Qazaxıstanlı nazirlər Mədəniyyət və İncəsənət Universiteti ilə tanış olublar

 

Qazaxıstan Respublikasının Mədəniyyət və İdman naziri xanım Aktotı Raimkulova və Təhsil və Elm naziri Asxat Aymaqambetov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qonaqlara universitetin tarixi, fəaliyyəti barədə məlumat verib. ADMİU-nun fakültələri tədris olunan ixtisaslar haqqında danışan rektor qeyd edib ki, dünyanın müxtəlif ölkələrinin incəsənət təmayüllü ali təhsil ocaqları ilə əlaqələrin qurulması təcrübə mübadiləsi universitetin fəaliyyətinin prioritet istiqamətlərindəndir. C.Mahmudova ADMİU-nun Qazaxıstanın müvafiq ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini, qazaxıstanlı tələbələrin universitetdə elmi təcrübə keçdiklərini qeyd edib.

Görüşdə Azərbaycanın türkdilli dövlətlərlə mədəniyyət, incəsənət, elm təhsil sahələrində daha sıx əməkdaşlığının vacibliyi vurğulanıb.

Qonaqlar da bu məqama diqqət çəkərək bundan sonra da iki ölkə arasında əlaqələrin inkişaf etməsi, birgə layihələrin reallaşması üçün qarşılıqlı səylərin zəruriliyini qeyd ediblər.

Daha sonra rektor qonaqları universitetin binası, tədris və yaradıcılıq prosesi ilə tanış edib. Vernisaj zalında nümayiş olunan xalçaqobelen sərgisi qazaxıstanlı nazirlərin xüsusi marağına səbəb olub. Qonaqlar universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirərək kollektivə uğurlar arzulayıblar.

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.4.