“Xəmsə”nin özbək dilində nəşrinin
təqdimatı
Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə tərcümə edilərək nəşr olunub. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində nəşrin təqdimatı keçirilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri açaraq bildirib ki, Nizami “Xəmsə”sinin tam şəkildə özbək dilinə tərcümə edilməsi dahi şairin yaradıcılığının tədqiqi tarixinə mühüm bir töhfədir.
Qeyd olunub ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) 2015-ci ildə Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemaların özbək dilinə tərcüməsi barədə Xalq şairi Camal Kamalla müqavilə imzalayıb və artıq iş başa çatıb.
AMM-in direktoru Samir Abbasov diqqətə çatdırıb ki, indiyədək mərkəzin təşəbbüsü və dəstəyi ilə 60-dan artıq kitab nəşr edilib.
Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Babaxan Şərif Nizaminin əsərlərinin indiyədək özbək dilinə hissə-hissə çap olunduğunu bildirərək yeni nəşrin əhəmiyyətini vurğulayıb.
Tarixçi alim
Şöhrət Barlaş Azərbaycan və
özbək xalqları arasındakı dostluq
əlaqələrindən bəhs edib. Rusiyada yaşayan azərbaycanlı
türkoloq, professor Tofiq Məlikli, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Ramiz Əskər çıxış edərək
təqdim olunan kitabın əhəmiyyətindən
danışıblar. R.Əskər hazırda Əlişir Nəvainin
“Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsinin başa çatmaq üzrə
olduğunu bildirib.
Mədəniyyət.- 2019.- 18
oktyabr.- S.3.