Teatr adamı beynəlxalq konfransla anıldı
Çağdaş Azərbaycan teatr tarixində onun öz adı, öz imzası var. Ənənəvi teatrı
yeni cərəyanlarla
birləşdirib sənət
tariximizə yeni bir teatr bəxş
edən Vaqif İbrahimoğlu daima sevgi və hörmətlə
anılacaq.
Oktyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində (ADMİU) keçirilən
“Türkdilli xalqların
teatr ənənələri
və müasir teatr dünyasında onların modifikasiya problemləri” mövzusunda
beynəlxalq elmi konfrans da Əməkdar
incəsənət xadimi,
novator rejissor, Yuğ teatrının yaradıcısı Vaqif İbrahimoğlunun 70 illik
yubileyinə həsr olunmuşdu.
Tədbirdə türkdilli xalqların
teatr mədəniyyətinin
tədqiqatçıları, rejissorlar, ali
və orta təhsil müəssisələrinin
müəllimləri, dissertant
və magistrantlar iştirak edirdilər.
Konfransı ADMİU-nun rektoru, professor
Ceyran Mahmudova açaraq Vaqif İbrahimoğlunun Azərbaycan
teatr tarixində xüsusi mövqeyə malik sənətkar olduğunu, özünəməxsus
üslub yarada bildiyini dedi, onun qısa ömür yaşamasına
baxmayaraq, zəngin yaradıcılıq yolu keçdiyini, teatr sahəsində yeniliklərə
imza atdığını
vurğuladı. Vaqif İbrahimoğlunun
teatr sahəsindəki
ideya və konsepsiyasının bu gün də yaşadıldığı və
inkişaf etdirildiyi diqqətə çatdırıldı.
Sonra məruzələr
dinlənildi.
Əməkdar incəsənət xadimi,
professor İlham Rəhimli
“Türkdilli xalqların
əsərləri Azərbaycan
səhnəsində” mövzusunda
çıxış etdi. Məruzəçi bildirdi ki, Azərbaycan
teatr tarixində türkdilli xalqların əsərlərinin tamaşaya
qoyulması xüsusi mərhələ təşkil
edir. Ötən əsrin əvvəllərindən
etibarən qazax, qırğız, tatar, özbək, türkmən
dramaturqlarının əsərləri
Azərbaycan teatrında
səhnələşdirilərək tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
Teatr xronologiyasına nəzər
salan alim 1908-1930-cu illərdə Azərbaycan
teatrında vətənpərvərlik
ideyasının daha geniş vüsət aldığını xatırlatdı.
T.Jurgenov
adına Qazaxıstan Milli İncəsənət
Akademiyasının kafedra
müdiri, professor Saniya
Kabdiyeva “Müasir qazax teatrında ənənələrin transformasiyası”
mövzulu məruzəsində
ölkəsində teatr
sənəti, müasir
dövrün teatr elementlərinin tətbiqi barədə
məlumat verdi.
ADMİU-nun
prorektoru, professor Məryəm
Əlizadə isə
“Rejissor haqqında paradoks...” adlı məruzəsində ölməz
rejissor V.İbrahimoğlunun
əngin yaradıcılığına,
teatr estetikasına fərqli rakurslardan nəzər saldı.
Özbəkistan Dövlət İncəsənət
və Mədəniyyət
İnstitutunun professoru
Temur Raşidov “Mərkəzi Asiyanın teatr sənəti (ənənə və müasirliyin dialektikası)”
adlı məruzəsində
çağdaş teatrın
problematikasını tezislər
şəklində diqqətə
çatdırdı.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə
müdiri, AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlu “Dekadans
mühitində Vaqif İbrahimoğlu və Yuğ” adlı məruzəsində rejissorun
yaratmış olduğu
teatr meyli və onun teatr
prosesinə nüfuz mexanizmini nəzərdən
keçirdi.
Konfransda
həmçinin ADMİU-nun kafedra müdiri, professor Aydın Talıbzadənin
“Perfomativ meditasiya: Eucinio Barbanın tənqidi”, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Fəridə Cəlilovanın “Vaqif İbrahimoğlu yaradıcılığında
məzmunsuz strukturlar”,
teatrşünaslıq kafedrasının
müəllimi Elçin
Cəfərovun “Vaqif İbrahimoğlu yaradıcılığı
Qərb və Şərq teatr mədəniyyətlərinin bifurkasiya
nöqtəsi kimi”, dissertant Tərlan Rəsulovun “Tətbiqi teatr: mövcud durumu və perspektivləri” mövzularında
məruzələri təqdim
edildi.
HƏMİD
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.1;4.