İlk dövlət teatrımız, 100 yaşına xoş gəldin!

 

 

 

Yubilyar haqqında 1-ci yazı, yaxud təbrik əvəzi

 

Təşkilatlanmaq lazım idi. Amma necə? Bir tərəfdən teatrkollektiv sənət idi, tək-tək nədir, heç qrup kimi, dəstə kimi, sabit truppa kimi uzun müddət fəaliyyət göstərmək qəliz məsələ idi. Teatrı dövlət yaratmalı, maliyyələşdirməli idi, imperiya müsəlmanlarının böyük mədəniyyət hadisəsiteatrın varlığı çar Rusiyasına çox da lazım deyildi. Yəni olmasaydı, daha yaxşı olardı.

Elə adda-budda rus dilində təhsil almış beş-on müəllimi, həkimi, dilmancı olsaydı, imperiya maraqları naminə kifayət edərdi. Yəni bir ovuc oxumuş adam dövlətin siyasətini kütləyə çatdırıb, arada da onların fikirlərini, istəklərini hökumətdəkilərə ötürsəydi, bəs idi. Əslində, aşağıdakı qeyri-rusdilli kütlənin düşündüyünü bilmək, istəyindən hali olmaq çar hökumətinə ona görə gərək idi ki, o qara camaatdan gələ biləcək təhlükənin istiqamətini proqnozlaşdırsın, aşağılarda əsən azadlıq, savadlanma rüzigarının əsdiyi tərəfə sipər çəksin. Yoxsa ki, milli teatr?! Dünya dramaturgiyasının şah əsərlərinin tərcümə edilib səhnəyə qoyulması?! Yatanları ayıltmaq üçünmü?! Elə bu səbəblər üzündən illərlə, ta yaranışından Cümhuriyyət dövrünədək Azərbaycan teatrı sənət fədailərinin, xalqının maariflənməsini, gələcəyini düşünən ziyalıların, bir sənətin insan taleyindəki rolunu, tərbiyəsindəki yerini fəhm edən mesenatların sayəsində bütün basqılara, anlaşılmazlıqlara rəğmən yaşadı, irəli getdi...

Ta 1918-ci ilədək.

1918-ci ilin oktyabrı. Azərbaycan Xalq CümhuriyyətiŞərqin ilk respublikası ayaq üstə dayanma cəhdlərinə qapanıb qalmır, demokratik dövlət quruluşu anlayışını həyatın hər bir sahəsində tətbiq etməyə başlayır. Hökumətin 9 oktyabr tarixli qərarı ilə teatr işi Xalq Maarifi Nazirliyinin sərəncamına verilir. Oktyabrın 18-də isə Cümhuriyyət hökumətinin iclasında xalq maarifi nazirinin məruzəsi dinlənilir. Məruzənin müzakirəsindən sonra Mayılov qardaşları teatrının binasının (hazırkı Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının binası) yaradılacaq Dövlət teatrı üçün alınması barədə qərar qəbul edilir. Xalq Maarifi Nazirliyinə tapşırılır ki, binanın ədalətli (!) qiymətə alınmasını təmin etsin. Binanın qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya da yaradılır.

Bu qərar dövrün teatr ictimaiyyətində gələcəyə inam, müntəzəm fəaliyyət göstərmək imkanı vəd edirdi. Həmin gündən başlayaraq, “bu qərardan irəli gələn vəzifələr həll edildiyi müddətdəMüdiriyyət teatr truppası əksər yaradıcı insanlar birləşərək afişa proqramlardaAzərbaycan Hökumət Teatrıadını yazırdılar (İ.Rəhimli: “Azərbaycan teatr tarixidərsliyi, Bakı, 2005)”.

Nəhayət, təsisatı ləngiyən teatr 1919-cu ilin avqust ayında Türk Dövlət Teatrı adı ilə təsis edilir. Böyük tragik Abbas Mirzə Şərifzadənin qardaşı Qulamrza Şərifzadə direktor, Zülfüqar bəy Hacıbəyov direktorun  müavini, Məmmədəli Sidqi teatr heyətinin vəkili təyin edilir. Sentyabr-oktyabr aylarında isəAzərbaycanqəzetində bir neçə dəfə elan dərc olunur ki, dövlət teatrında işləmək üçün aktyorlar dəvət edilir. Nəhayət, oktyabr ayının 22-də ilk truppanın heyəti qəzetdə dərc edilir. Rejissorlar: Aleksandr İvanov, Abbas Mirzə Şərifzadə Sidqi Ruhulla; rəssam: Əzim Əzimzadə. Aktrisalar: Qəmər Topuriya, Yeva Olenskaya, Aleksandra Olenskaya, Nataliya Lizina, Məxfurə Yermakova, Panfiliya Tanailidi, Leyla xanım; aktyorlar: Həsən Səbri Abdullazadə, Məhəmmədtağı Bağırov, Ələkbər Hüseynzadə, Xəlil Hüseynov, Hüseynağa Hacıbababəyov, Ağasadıq Gəraybəyli, Rza Darablı, Bağır Cabbarzadə, Əlislam Dadaşov, Möhsün Sənani, Q.Mahmudov, Mirabdulla Miriyev, Yunis Nərimanov, Hüseynqulu Sarabski, Sidqi Ruhulla, Mirpaşa Sadıqov, Hacıbaba Şərifzadə, Abbas Mirzə Şərifzadə.  

