Ədəbiyyatla bağlı beş nəşrin təqdimatı keçirildi

 

 

 

Oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Ədəbiyyat qəzeti” yayınları” seriyasından çap olunan nəşrlərin təqdimatı keçirildi.

Yeni nəşrlər “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda”, Əyyub Qiyasın tərtib və tərcüməsində “Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017” antologiyası, Günel Eyvazlının “İşıq” esselər toplusu, Samirə Əşrəfin “Dördüncü divar” və Sevda Sultanovanın “Ekranlaşdırılmış ədəbi əsərlər” kitablarından ibarətdir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar tədbiri giriş sözü ilə açaraq kitabların əhəmiyyətindən danışdı. O, nəşrlərin ərsəyə gəlməsi münasibətilə “Ədəbiyyat qəzeti”ni və müəllifləri təbrik edərək uğurlar arzuladı.

Qəzetin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan təqdimatı keçirilən kitabların dövlət başçısının sərəncamı ilə AYB-yə ayrılmış vəsait hesabına çap olunduğunu dedi: “Bizim işimiz bununla yekunlaşmır. Qarşıda növbəti 4 kitabın çapı var. Bugünkü tədbirdə həmçinin “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatı da təqdim olunacaq. Bu mükafata layiq görülənlər qəzetin fəaliyyətində yaxından iştirak edən müəlliflərdir”.

“Ədəbiyyat qəzeti”nin şöbə müdiri, filologiya üzrə elmlər doktoru Elnarə Akimova kitablarla bağlı ətraflı məlumat verdi.

Bildirdi ki, bu nəşrlərdə yer alan yazılarla oxucular “Ədəbiyyat qəzeti”nin səhifələrindən tanışdırlar. “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitabı “Ədəbiyyat qəzeti”nin “Müzakirə saatı” layihəsi nəticəsində ərsəyə gəlib. Samirə Əşrəfin “Dördüncü divar” kitabı ədəbiyyat, teatr, kino, musiqi və incəsənətin digər sahələrində uzun illər xidmət göstərən görkəmli sənət adamlarının, maraqlı insanların və onların övladlarının, yaxınlarının müsahibələrindən ibarətdir. Günel Eyvazlının “İşıq” esselər toplusunda müəllif həyat, sənət, yaradıcılıq haqqında düşüncələrini psixoloji aspektdə, özünəməxsus formada oxucuya çatdırıb. Sevda Sultanovanın “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabına millidünya ədəbiyyatının nümunələri daxildir. Əyyub Qiyasın tərtib və tərcüməsində “Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017” antologiyasında bu mükafata layiq görülən dünyaca məşhur ədiblər haqqında məlumatlar öz əksini tapıb.

Azərbaycan Yazıçılar Birliyinin katibləri Rəşad Məcid, İlqar Fəhmi, yazıçı-publisist Səyyad Aran, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Mahmud Kaşğarlı Beynəlxalq Fondunun prezidenti, şair Elxan Zal Qaraxanlı, AYB-nin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu və başqaları çıxış edərək “Ədəbiyyat qəzeti” yayınları seriyasından çap olunan kitablarla bağlı fikirlərini bölüşdülər.

Daha sonra çıxış edən müəlliflər kitabların çapına görə Prezident İlham Əliyevə və Yazıçılar Birliyinə minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda “Əli bəy Hüseynzadə” mükafatının qalibləri elan olundu.

 

Nurəddin MƏMMƏDL

 

Mədəbiyyət.-2019.- 16 oktyabr.- S.6.