Müdrik sənətkar
İnsanın xarakteri həyatını müəyyənləşdirir deyirlər. Xarakter isə istək və məqsədin cəmidir. Arzu, niyyət gözəlliklərə ünvanlanarsa, xeyirxahlıq, ülviyyət kimi meyarlara əsaslanarsa, əmsalı da nümunəvi yaradıcılıq olar. Sevgi ilə məharət bir araya gələndə isə əsl sənət inciləri yaranar.
Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadə də kinoya olan vurğunluğunu hələ kiçik yaşlarından könlünün dərin qatlarında ilahiləşdirən, sonralar isə maraqlı, mənalı həyat gerçəkliklərini yaradıcılığına yansıdan sənətkarlarımızdandır.
Sənət haqqında gözəl deyimlərdən biri də budur ki, “Sənət əsəri sənətkarın yaradıcı təxəyyülünü hər dəfə yenidən canlandırmaqla zamanlar arasında rabitə yaradır”. Hüseyn Seyidzadənin quruluş verdiyi müxtəlif janrlı filmləri də fərqli zaman və nəsillər arasında ünsiyyət qurur, ictimai əlaqələri müəyyənləşdirir, müxtəlif dövr hadisələrini cəmiyyətin müzakirə obyektinə çevirir, pisi yaxşıdan seçməyimizə, nəticə çıxarmağımıza imkan verir.
Sənət fədaisi
Çox vaxt kino rejissorlarını sənət fədaisi adlandırırlar. Təbii ki, bu fikri filmlərin uğurlu ekran taleyi müəyyənləşdirir. Hüseyn Seyidzadənin forma və məzmun etibarilə fərqli olan filmlərində də ustad sənətkarın yalnız öz müasirləri haqqında yox, həmçinin gələcək nəsillərin intellekti, həyat bilgisi, akademik təlimatı üçün narahat olduğu bəlli olur. Onun çəkdiyi filmlərin məzmununa fikir verdikdə bu kimi mövzulara xüsusi diqqət göstərdiyi nəzərə çarpır. İstər dramatik, istərsə də komik janrda çəkdiyi filmlərdə xoş diləkli, nəcib insan xüsusiyyətlərini qabardan rejissor, demək olar ki, bütün yaradıcılığı boyu insanşünaslıqla məşğul olub, müdrik düşüncələrini ekran əsərlərində təcəssüm etdirib. Müxtəlif mənbələrdən, həmkarlarının və dostlarının söylədiklərindən də məlum olduğu kimi, sənət yolunda tez-tez ziddiyyətlərlə qarşılaşan rejissor heç vaxt məqsədindən yayınmayıb, ömrünün sonuna qədər Seyidzadə dəst-xəttini xarakterizə edən məsləyini yüksək peşəkarlıqla nümayiş etdirib.
Bədii kinoda
“Bakılılar” filmində ikinci rejissor kimi işləyən
rejissorun yaradıcılıq qismətinə
ilk olaraq tarixi-inqilabi janrlı filmin
düşməsi xarakter etibarilə coşqun, iddialı olan
H.Seyidzadə üçün bəlkə
də təsadüfi deyildi. Axı, məslək
də alın yazısıdır. Bu filmdə
çalışması rejissorun sonralar ciddi, realist, dramatik janrlı ekran əsərləri çəkməsinə
stimul verir. Dram janrlı (Niyazi Bədəlovla
birgə) “Sovqat” qısametrajlı bədii
filminin ardınca
yaradıcılığını püxtələşdirməyi
qərarlaşdıran kino mütəxəssisi
bir müddət “Lenfilm”,
“Mosfilm”, M.Qorki
adına kinostudiyalarda
çalışır. Həmin studiyalarda bir neçə filmdə rejissor assistenti, ikinci rejissor kimi işləyir. 1945-ci ildə
Bakıda “Əbədi
Odlar ölkəsi” tammetrajlı sənədli
filmini müstəqil olaraq ekranlaşdırır,
1954-cü ildə Azərbaycanın
ilk rəngli sənədli-bədii
filmi olan “Doğma xalqımıza” filmini (rejissor Yan Fridlə birgə) çəkir. 1956-cı ildə Azərbaycanın ilk rəngli
bədii ekran əsərini – “O olmasın,
bu olsun” filmini ekranlaşdırmaq da H.Seyidzadənin qismətinə düşür.