Nəhayət, çoxdan gözlənilən günTürk Dövlət Teatrının rəsmi açılışı yetişir. Oktyabrın 24-də rəsmi açılış gerçəkləşir. Açılışda Nəsib bəy Yusifbəyli başda olmaqla bütün hökumət üzvləri iştirak edirlər. Gənc respublikanın böyük mədəniyyət hadisəsi düz dörd gün bayram edilir. Bu günlərdə ardıcıl olaraq İsa bəy AşurbəyovunAzərbay Can”, Şəmsəddin SamininDəmirçi Gavə”, Cəfər CabbarlınınBakı müharibəsi”, Mirzəbala MəmmədzadəninBakı uğrunda müharibətamaşaları oynanılır.

***

Beləcə, ilk dövlət teatr qurumumuzhazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandı. 1873-cü ildə təməli qoyulmuş Avropa üslublu ilk peşəkar Azərbaycan teatrının varisi, yalnız Cümhuriyyət hökumətinin verdiyi qərarla dövlət statusu alan ana teatr düz yüz yaşını tamamlayır. Əslində, yüz yaş, yaxud yüz il bir əsr zaman tərəzisində bir-birinə bərabərdir. Amma bir əsr deyəndə tarix adama daha qədim, daha uzaq görünür sanki. Ya elə, ya belə: oktyabr ayının 24-də adı dəfələrlə dəyişdirilmiş bugünkü Milli Dram Teatrının birəsrlik yubileyidir, teatr ömrünün ikinci yüzilliyinə qədəm qoyur.

Bu şanlı yubiley Prezident İlham Əliyevin 24 iyul 2019-cu il tarixi “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı  ilə qeyd edilir. Sərəncamda deyilir: “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçmişdir. Ötən dövr ərzində görkəmli nailiyyətlər qazanan Teatr xalqın ədəbi sərvətinə çevrilmiş və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutmuşdur.

Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişlər. Milli Dram Teatrı, eyni zamanda dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynamışdır. Teatrın səhnəsində bədii-estetik dəyəri ilə seçilərək uzun illər repertuardan düşməyən və böyük uğurla nümayiş etdirilərək tamaşaçı yaddaşında silinməz iz qoyan həmin əsərlər ölkə teatrı salnaməsinin parlaq səhifələrini təşkil edir”.

***

Bəli, 24 oktyabr Azərbaycanda birinci dövlət teatrının yarandığı gündür. Belə bir gündə qəlbindəki böyük teatr məhəbbəti səni vadar edir ki, bir qədər (bir qədər? Yox, tam bir əsr!) geri boylanıb uzaq 1919-cu ilin payızına qayıdasan. Həmin gün indiki OperaBalet Teatrının binasına toplaşanları, onların görkəmini, səhnəyə çıxaraq tamaşa oynayacaq aktyorların həyəcanını təsəvvür edəsən...

Onlar necə görünürdülər? Eh, bunu bilməyə nə var ki! Sənədləri, bizimkilərin o dövrə aid təkəm-seyrək yadigar fotolarını gözlərinin qarşısına gətirə bilərsən. Avropada davamlı nəşr olunan dəb dərgilərini (yəqin internetdə axtarış versək, tapa bilərik) vərəqləsək, dövrün modelyerlərinin təklif etdiyi libasların daha sanballısını geyinmiş Azərbaycan ziyalılarını, təhsilli bəyzadələrin obrazlarını gözümüzün qarşısında canlandıra bilərik.

Yaxşı, bəs hava necə idi? Payız yüz il sonranın sonbaharı kimi paytaxt Bakıya gəlməyə tələsmirdi, özünü təkcə saralan yarpaqlarla büruzə verirdi, yoxsa, əməllicə fəsil taxtında oturmuşdu? Bunu da bir qədər araşdırmadan sonra öyrənə bilərik. İstəsək. Amma, hacət? Xalqının maariflənməsini, millətinin imzasını imzalar içində ön cərgələrdə görmək istəyənlərin, bundan ötrü  çalışan, zəhmətə qatlaşan, Azərbaycan insanını həm maddi-sosial, həm iqtisadi-hüquqi, həm mənəvi-mədəni rifah içində görməyi arzulayanların, bütün bunlardan ötrü teatrı cəmiyyətin tərəqqi zəncirində vacib halqa kimi görənlərin könlündə bahar ovqatı, fərəh dolu baxışlarında da bayram sevinci vardı.

Bəs sənət fədailəri? Həmin gün Dövlət Teatrının aktyoru kimi səhnəyə çıxıb rol oynayacaq o böyük amallı sənətçilər hansı hissləri yaşayırdılar? Görən, Həsən bəy Zərdabiyə, Cahangir Zeynalova, Hüseyn Ərəblinskiyə bu günü görməyin qismət olmadığının xiffətini çəkdilərmi?

***

Amma bayram elə bayram idi ki! Təntənəsi ilə, ovqatı ilə!

O gün səhnədə, səhnə arxasında, salonda olanlardan kimsə bilmirdi ki, dövlət statusu almış ilk teatrımız özünü toparlayıb nizamlı kollektivtək formalaşınca daha nələr baş verəcək, ölkənin siyasi həyatının 180 dərəcə fırlanacağı gündən etibarən sadəcə, xarici görünüşünü dəyişmiş rus hökmranlığı nəinki teatrın, bütün yaradıcı sənətlərin istiqamətini müstəmləkə siyasətinin yeridilməsinə yönəldəcək. Amma elə həmin teatrda elə Vətən övladları tapılacaq ki, sovet imperiyası qılıncının qəbzəsinin kəsdiyi zamanda məhz Azərbaycana xidmət edəcək əsərlər oynayacaq, həmişəyaşar obrazlar yaradacaqlar!...

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.- 23 oktyabr.- S.6.