Musiqimizə daha bir töhfə
Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan bəstəkarlıq məktəbi daim öz ənənələri ilə seçilmiş və dünya musiqisində böyük nüfuz qazanmışdır. Bunun başlıca amili isə bəstəkarlarımızın milli köklər zəminində formalaşmış və klassik musiqi ənənələri ilə düzgün təmas təşkil etmiş zəngin yaradıcılıq irsidir. Bu yerdə Üzeyir bəyin belə bir deyimi yada düşür: “Əgər bir musiqi sənin öz xalqının xoşuna gələrsə, bil ki, o, bütün xalqların xoşuna gələcək və beynəlmiləl bir əsər olacaq”.
Sevindirici haldır ki, bu ənənə indi də davam
edir. Musiqimizə bəxş olunan
yeni töhfə fikirlərimizin əyani sübutudur. Bu töhfə sentyabrın
27-də Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında tamaşa etdiyim “Məhsəti” operasıdır.
Operanın XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında tamaşaya qoyulması təsadüfi
deyil. Bu əsərlə
bəstəkar Pikə
Axundova, libretto müəllifi
Leyla Qədirzadə, baş rolların ifaçıları – əməkdar
artistlər İnarə
Babayeva (o həm də əsərin quruluşçu
rejissorudur), Ramil Qasımov və yaradıcı heyətin digər üzvləri Üzeyir bəyin varisləri olaraq ona və sənətə
olan ehtiramlarını
ifadə etdilər. Elə əsərin mövzusu da ömrünü sənət yolunda şam kimi əridən
Məhsəti Gəncəvinin
taleyindən bəhs edir.
“Məhsəti” operasının
yaranması bir neçə amillərlə
mühüm əhəmiyyətə
malikdir. Əvvəla, onu qeyd etməliyik ki, bu əsər XXI əsrdə Azərbaycan musiqisinə daxil olan üçüncü
operadır. Yeni əsrin əvvəlində
Vasif Adıgözəlovun
“Natəvan”, sonra isə Firəngiz Əlizadənin “İntizar”
operası yaranıb. Gənc bəstəkar Pikə Axundova öz adını bu müqtədir sənətkarların
sırasına daxil etdi.
Operanın musiqi dili milli
intonasiyalarla klassik musiqi xüsusiyyətlərinin
vəhdətinə əsaslanır. Məhz bu
bacarığı ilə
də bəstəkar öz sələflərinin
yolunu layiqincə davam etdirir. Mövzu seçimi də çox təqdirəlayiqdir.
Çünki bununla
bəstəkar bir daha poeziya və
musiqinin vəhdətini
opera səhnəsinə gətirdi.
“Vaqif” (bəstəkar
Ramiz Mustafayev) və “Natəvan” (bəstəkar V.Adıgözəlov)
operalarından sonra bu silsiləyə Məhsəti Gəncəvinin
də adının daxil olması Azərbaycan poeziyasının
musiqidə təcəssümünün
ifadəsidir.
Neçə illər öncə
görkəmli alim, akademik Rafael Hüseynovun “Məhsəti necə varsa”
kitabını oxumuşdum.
Şairənin əzab-əziyyət içərisində yaşamasına
baxmayaraq, həyat və sənət aşiqliyi sanki məni heyrətdə qoymuşdu. Düşündüm
ki, yalnız Tanrı tərəfindən
seçilib sevilənlər
belə bir ömrə sahib ola
bilər. “Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər”,
– deyən Məhsəti
xanım dünyanın
qızıl kuzələrindən
dolduğu acını
da, şirini də Allahın ona bəxşişi, ömür payı kimi qəbul edərək gözəl,
cəsarətli, məfkurəli
bir qadın ömrü
yaşadı.
Gözəlliyi və əqidəsi ilə diqqət çəkən Məhsəti
Gəncəvinin obrazını
operaya gətirmək zamanımız üçün
son dərəcə etik
və estetik təsir aşılayan bir amildir. Bəstəkar
Pikə Axundova,
libretto müəllifi Leyla
Qədirzadə, quruluşçu
rejissor və Məhsəti obrazını
yaradan İnarə Babayeva, quruluşçu baletmeyster – Xalq artisti Təranə Muradova, xormeyster Şəhla Ələkbərova,
geyim üzrə rəssam – Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova,
Xanəndə qız rolunu oynayan - Əməkdar artist Fərqanə
Qasımova və tamaşada iştirak edən digər xanımlar sanki Məhsəti ilə müasir dövr xanımları arasında
bir mənəvi körpü yaratmağa
nail oldular.