Təbii
ki, sıralanan yaradıcılıq uğurları
onu ruhlandırır, yeni yaradıcılıq axtarışlarına sövq
edir. Qərəzli münasibətlərə, yersiz tənqidlərə tuş gələn rejissorun kino fəaliyyətində fasilələr
olsa da, çəkdiyi hər bir filmini sonuncu
filmi kimi böyük sevgi və coşqu ilə ərsəyə gətirirdi.
Uğurlu
yanaşma
XX əsrin ikinci
yarısından etibarən
Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu olan azərbaycanlı tələbələrin bir
çoxu (T.Tağızadə,
L.Səfərov və
s.) zərurətdən irəli
gələn səbəblərdən
yaradıcılıqlarını komik janrlı filmlərlə təsdiqlədilər. Müharibədən sonrakı quruculuq illərində insanlarda ruh yüksəkliyi yaratmaq məqsədilə
komik və sosial janrlı filmlərə müraciət
edən kinematoqrafçılar
çalışırdılar ki, ictimai qaydaları
nizamlayan vacib nüansları diqqətə
çatdırsınlar, zəhmət
adamlarının şücaətini
ön plana çəksinlər, həmçinin
cəmiyyətdəki qeyri-normal
cəhətli tipajları
incə yumorla tənqid hədəfinə
çevirsinlər. Bədii kinoda
yaradıcılığını təsdiqləməyə şans
əldə edən H.Seyidzadə üçün
dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyli yaradıcılığına
müraciət edərək
“O olmasın, bu olsun” kinokomediyasını
çəkmək, məntiq
və məzmunlu hadisələri ekran dilinə çevirmək karyerasını ətraflı
şəkildə təsdiqləmək,
arzularını gerçəkləşdirmək
demək idi. Məsləyini həyatının mənası bilən rejissor buna görə
də təxəyyül
zənginliyindən, peşə
biliciliyindən istifadə
edərək müraciət
etdiyi mövzulara ehtiyatla yanaşır, uğurlu mizanlar verir, milli, mənəvi
dəyərləri əks
etdirən ədəbi
materialları vizual ədəbiyyata, xalqın
mədəni, mənəvi
sərvətinə çevirirdi.
“Dağın əzəməti
uzaqlaşdıqca görünər”,
- deyirlər. 60 ildən
çoxdur ki, “O olmasın, bu olsun” filmindəki frazaların gərəkliliyi,
kadrların həyati və məntiqliliyi haqqında danışılır,
yazılır. Azərbaycan kinosunun
inciləri sayılan filmləri ilə milli kinomuzu ölkədən uzaqlarda tanıdan ustad sənətkarın əsas
uğuru dəqiq və həssaslıqla seçdiyi peşəkarların
yaradıcılıqlarının təfsirində hadisələrin
mahiyyətini çatdırması,
incə yumor hissi ilə mənəvi intibah prosesinin labüdlüyünü
göstərməsində idi.
Kino sənətinin texniki
həllinə yaxşı
bələd olan rejissor komik janrlı filmin kompozisiyasını sərbəst
və iddialı şəkildə qurur, müəllif ideyalarını
qəhrəmanların dili
ilə ifadə edir.
Ekranlara çıxdıqdan sonra sənətşünaslar tərəfindən birmənalı qarşılanmayan film çoxsaylı tamaşaçıların rəğbətinə səbəb olur. Buna səbəb isə məzmuna uyğunlaşan məntiqli və keyfiyyətli kadrların ardıcıllığı, hər bir frazanın peşəkar yanaşmada təqdim olunmasıdır. Peşəkar aktyorların rolun mövqeyini həssaslıqla təhlil etməsi, dövrün əhval-ruhiyyəsini dəqiqliklə çatdırması musiqili komediyadakı sözsüz kadrların daxili dinamikasını təmin edir, musiqi və melodiyalar obrazların keçirdiyi hiss və həyəcanları, düşdükləri vəziyyəti dəqiqliklə qavramağımıza, doğru nəticə çıxarmağımıza səbəb yaradır. Obrazların təfsirində mövhumat və avamlığı ciddiyyəti ilə təqdim və tənqid edən kadrlar mənalı gülüş yaradır, ciddi komediya həyat və yaşam üçün vacib olan etik qaydaların labüdlüyünü vurğulayır. Filmin uğurlu səhnələrindən olan kisəçilərin rəqsi, qonaqlıqda baş verən qalmaqal və s. kimi kadrlar birmənalı qarşılanmasa da, filmin uğurunu təsdiqləyən faktların çoxluğu (filmin 50-dən artıq xarici ölkəyə satılması, Daşkənddə Asiya və Afrika ölkələrinin kinofestivalında yüksək qiymətləndirilməsi və s.) rejissorun bacarığını növbəti ekran əsərlərində təsdiqləməsinə stimul verir.
