehtiyac hiss olunan sahəsinə meyil etmiş, akademik Məmməd Cəfərin müdiri olduğu Ədəbiyyat nəzəriyyəsi şöbəsində professor Kamran Məmmədovun rəhbərliyi ilə 1980-ci ildə “XX əsr Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1975-ci ildə indiki Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasına müəllim dəvət olunan İsa müəllim pedaqoji fəaliyyətlə elmi heyrətamiz bir şəkildə uyğunlaşdıra bilmiş, aliorta məktəblər üçün dərslik, proqrammetodik vəsaitlər yazmaqla paralel olaraq Azərbaycan ədəbiyyatının az öyrənilmiş problemlərinə işıq salmışdır.

Əminliklə deyə bilərik ki, ədəbiyyatşünaslıq elminin bütün sahələrini fəaliyyətində bacarıqla və peşəkarcasına birləşdirməyi bacaran İsa Həbibbəyli dərinliyinə qədər nüfuz etmədiyi məsələlərdən yazmamış, faktlara, gərgin zəhmət sayəsində əldə etdiyi arxiv sənədlərinə, materialların əslinə əsaslanmadan qəti fikir söyləməmiş, bir sözlə, ucuz şöhrət arzusunda olmamışdır. Əsərlərində analitik təfəkkür və ümumiləşdirmə çox güclüdür. O, elmi fəaliyyətinin ilk mərhələsində, əsasən, Azərbaycan romantizminin tədqiqi ilə məşğul olmuş, “XX əsr Azərbaycan romantik lirikasında Füzuli ənənələri”, “Məhəmməd Hadi lirikasının sənətkarlıq xüsusiyyətləri”, “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası”, “Romantik lirikanın imkanları” və s. əsərlərində ilk dəfə olaraq ayrı-ayrı romantik sənətkarların fərdi üslublarının elmi təsnifatını vermişdir. H.Cavid, M.Hadi, A.Səhhət, A.Şaiq kimi romantiklərin əsərlərini poetik formajanrlar üzrə sistemli şəkildə tədqiq edən alim romantik lirikanın ictimai əhəmiyyətini əsaslandırmışdır. İsa müəllim bu kontekstdə maarifçi-demokratik ideyaların geniş şəkildə yayılmasını üzə çıxarmış, yaradıcılığının sonrakı mərhələlərində də milli Azərbaycan romantizmionun nümayəndələri haqqında “Böyük mütəfəkkir Əli bəy Hüseynzadə”, “Hüseyn Cavid və sənəti”, “Məsləki tərcümeyi-halı olan şair Abbas Səhhət”, “Molla Nəsrəddin” və füyuzatçılar”, “Müstəqillik işığında Əli bəy Hüseynzadə” kimi sanballı əsərlər yazmışdır.

Məlumdur ki, sovet filoloji elmində “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları, onların redaktorları olan C.Məmmədquluzadə və Ə.Hüseynzadə, əsasən, bir-birinə zidd məfkurə sahibləri kimi qarşı-qarşıya qoyulmuş, biri azərbaycançılığın, digəri isə turançılıq düşüncəsinin daşıyıcıları kimi dəyərləndirilmişdir. İsa Həbibbəyli ədəbiyyatşünaslığımızda ilk dəfə olaraq elmi arqumentlərlə mollanəsrəddinçilik hərəkatı ilə füyuzatçılıq məfkurəsinin ortaq xüsusiyyətlərini araşdıraraq belə qənaətə gəlmişdir ki, millətin və ölkənin inkişafı, demokratik dəyərlər və dövlət    quruculuğu uğrunda apardıqları mübarizədə tutduqları yollar fərqli olsa da, onların gəldikləri nəticələr çox yaxın, əhəmiyyətli olmuşdur.

***

Akademik İsa Həbibbəyli 80-ci illərin ortalarından başlayaraq daha çox realist ədəbiyyatın tədqiqi məsələlərinə üstünlük vermiş, C.Məmmədquluzadə və mollanəsrəddinçilər onun araşdırmalarının aparıcı mövzuları sırasında yer almağa başlamışdır. Ədəbi-nəzəri mühitdə birmənalı olaraq mötəbər mirzəcəlilşünas kimi qəbul olunan alim böyük ədibin zəngin həyatı və fəaliyyəti ilə bağlı çap etdirdiyi çoxsaylı əsərlərində, o cümlədən “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzulu doktorluq dissertasiyasında Mirzə Cəlil haqqında elmi fikirdə mübahisəli olan bir çox məsələlərə sənədlərin, arxiv materiallarının dili ilə yəqinlik gətirmiş, onun dünyanın bir sıra məmləkətlərinə səpələnmiş övladları ilə əlaqələri bərpa etmiş, yazıçının ədəbi-elmi ictimaiyyətə bəlli olmayan “Ər” pyesini, “Lənət” və “Oyunbazlar” səhnəciklərini, 35 məqaləsini, 170 felyetonunu, 16 satirik şeirini üzə çıxararaq çap etdirmişdir.

