Xalqlar dostluğunun tərənnümçüsü

 

 

 

Dağıstanın Xalq şairi Süleyman Stalskinin 150 illik yubiley gecəsi keçirildi

 

Xəbər verdiyimiz kimi, oktyabrın 15-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Dağıstanın Xalq şairi, ləzgi poeziyanın böyük ustadı Süleyman Stalskinin (1869-1937) 150 illik yubileyi qeyd olunub. Gecə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi və “Samur” qəzeti redaksiyasının təşkilatçılığı ilə gerçəkləşdi.

Aparıcı çıxış edərək ləzgi poeziyasının banisi Süleyman Stalskinin ömür yolundan danışdı. Diqqətə çatdırdı ki, Süleyman Həsənbəy oğlu Həsənbəyov 18 may 1869-cu ildə Kürə mahalının Aşağı Stal aulunda dünyaya göz açıb. Erkən çağlardan həyatın  çətin sınaqları ilə qarşılaşıb. Sözə, sənətə maraq göstərib, el sənətkarı kimi şöhrət qazanıb. Bir müddət Azərbaycanda yaşayan, Azərbaycan dilində də şeirlər yazan şair xalqlar dostluğunu tərənnüm edib.

Tədbirdə 1957-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan və Süleyman Stalskinin xatirəsinə həsr edilən “Mahnı belə yaranır” filmindən fraqment nümayiş olundu.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək S.Stalskinin yaradıcılığından söz açdı. Bildirdi ki, Dağıstan və ləzgi ədəbiyyatı xəzinəsinə dəyərli əsərlər bəxş edən şair çoxları üçün yüksək insani dəyərlər və mənəvi zənginlik rəmzi olub. O, şeirlərini həm ləzgi, həm də Azərbaycan dilində yazıb. Görkəmli rus yazıçısı Maksim Qorki onu “XX əsrin Homeri” adlandırıb. Dağıstanın ilk Xalq şairi olan Süleyman Stalskinin əsərləri nəinki MDB məkanında, eyni zamanda onlarla ölkədə müxtəlif dillərdə çap olunub.

Rusiya Federasiyasının Dağıstan Respublikasının ölkəmizdəki müşaviri Lyudmila Kaziyeva çıxışında bildirdi ki, Süleyman Stalskinin yaradıcılığı Dağıstanın mədəni həyatında mühüm yer tutur. Buna görə də Dərbənd, Mahaçqala və digər şəhərlərdə şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Onun poeziyası insan təbiətinin mahiyyətini açmağa imkan verir. Diqqətə çatdırıldı ki, S.Stalski təhsildən kənar, dünya ədiblərinin yaradıcılığından uzaq düşsə də, öz dilində sözləri cilalamağı bacarıb. Buna görə də şeirlərində xalqının həyat və məişətini, mədəniyyətini əks etdirə bilib.

Samur” qəzetinin baş redaktoru, yazıçı-publisist Sədaqət Kərimova çıxış edərək S.Stalskinin həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, şair ehtiyac üzündən yurdundan aralı düşüb. İki il Gəncə şəhərində yaşayıb. Burada ingilislərin biyan kökü tədarük edən “Dalğazavodunda fəhlə işləyib. Sonra dalınca Səmərqənd şəhərinə gedib və dəmir yolunda fəhləlik edib. Yenidən Azərbaycana qayıdıb və Bakıda neft mədənlərində çalışıb. 30 yaşında doğma aullarına qayıdan şair zəmanəsinin ədalətsizliyini qamçılayan əsərlər yaradıb.

Samur” Ləzgi Milli Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri İmran Rzayev şairin yaradıcılığından danışdı. Qeyd etdi ki, ötən əsrin birinci yarısında dağlıların keçdiyi həyat yolu – inqilabın həyəcanları, sonrakı illərin çətinlikləri və ağrıları S.Stalskinin yaradıcılığında öz əksini çox parlaq şəkildə tapıb. Vurğulandı ki, xalqlar dostluğu mövzusu onun əsərlərində geniş yer tutur. 7 avqust 1934-cü ildə Moskvada ittifaq yazıçılarının I qurultayı keçirilərkən rəyasət heyətində M.Qorki və digər yazıçılarla birgə S.Stalski də əyləşir. Şair qurultayda Azərbaycan dilində təbrik nitqi söyləyir və axırda “Gəlmişik” şeirini səsləndirir.

Bizim dağlar yurdu genişdir tamam,

Şairə edilir böyük ehtiram.

Budur, Süleyman da gətirmiş salam,

Qurultaya əldə əsər gəlmişik.

İmran Rzayev ləzgi xalqına göstərilən diqqətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi.

Çıxışlardan sonra qiraətçilər Qorxmaz Həsənov, Elmira Fərəməzova, Asif Salmanov, Ofeliya Pirverdiyeva başqaları şairin Azərbaycan, ləzgi rus dillərində şeirlərini söylədilər. Müğənnilərdən Cəvahir Abdulova, Rəşad İbrahimov Roza Hacımuradovanın ifasındaAdaxlı”, “Şarvilinin toyu”, “Sarı yarpaq yağışıləzgi xalq mahnıları ifa olundu. Çıxışlar alqışlarla qarşılandı.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.3.