“Sanki bir
alovsan”
Ankarada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Sanki bir alovsan” (“Sanki bir alevsin”) adlı şeirlər toplusu nəşr olunub. Filologiya üzrə fəlsəfə doktoru, şair, yazıçı Sona Vəliyevanın rəhbərliyi ilə “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirilən layihə çərçivəsində nəşrə hazırlanan kitab Avrasiya Yazıçılar Birliyi tərəfindən çap edilib.
Şeirlər toplusu Türkiyənin “Bengü” yayınları brendi ilə oxuculara təqdim olunan “Azərbaycan ədəbiyyatı”nın seçilən nəşrləri sırasına daxildir. Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlunun layihə rəhbəri olduğu bu nəşrlər türk dünyasının tanınmış yazıçı və şairlərinin əsərlərini təqdim edir.
Qeyd edək ki, indiyədək Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Daşkənddə özbəkcə, Londonda ingiliscə, “Ulduzlar göylərdə düzülsəydi sırayla” kitabı Moskvada rusca, Minskdə Belarus dilində nəşr olunub. Bundan başqa, onun şeirləri ayrı-ayrı ölkələrdə ədəbiyyat jurnalları və nəşrlərdə poeziyasevərlərə təqdim edilib.
Ankarada nəşr olunan “Sanki bir alovsan”
kitabının redaktoru AZƏRTAC-ın
Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir
Şahtaxtıdır. Şeirlər tərcüməçi,
yazıçı Mətin Yıldırım tərəfindən
Anadolu türkcəsinə
uyğunlaşdırılıb.
Mədəniyyət.- 2019.- 18
oktyabr.- S.7.