İsa müəllim C.Məmmədquluzadə ilə yanaşı, onun əməl və əqidə dostları haqqında da silsilə əsərlər yazmış, “Mirzə Cəlil Şürbiya İkinci Mirzə Cəlil”, “Qəzetçi Xəlilin və Lağlağı Sadığın prototipi Sadıq Xəlilov”, “Kefli İsgəndərin prototipi Cümşüd Paşa Sultanov”, “Məmmədqulu bəy Kəngərli”, “Mirzə Əbülqasım Sultanov”, “Ələkbər Məmmədxanov kimdir?”,  “Mirzə Ələkbər Sabir”, “Millətin canlı heykəli”, “Böyük ədəbiyyat nəhəngi”, “Əliqulu Qəmküsarın ədəbi taleyi: sənətdə və həyatda”, “Yazıçı-publisist Eynəli bəy Sultanov” və s. məqalə-oçerklərində ədəbi-ictimai fikir tariximiz üçün əhəmiyyətli olan bir çox mübahisəli məsələlərə aydınlıq gətirmişdir.

***

Görkəmli ədəbiyyatşünas alimin araşdırmalarının müəyyən qismi maarifçi realizm məsələlərinin tədqiqi ilə bağlıdır. Bunların bəzilərini həm də ədəbiyyat nəzəriyyəsi problemlərinin araşdırıldığı tədqiqatlar hesab etmək olar. Bu fikri irəli sürərkən, biz ilk növbədə “Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və “nazimi-ustad” məsələsinə yenidən baxış” əsərini nəzərdə tuturuq. Bu əsərində M.F.Axundzadənin “Tənqid risaləsi”, “Kritika. Yüksək İranın “Millət” qəzetinin münşisinə”, “Mirzə Ağanın pyesləri haqqında kritika”, “Nəzm və nəsr haqqında”, “Mollayi-Rumininonun təsnifinin babında” əsərlərini nəzərdən keçirən və böyük mütəfəkkiri Azərbaycan professional ədəbi tənqidinin banisi hesab edən müəllif günümüzə qədər ədəbiyyatşünaslığımızda ədibin mübahisəli olanFüzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır” fikrinə də münasibət bildirmiş, Füzulinin sadəcə nazim yox, “nazimi-ustadhesab edilməsi məsələsinə də aydınlıq gətirmişdir. Müəllif çox haqlı olaraq hesab edir ki, buradakı “ustadsözü heç də təsadüfi olmayıb. M.F.Axundzadənin Füzulinin digər şairlərdən fərqini, hətta böyüklüyünü qəbul etməsi deməkdir.

Tədqiqatçı böyük maarifçi ədib və müəllim Məhəmməd Tağı Sidqiyə həsr etdiyiMaarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi” əsərində Sidqidən həm “Məktəbi-tərbiyə”nin yaradıcısı olan əsl pedaqoq, Azərbaycan dilində ilk dərsliklərin müəllifi və şair, həm də nasir kimi bəhs etmişdir.

***

İsa Həbibbəyli barmaqla göstərilə biləcək ədəbiyyatşünas alimlərdəndir ki, bu sahədə üç istiqaməti – ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqidi yaradıcılığında heyrət doğuracaq bir məharət və peşəkarlıqla birləşdirməyi bacarır. O, ədəbiyyatşünaslığın bütün sahələrində qələmini sınamış və etiraf etmək lazımdır ki, mühüm uğurlara imza atmış, mötəbər alim sözünü deyə bilmişdir.

Qədim və Orta əsrlər ədəbiyyatımızın bir çox görkəmli simaları, o cümlədən N.Gəncəvi, Ş.Təbrizi, İ.Nəsimi, Ə.Marağalı, M.Füzuli, S.Təbrizi və M.P.Vaqif irsi barədə yazdıqları ondan həm də bu dövrlər ədəbiyyatımızın bilicilərindən biri kimi danışmağa imkan verir. Alim haqlı olaraq hesab edir ki, “hansı dildə yazıb-yaratmasından, hansı ölkədə öyrənilib-oxunmasından asılı olmayaraq, Nizami Gəncəvinin əsərləri azərbaycanlı ruhunun yüksək bədii ifadəsindən ibarətdir. Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir”.

Nəsimi poeziyasının özəlliklərindən bəhs edərkən yazır: “İmaddədin Nəsiminin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları yaşadığı epoxanın zamanı daha da irəli aparmasına xidmət edən çağırışdır”.