Bu işdə isə
bəstəkar və
libretto müəllifinin rolu
çox böyükdür. Çünki əsərin mövzu dairəsi, onun dramaturji xətti, süjetlərin inkişaf
dinamikası və bu kimi cəhətlər
libretto müəllifinin, onların
musiqidə təcəssümü
isə bəstəkarın
düşüncəsinin təzahürüdür.
Libretto və musiqi dramaturgiyasının
bir-birini tamamlaması
da operanın taleyinin uğurlu olmasına dəlalət edir. Bu uğur
həm də ifaçıların çıxışları
ilə bağlıdır.
Bu həm də
musiqi mədəniyyətimizin
uğurudur.
Bəstəkar Pikə Axundova mahir pianoçu, pedaqoq, elmi iş
üzərində çalışan
bir tədqiqatçı
kimi opera sahəsində
bacarığı ilə
də öz peşəkarlığını isbat etdi. Operada Məhsətini
oynayan İnarə Babayeva və Məhsətinin həyat yoldaşı olan Əmir Əhməd obrazını yaradan Ramil Qasımov öz sənətkarlıq
bacarıqlarının yüksək
imkanlarını nümayiş
etdirdilər. Digər
personajları canlandıranlar
– Taleh Yəhyayev
(Sultan Səncər), Fəhmin
Əhmədli (Vəzir),
İlqar Məclumov (Nizami Gəncəvi), Fəxri Kazım Nicat (Qasid) də
öz rollarının
öhdəsindən layiqincə
gələ bilmişlər.
Operanın musiqi stilistikası rəngarəng ritmik və melodik xüsusiyyətlərlə zəngindir. Bu cəhətlər orkestrovkada da peşəkarlıqla işlənilib. Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun idarəsi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri operanın musiqisini bütün təfərrüatı ilə dolğun şəkildə ifa edirdi. Xor və solistlərlə orkestr arasında vəhdəti əsərin maraqla qarşılanmasının əsas səbəblərindən hesab etsək deyə bilərik ki, bu cəhət operada müsbət məcradadır. Operanın səhnələşdirilməsində quruluşçu rəssam Fərid Nəcəfov və video mühəndisi Dmitri Morozov da öz üzərlərinə düşən işi uğurla həyata keçirmişlər.
“Məhsəti” operasının musiqi xarakteristikasından danışarkən bir cəhəti xüsusi qeyd etmək istəyirəm. Bu da əsərdə muğamdan istifadə məsələsidir. Operanın I şəklində toy səhnəsində Xanəndə qız obrazının musiqi dilini bəstəkar “Segah” muğamı üzərində qurub. Bununla o həm Üzeyir bəyin muğam ənənəsini qoruyub saxlayır, həm də Məhsəti şeirinin muğam janrı ilə vəhdətini ifadə edir. Xanəndə qız obrazının Əməkdar artist Fərqanə Qasımovaya həvalə olunmasını ayrıca vurğulamalıyıq. Fərqanə xanımın klassik muğam avazlarının müasir təfsirdə ifa etmək bacarığı onun operadakı maraqlı çıxışına da zəmin yaratdı.
Bir sözlə, “Məhsəti” operasını ərsəyə gətirən yaradıcı heyət musiqimizə daha bir töhfə bəxş edərək XII əsrin şairəsini bir daha mənən bizimlə görüşdürdülər. 2003-cü ildə mənə “Məhsəti Gəncəvi” mükafatı təqdim olunanda düşünürdüm ki, kaş bu xanımın yaradıcılığı barədə yaza və deyə biləydim. “Məhsəti” operası mənə bu imkanı da yaratdı. Operanın bütün yaradıcı heyətini təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.
Məhsəti Gəncəvinin təbirincə desək:
Sənətin cəfası acıdır müdam,
Sənət şərbətini içməz hər adam.
Əziz sənətçi dostlar, cəfası acı olan sənət yolunuzun səfası xoş, şirin sənət şərbətimiz isə sizlərə nuş olsun.
Səadət TƏHMİRAZQIZI
sənətşünaslıq üzrə fəlsəfə
doktoru
Mədəniyyət.- 2019.- 18
oktyabr.- S.5.