Beynəlxalq Türk
Akademiyasının Azərbaycana aid nəşrləri
Bakıda Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən qazax dilində çap olunmuş nəşrlərin – ulu öndər Heydər Əliyevin həyat yolu və fəaliyyətindən bəhs edən “Elinə yol açan” kitabının, “Azərbaycan ədəbiyyatı antologiyası”nın, İmadəddin Nəsiminin “Mən aləmə sığmazam” adlı şeirlər toplusu və qazax şairi Mağjan Jumabayevin Azərbaycan dilinə çevrilmiş şeirlər kitabının təqdimatı keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının “Türk dünyası ədəbiyyat antologiyası” seriyasından qazax dilində ilk olaraq “Azərbaycan ədəbiyyatı antologiyası”nı çap etməsini yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, BTA tərəfindən UNESCO-da, eyni zamanda Nur-Sultanda keçirilən beynəlxalq forumlar çərçivəsində İmadəddin Nəsiminin 650, Cəlil Məmmədquluzadənin 150, Əhməd Ağaoğlunun 150, Cəfər Cabbarlının 120 illik yubileyləri qeyd edilib.
BTA-nın daimi katibi Asxat Kesikbayev təşkilatın son illər həyata keçirdiyi layihələr, təqdim olunan nəşrlər barədə məlumat verib. Bildirib ki, qeyd olunan layihələr Azərbaycanın Qazaxıstandakı səfirliyi və AMEA ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib. Bundan sonra digər türk xalqlarının da ədəbiyyat antologiyaları çap olunacaq.
“Elinə yol açan” kitabı barədə geniş məruzə ilə çıxış edən tarix elmləri doktoru Eynulla Mədətli ilk dəfə qazax dilində Heydər Əliyevlə bağlı belə irihəcmli kitabın çapdan çıxdığını deyib.
Filologiya elmləri doktoru Fəridə Əzizova Nəsiminin “Mən cahana sığmazam” şeirlər kitabı haqqında məlumat verib. Bildirib ki, 47 yaşında edama məhkum edilən Nəsiminin 47 şeirinin qazax dilinə tərcümə olunaraq kitaba salınması rəmzi məna daşıyır.
Filologiya elmləri doktoru Əlizadə Əsgərli “Azərbaycan ədəbiyyatı antologiyası” barədə danışaraq qeyd edib ki, antologiyada XII-XX əsrlərdə yaşamış 20 şair və yazıçının seçilmiş əsərləri toplanıb.
Sonda akademik
İsa Həbibbəyli BTA-nın prezidenti Darxan
Kıdıraliyə Azərbaycanın elmi
ictimaiyyəti adından təşəkkür edib.
Mədəniyyət.- 2019.- 18
oktyabr.- S.2.