M.Füzulinin yaradıcılığında aşiqlikeşq fəlsəfəsinin mahiyyəti barədə mülahizələrini ümumiləşdirən alim doğru hesab edir ki, “hökmdarların, sərkərdələrin hər birinin öz fəaliyyət dövrü vardır. Başlanğıc və sonu bəlli olan bu dövrlər tarixi prosesin müəyyən mərhələsini təşkil edir. Aşiqlik və aşiqanəlik isə zaman və məkan məhdudiyyəti tanımır. Bu mənada aşiqin, aşiqliyin, aşiqanəliyin, Füzulinin dövranı əbədidir. Bəşəriyyətin həmişə aşiqə, aşiqanəliyə, yəni Füzuliyə ehtiyacı olmuşdur”.

***

Azərbaycan ədəbiyyatşünaslığında istər farsdilli, istərsə də anadilli ədəbiyyatımızda yeniləşmənin XVIII əsrdə M.V.VidadiM.P.Vaqifin timsalında baş verdiyi dönə-dönə qeyd olunmuş, Füzulidən Vaqifə qədərki dövr bir qədər arxa plana keçmişdir. İsa Həbibbəyli son illərdəki tədqiqatlarında, xüsusilə “Klassik poeziyada yeniləşmə meyilləri və Saib Təbrizi” məqaləsində bu məsələni faktlara əsaslanmaqla yenidən gündəmə gətirmiş və indiyə qədər elmi dövriyyədə olan fikirlərdə müəyyən ziddiyyətlərin olduğunu göstərmişdir. Müəllifin fikrincə, şeirdə yeniləşmə meyilləri XVIII əsrdə yox, hələ XVI əsərdə, Füzulinin zamanından etibarən başlanmış, xüsusən XVII əsrdə müəyyən dərəcədə fərqli üslublarda yazan şairlər meydana çıxmış, XVII əsr ədəbiyyatı M.Füzuli ilə M.P.Vaqif arasında mühüm bir körpü funksiyasını yerinə yetirmişdir. Yəni XVII əsrdə şeirdə artıq yeni məzmun və ifadə üsulları axtarışlarına başlanılmış, saray ədəbiyyatı nüfuzunu nəzərəçarpacaq dərəcədə itirmiş, “poeziya daha geniş mühitə, şəhər həyatına və xalq arasına doğru inkişaf etməyə başlamışdır”.

“XVII əsr Azərbaycan poeziyasına M.Füzuli lirikasının davamı olmaqla bərabər, həm də M.P.Vaqif şeirinin əvvəli kimi baxmaq lazımdır” tezisini irəli sürən İsa Həbibbəyli fikirlərini əsaslandırmaq üçün ən çox Saib Təbrizinin (1601-1677) ədəbi irsi üzərində dayanır. S.Təbrizinin ana dilində yazdığı və dövrümüzə gəlib çatan 18 qəzəlinə, farsca irihəcmli lirik şeirlər “Divan”ına əsaslanaraq onu yeni üslub yaradan şair hesab edir və yazır: “Azərbaycan klassik poeziyasında “Hind üslubu”, yaxudİsfahan səpki” adlanan poetik şeir üslubu Saib Təbrizinin şeirləri vasitəsilə yaradılmışdır”.

Ədəbiyyatşünas aliminMolla Pənah olan şair” məqaləsi zamanımıza qədər M.P.Vaqif haqqında yazılanlardan daha çox onunla fərqlənir ki, bu əsər ideoloji basqılardan tamamilə uzaq, tarixi şərait və ədəbi material nəzərə alınmaqla yazılmış, şairin obyektiv qiyməti verilmişdir. İsa müəllim ilk dəfə olaraq Vaqifi Azərbaycan ədəbi dilinin yaradıcısı hesab etmiş, Erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının əsasını qoyan sənətkar kimi səciyyələndirmişdir.

***

Akademik İsa Həbibbəylinin ədəbi, elmi yaradıcılığı ilə az-çox tanış olanlar yaxşı bilirlər ki, çoxəsrlik Azərbaycan ədəbiyyatının həlli vacib olan elə bir problemi yoxdur ki, İsa müəllim ona münasibət bildirməmiş olsun. O, təkcə klassik ədəbiyyatımızı, ictimai fikir tariximizi deyil, ədəbiyyatşünaslıq elmimizin keçdiyi inkişaf yolunu, təşəkkül və təkamül mərhələlərini, Azərbaycan mühacirət ədəbiyyatı, Cənubi Azərbaycanda ədəbi proses, müasir və müstəqillik dövrü ədəbiyyatımızs. bu kimi məsələləri daim diqqət mərkəzində saxlamışdır.

