Milli geyim mədəniyyətimizin
bilicisi
Bədurə Əfqanlının həyat
və yaradıcılığını əks etdirən sərgi
və kitabın təqdimatı
Oktyabrın 22-də Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığını əks etdirən retrospektiv sərginin açılışı oldu. Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirdə rəssamın yaradıcılığına həsr olunmuş “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabının təqdimatı da keçirildi.
Tədbiri Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bildirdi ki, sərgidə ilk dəfə olaraq rəssamın arxivindən materiallar, qrafik əsərləri nümayiş olunur. Bədurə Əfqanlı haqqında kitabın müəllifi Rafael Gülməmmədli rəssamın yaradıcılığının bütün məqamlarını əks etdirməyə çalışıb.
Sonra Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış etdi. Nazir müavini bildirdi ki, Azərbaycanın ilk qadın teatr rəssamı olan Bədurə Əfqanlının yaradıcılığı təsviri sənət tariximizdə müstəsna yer tutur. O, ömrünün təqribən 40 ilini teatra və milli rəqs geyimlərinin yaradılmasına, həmçinin 15 ilini kino sənətinə həsr edib, bu sahələr üzrə tarixi və sənətkarlıq baxımından olduqca dəyərli əsərlər yaradıb. Bununla da Azərbaycan kino, teatr və rəqs geyimi rəssamlığı ənənələrinin inkişafına əvəzsiz töhfələr verib. Rəqs geyim rəssamlığı məhz onun adı ilə bağlıdır.
Kitabın ərsəyə gəlməsində Eldar Ağamalov və Rafael Gülməmmədlinin böyük əməyi olduğunu deyən nazir müavini Bədurə Əfqanlı yaradıcılığının gələcək nəsillərə çatdırılması istiqamətində gördükləri bu işə görə onlara təşəkkür etdi.
Daha sonra çıxış edən Rafael Gülməmmədli bildirdi ki, kitab-albomda rəssamın sənətə gəldiyi dövrdən – 1933-cü ildən sonrakı 70 ilə yaxın müddət ərzində teatr, kino və rəqs sənəti sahələrində yaratdığı rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya eskizləri toplanıb. Albomda B.Əfqanlının şəxsi gündəliyindən və qeydlərindən də istifadə edilib. Həmin qeydlərdə rəssamın teatr, kino və rəqs geyimi rəssamlığına, Azərbaycanın milli geyim mədəniyyətinə olan münasibəti, bu sahənin incəlikləri, professional inkişafı barədə fikirləri müfəssəl şəkildə verilib.
O da diqqətə çatdırıldı ki, sərginin ekspozisiyası Bakı İncəsənət Mərkəzinin, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin, Milli İncəsənət Muzeyinin kolleksiyalarından, eləcə də Bədurə Əfqanlının şəxsi arxivinə aid eskizlərdən tərtib olunub. Vurğulandı ki, rəssamın eskizlərindən bu günə kimi istifadə edilir və əsasını qoyduğu məktəb davam edir. O, həmçinin Azərbaycan folklorunun gözəl bilicisi idi, rəqs geyimlərimizə millilik gətirmişdi.
Tədbirdə xalq artistləri Roza Cəlilova, Cəmilə Bayramova çıxış edərək rəssamla bağlı xatirələrini bölüşdülər. Bildirdilər ki, Bədurə Əfqanlının milli rəqs geyimlərindəki naxışları əbədiyaşardır.
Sənətkarın ailəsi adından Bədurə Əfqanlının qardaşı oğlu Eldar Ağamalov çıxış edərək kitabın müəllifinə və sərginin təşkilatçılarına təşəkkürünü bildirdi.
Daha sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə Bədurə Əfqanlının müxtəlif dövrlərdə teatr, kino və rəqs sənəti sahəsində yaratdığı eskizlər, onun əlyazmaları, yaradıcılığı ilə bağlı çap olunmuş materiallar, eləcə də arxiv fotoları nümayiş etdirilir.
L.AZƏRİ
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.1;3.