Teatr Xadimləri
İttifaqının konfransı keçirildi
Xalq artisti Azər
Paşa Nemətov növbəti müddətə
yaradıcı qurumun sədri seçildi
Oktyabrın 22-də Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirildi. “Park Inn” hotelində keçirilən tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov iştirakçıları salamlayaraq məlumat verdi ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir.
Hesabatlara başlamazdan əvvəl iştirakçılara Teatr Xadimləri İttifaqının hesabat dövründəki fəaliyyətini əks etdirən geniş videoçarx nümayiş etdirildi.
Sonra hesabat dövründə dünyasını dəyişmiş sənət adamlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
ATXİ İdarə heyətinin sədri Azər Paşa Nemətovun təklifi ilə 3 nəfərdən ibarət mandat komissiyası seçildi.
İclası aparmaq üçün professor, Əməkdar incəsənət xadimi İlham Rəhimli yekdilliklə sədr seçildi.
Sonra Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi çıxışının əvvəlində Azərbaycan teatrının keçdiyi inkişaf yolundan bəhs etdi, bu sahəyə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini dedi. Vurğuladı ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bunun bariz nümunəsidir. Dövlətin qayğısı, həmçinin sənət adamlarımızın fədakarlığı sayəsində Azərbaycan teatrı yaşayır, inkişaf edir.
Məruzədə hesabat dövründə yaradıcılıq ittifaqının gördüyü işlər barədə məlumat verildi. Görkəmli teatr xadimlərinin yubileylərinin keçirildiyi, onlarla bağlı xatirə albom-kitablarının hazırlanıb nəşr edildiyi, yaxın və uzaq xarici ölkələrdən gəlmiş teatr xadimlərinin iştirakı ilə ustad dərslərinin, eləcə də gənc aktyor, rejissor və dramaturqlar, tənqidçilər üçün təşkil edilmiş yaradıcılıq laboratoriyalarının təşkil edildiyi diqqətə çatdırıldı: “Bununla yanaşı, ittifaqın nəzdində müxtəlif teatrlarda çalışan rejissorlar tərəfindən tamaşalar hazırlanıb, həmin tamaşalar xarici ölkələrdə qastrol və festivallarda iştirak edib. Gürcüstan və Bolqarıstan teatrları və teatr təşkilatları ilə yaradıcılıq memorandumları imzalanıb. Sevindirici haldır ki, bu münasibətlər təkcə paytaxt Bakını yox, həm də bölgə teatrlarını da əhatə edir”.
Məruzəçi ATXİ-nin xətti ilə keçirilən festival və müsabiqələr barədə də məlumat verdi.
Sonra Azərbaycan Teatr Xadimləri İttifaqı Təftiş komissiyasının sədri, Xalq artisti Vaqif Əsədov hesabat verdi. Hesabatda ötən dövrdə görülmüş işlər, gəlirlər və xərclər barədə geniş məlumat yer almışdı.
Ardınca mandat komissiyasının məlumatı dinlənildi.
İclasın sədri İlham Rəhimli “Azərbaycan teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramının
əhəmiyyətini qeyd
edərək, proqramın
həyata keçirilməsində
Mədəniyyət Nazirliyinin
böyük rolunu vurğuladı. Sonra çıxış üçün söz Mədəniyyət naziri Əbülfəs Qarayevə
verildi.
Nazir öncə
konfrans iştirakçılarını
ölkəmizin bütün
mədəniyyət işçiləri
adından salamladı. Azərbaycanda
teatr sənətinin daim dövlətin qayğısı ilə əhatə olunduğunu deyən Əbülfəs
Qarayev ötən illərdə ölkə Prezidenti tərəfindən
bu istiqamətdə fərman və sərəncamların imzalandığını,
paytaxt Bakıda, eləcə də digər şəhərlərimizdə
teatr binalarının
əsaslı təmir
edildiyini, müasir texniki qurğularla təmin edildiyini, yüksək səviyyədə
yaradıcı fəaliyyət
üçün şərait
yaradıldığını diqqətə çatdırdı.
Son ildə müvafiq dövlət proqramının
necə yerinə yetirildiyi barədə geniş danışan nazir ölkəmizdə artıq ənənə halını alan beynəlxalq teatr konfransı və festivallarının keçirildiyini,
teatrlarımızın beynəlxalq
əlaqələrinin genişlənməsi,
xarici ölkələrdə
müxtəlif festivallarda
iştirakının da
diqqətdə saxlanıldığını
vurğuladı.