Əsərlərinin birində Firidun bəy Köçərlinin məktublarını Azərbaycan maarifçilərinin münasibətlərini, yaradıcı ziyalıların qayğılarını, qarşılıqlı əməkdaşlığını öyrənmək baxımından mühüm əhəmiyyətə malik mənbələr kimi dəyərləndirən alimYeni dövr ədəbiyyatşünaslıq məktəbinin banisi” əsərində F.Köçərlini həmin dövr Azərbaycan ədəbiyyatşünaslıq elminin atası, onun “Azərbaycan ədəbiyyatı tarixiikicildliyini isə mükəmməl bir ədəbiyyatşünaslıq abidəsi adlandırır.

“Ədəbiyyatda milli istiqlal” əsərində M.Ə.Rəsulzadənin həyat və yaradıcılıq yolundan, onun Azərbaycanda siyasi publisistikanın formalaşmasındakı rolundan söz açan müəllif hesab edir ki, o, “Azərbaycan Cümhuriyyəti” əsəri ilə cəmiyyətşünaslığın əsaslarını yaratmış, siyasi baxışlarında olduğu kimi, ədəbiyyatşünaslıq əsərlərində də azərbaycançılıq mövqeyindən çıxış etmiş, bədii əsərlərində vətənsevərlik, milli mövqe, ictimai-siyasi düşüncə və istiqlal ruhu üstünlük təşkil etmişdir.

İsa Həbibbəylinin “Vətən həsrətli Ceyhun Hacıbəyli”, “Müstəqillik işığında Əli bəy Hüseynzadə”, “Məhəmməd Əsəd bəy dünyası və Orxan Aras” əsərləri Azərbaycan mühacirət ədəbiyyatını öyrənmək və təbliğ etmək üçün qiymətli mənbələrdir. Adını çəkdiyimiz əsərlərdən sonuncusu həm də ədəbiyyatşünaslığımızda mübahisəli olan “Əli və Nino” romanının müəllifinin kim olması faktını dəqiqləşdirmək, “Məhəmməd Əsəd bəy kimdir?” sualına dürüst cavab tapmaq baxımından da əhəmiyyətlidir.

***

Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə namizədlik, Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə elmlər doktorluğu dissertasiyaları müdafiə edən akademik İsa Həbibbəyli həm də müasir ədəbiyyatı dərindən bilən, tədqiq edən kamil ədəbiyyat tənqidçisidir. Bizim qənaətimizə görə, nəzəriyyə və ədəbiyyat tarixçiliyi İsa müəllimin ədəbi-tənqidi əsərlərində də özünü göstərir və bəzən bu əsərlərin ədəbiyyatşünaslığın hansı sahəsinə aid olduğunu müəyyənləşdirmək çətinlik törədir. Alimin 1920-1980-ci illər Azərbaycan ədəbiyyatının mötəbər simalarından olan S.Vurğun, M.Şəhriyar, M.İbrahimov, M.C.Paşayev, R.Rza, İ.Əfəndiyev, B.Vahabzadə, İ.Səfərli, H.İbrahimov, M.Araz və başqaları haqqında yazdığı əsərlər yuxarıdakı fikrimizi təsdiqləyir. Bu portret oçerklər yalnız həsr olunduğu sənətkarların deyil, onların formalaşdığı, yaşayıb-yaratdıqları ədəbi mühitin bir çox önəmli cəhətlərini də özündə ehtiva edir. İsa müəllim müasirlərimiz olan Anar, Elçin, N.Həsənzadə, İ.Hüseynov, F.Qoca, S.Rüstəmxanlı, H.Mirələmov, Z.Yaqub, R.Məcid, X.Kərimli, V.Məmmədov və digər şair, yazıçı və ədəbiyyatşünaslarımızın da yaradıcılığını yaxından izləmiş, onlara məqalələr həsr etmişdir.

İsa Həbibbəylinin elmi yaradıcılığı barədə qənaətlərimizi ümumiləşdirərkən onun son zamanlarda nəşr olunmuşÇingiz Aytmatov haqqında söz” (2018) və ədəbiyyat tariximizin dövrləşdirilməsi probleminin həllinə həsr olunmuş “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”  (2019) kitablarını xüsusilə vurğulamalıyıq.

Bütün bu böyük zəhmət və zaman tələb edən axtarışlar fonunda akademik İsa Həbibbəylinin 40-dan çox fəlsəfə doktoru və elmlər doktorunun elmi rəhbəri və elmi məsləhətçisi olduğunu, əsərlərinin ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar, macars. dillərdə çap edildiyini də əlavə etsək, görkəmli alimin elmi-pedaqoji fəaliyyətinin nə qədər zəngin və çoxşaxəli olduğu daha aydın görünər.

 

İslam QƏRİBLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

Mədəbiyyət.-2019.- 16 oktyabr.- S.6.