Tanınmış musiqişünas Seyran Qafarovun xatirəsi anılıb

 

 

 

Oktyabrın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında istedadlı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Seyran Qafarovun anadan olmasının 50 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə  Seyran Qafarovun qısa, lakin mənalı ömür yolundan, zəngin yaradıcılıq axtarışlarından danışıb.

Bildirilib ki, Seyran Qafarov 1969-cu il oktyabrın 2-də Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının tarixi-nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993-1997-ci illərdə BMA-nın “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasında işləyib. 1997-2010 illərdə Türkiyədə ixtisası üzrə pedaqoji fəaliyyət göstərib. Həmçinin BMA-da Musiqi tarixi kafedrasında baş müəllim işləyib. Gənc musiqiçilərə Qərb musiqi tarixi, AsiyaAfrika xalqlarının musiqisini tədris etməklə yanaşı, BMA-nın laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqında elmi araşdırmalarını davam etdirib. S.Qafarovun 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi dissertasiya işi 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən doktorluq elmi dərəcəsi ilə təsdiq olunub.

Diqqətə çatdırılıb ki, Seyran Qafarov Türkiyə və Azərbaycanda beynəlxalq simpoziumkonfranslarda elmi məruzələrlə çıxış edib, nüfuzlu elmi toplularda məqalələri dərc olunub. O, 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib. Ömrünün 49-cu payızında vəfat edən Seyran Qafarovun Azərbaycan musiqişünaslığına verdiyi töhfələr onu bütün zamanlarda xatırladacaq.

Tədbirdə Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovamusiqişünas Nərgiz Qulamovanın tərtibçiliyi ilə işıq üzü görən kitabın təqdimatı olub. Kitabda Seyran Qafarovun müxtəlif illərdə Azərbaycan, türkrus dillərində ölkəmizdə və xaricdə dərc olunan məqalələri, müsahibələri, konfrans materialları toplanıb. Nəşrin elmi redaktoru Firəngiz Əlizadə kitabla bağlı fikirlərini bölüşüb.

Sonra Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova, geologiyamineralogiya elmləri doktoru Rahid Rəhmanov və digər alimlərin mərhum musiqişünas haqqında çıxışları dinlənilib.

Sonda Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova oğlunun xatirəsinə göstərilən ehtirama görə bütün iştirakçılara minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2019.- 18 oktyabr.- S.6.