Hüseyn Seyidzadənin nailiyyəti fərdi yaradıcılıq üslubunu dəqiqliklə müəyyənləşdirməsində idi. Yuxarıda adları çəkilən kinostudiyalarda təcrübə keçməsi, kino dahilərindən olan Sergey Eyzenşteyndən, Mixail Rommdan sənət sirlərini öyrənməsi onun yaradıcılıq yolunu dəqiqliklə müəyyənləşdirir, həyat haqqındakı fərqli və fərdi düşüncələrini faydalı nəticəyə, kino fəaliyyətini bədii təxəyyülünün vacib (mənəvi ehtiyac duyulan) və uğurlu məhsuluna çevirir.
Tarixi-inqilabi, tarixi-bioqrafik, sosial mövzulu filmlərin müəllifi olan, əsasən realist yaradıcılıq nümayiş etdirən Hüseyn Seyidzadə üçün vacib prinsip bədii əsərin ideya məzmunun ekran dilində tamaşaçıya çatdırılması, ibrətamiz xarakterlərin təcəssümündə cəmiyyət üçün yararlı surətlər yaratması, insan şüuruna (yaxşı mənada) təsir edərək yüksək mənəviyyatlı, təmiz vicdanlı obrazları təbliğ etməsi idi. Bu mənada filmlərdəki personajların ifaçılıq xüsusiyyətləri (məharətləri) fonunda ideya-bədii prinsipləri diqqət çəkir, ibrətamiz ideyalar təbliğ olunur, müxtəlif dövr hadisələri ilə müasir ictimai həyat arasında bağ yaranır, nəticədə isə uzaqgörən sənətkar müdrikliyi alqışlanır.
Təəssüflər olsun ki, bəzən yaradıcılığı qınaq obyektinə çevrilən rejissorun ömür payının müəyyən hissəsi, demək olar ki, ona və çəkdiyi filmlərə qarşı yönələn təzyiqlərə qarşı mübarizə aparmasına sərf olunub. Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin kinorejissor haqqında məqaləsində Hüseyn Seyidzadənin bu sözlərini oxuyuruq: “Ən çox ona heyfsilənirəm ki, bildiklərimi, təcrübəmi Azərbaycan kinosunun inkişafına tam sərf edə bilmirəm. Daha doğrusu, buna imkan vermirlər...”.
Bu gün də rejissorun filmlərini sevə-sevə izləyən kinosevərlər Hüseyn Seyidzadə fenomeninin Azərbaycan kinosu üçün bir töhfə, tapıntı olduğunu yaxşı bilir, böyük istedad sahibinin yaradıcılığının zənginləşməsinə maneələr yaradılmasına təəssüf hissi keçirir.
“Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” kimi dramatik filmlərə quruluş verən, “O olmasın, bu olsun”, “Qayınana” kimi kinokomediyalar və bir sıra sənədli filmlər ekranlaşdıran Hüseyn Seyidzadə kino fəaliyyətini müxtəlif janrlı filmlərlə əhatələməklə, çəkdiyi ekran əsərlərində məntiq və dərin məzmuna önəm verməklə sənət sevgisini, sənətkar böyüklüyünü təsdiqləmiş oldu.
Hüseyn Seyidzadə üçün yaradıcılıqda vacib şərt hər hansı bir ədəbi materialın ekran təcəssümünü mükəmməl tapması, fəaliyyətində vətəndaşlıq mövqeyindən çıxış etməsi, çəkdiyi filmlərin Azərbaycan kinosuna uğur gətirməsi idi. Sevdiyi məsləyinə, ali məqsədinə ömrünün sonunadək sadiq qalan sənətkarın yuxusuz gecələri, gərgin zəhməti, dərin biliyi sayəsində ərsəyə gətirdiyi, bədii və texniki həlli uğurlu olan filmləri bu mənada bizləri bəzən güldürür, bəzən qəhərləndirir, riqqətə gətirir, bəzənsə dərin düşünməyimizə, düşündükcə də “Allah sənə rəhmət eləsin, müdrik sənətkar” sözünü deməyimizə səbəb yaradır.
Şəhla
ƏMİRLİ
Kinoşüna
Mədəbiyyət.-2019.- 16
oktyabr.- S.7.