Eyni zamanda qeyd edildi
ki, əldə olunan nailiyyətlərlə
bərabər nöqsanlar
da yox deyil:
“Bütün teatrlarda
lazım olan şəraiti tam yarada bilməmişik. Lakin burada toplaşmış
teatr sənətçiləri
2006-cı ilədək işlədikləri
şəraiti yadlarına
sala bilərlər.
Nöqsanları da ardıcıllıqla
aradan qaldırırıq.
Bu gün bizim
həyata keçirdiyimiz
əsas işlər dövlət proqramı çərçivəsində gördüyümüz işlərdir.
2009-cu ildən bu günədək proqram çərçivəsində
görülmüş işləri
bir-bir sadalasaq, saatlarla vaxt gedər və buna ehtiyac da
yoxdur. Bu gün artıq qarşıdakı
on il üçün
milli teatr prosesinin necə gedəcəyi barədə
düşünməliyik: peşəkar
teatr bundan sonra necə inkişaf edəcək, milli irs, dəyərlər,
adət-ənənələr bu sənətdə necə qorunacaq, eksperimentlər necə aparılacaq kimi suallara cavab vermək, bütün bunların növbəti
on il ərzində işləyəcək teatr
proqramında əks etdirilməsi barədə
düşünmək və
həyata keçirilməsi
üzərində çalışmaq
lazımdır”.
“Teatr cəmiyyətin
aynasına çevrilməlidir”
deyən nazir Əbülfəs Qarayev Teatr Xadimləri İttifaqının hesabat
dövründəki fəaliyyətini
qənaətbəxş hesab
etdiyini bildirdi.
Sonra hesabat məruzəsi ətrafında
çıxışlar başladı.
Bakı
Xoreoqrafiya Akademiyasının
professoru Rafiq Sadıqov, ADMİU-nun kafedra
müdiri, dramaturq Əli Əmirli, Bəstəkarlar İttifaqının
katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova, C.Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Musiqili Dram Teatrının
rejissor-aktyoru Xalq artisti Kamran Quliyev, Lənkəran Dövlət Dram Teatrının
aktyoru, Xalq artisti Qabil Quliyev,
ADMİU-nun dosenti, Əməkdar
artist Azad Şükürov, Xalq artisti, tanınmış
rejissor Cənnət Səlimova, ATXİ Gənclər
bölməsinin rəhbəri,
teatrşünas Dağlar
Yusifov hesabat məruzəsi ətrafında
çıxış edərək
ittifaqın və
ATXİ İdarə heyəti
sədrinin fəaliyyətini
müsbət, təftiş
komissiyasının işini
məqbul qiymətləndirdilər.
Fasilədən sonra ATXİ İdarə heyətinin sədri, üzvləri, habelə təftiş komissiyası
heyəti ilə bağlı səsvermə
keçirildi.
Açıq səsvermə yolu
ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı
İdarə heyətinin
sədri seçildi.
Sonra təftiş
komissiyası əvvəlki
heyətdə təsdiq
edildi.
ATXİ İdarə heyəti sədrinin müavinlərini
və İdarə heyətinin tərkibini elan etmək üçün tribunaya qalxan sədr Azər Paşa Nemətov əvvəlcə
etimada görə konfrans nümayəndələrinə
minnətdarlığını bildirdi: “Sizin etimadınız o deməkdir
ki, mənim həyatım boş keçməyib”.
Xalq artistləri Hacı İsmayılov, Rafiq Əliyev, Cənnət Səlimova, Siyavuş Kərimi, Azər Zeynalov, Əməkdar incəsənət xadimi İlham Rəhimli yekdilliklə idarə heyətinin üzvü seçildilər. Bundan əlavə,
Hacı İsmayılov
və Rafiq Əliyev ATXİ İdarə
heyəti sədrinin müavinləri vəzifəsinə
təsdiq olundular.
Konfransın növbəti hesabat dövründə görəcəyi
işlər barədə
qərar layihəsini Xalq artisti Nurəddin
Mehdixanlı, Teatr Xadimləri İttifaqının
bəyannaməsini İdarə
heyətinin üzvü
Hacı İsmayılov
oxudu.
Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının
XIV konfransı öz işini başa çatdırdı.
GÜLCAHAN
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.1-2.