Tədqiqatçı-memarın sənət
yolu
Abidələr təkcə tarixin yaddaşı deyil, eyni zamanda maddi mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Azərbaycan memarlıq və incəsənətinin tarixi və nəzəri problemlərinin tədqiqi, milli sənətin dünya xalqlarının bədii mədəniyyətləri ilə əlaqələrinin araşdırılması ilə məşğul olan AMEA-nın Memarlıq və İncəsənət İnstitutu bu sahədə mühüm uğurlar qazanmışdır.
İnstitutun alimləri Azərbaycan mədəniyyəti və incəsənətinin yaxın-uzaq ölkələrin bədii mədəniyyəti ilə qarşılıqlı əlaqələrini, eləcə də dünya informasiya məkanına inteqrasiya olunması problemlərini araşdırır. Bu elm ocağının Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Rahibə Əliyeva da qeyd olunan istiqamətləri dərindən öyrənən alimlərdəndir.
Rahibə Şanxay qızı Əliyeva 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirmişdir. 1991-ci ildə memarlıq üzrə namizədlik dissertasiyasını müdafiə etmiş, 2007-ci ildə dosent elmi adını almışdır. 1988-ci ildən akademiyanın Memarlıq və İncəsənət İnstitutunda işləyir. 2000-2010-cu illərdə Memarlıq və şəhərsalma tarixi və abidələrin bərpası şöbəsində abidələrin bərpası üzrə qrup rəhbəri olmuşdur.
Qala və Nardaran dövlət qoruqlarının memarlıq irsi ilk dəfə olaraq Rahibə Əliyeva tərəfindən tədqiq edilmişdir. Onun rəhbərliyi ilə İçərişəhər, Qobustan, Atəşgah məbədi qoruqlarında tədqiqatlar aparılmış, bir sıra yeni abidələr aşkarlanmış, şəhərsalma quruluşu, məhəllə sistemi öyrənilmişdir. Bundan əlavə, o, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Şamaxı, Quba, Qazax bölgələrində alban və islam abidələrində araşdırmalar həyata keçirmişdir. Hazırda İçərişəhər qoruğunda abidələrin qorunması üzrə məsləhətçi kimi fəaliyyət göstərir.
Alim-memarın müəllif və həmmüəllifi olduğu 14 kitab işıq üzü görmüşdür. Onun “Abşeronun tarix-mədəniyyət qoruqları”, “Unikal Qala kəndi”, “Əcəmi Əbubəkr oğlu Naxçıvani”, “Zaqatalanın memarlıq irsi” monoqrafiyaları, habelə həmmüəllifliyi ilə hazırlanan “Abşeronda məskunlaşma və memarlıq”, “İçərişəhər Azərbaycan tarixində”, “Azərbaycanın təbiət və memarlıq möcüzələri”, “Landşaft memarlığının tarixi”, “Azərbaycanın dünya əhəmiyyətli abidələri”, “Memarlıq abidələrinin qorunması” və digər nəşrlər elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Onu da qeyd edək ki, bu şöbədə tədqiq olunmuş abidələrin elektron bazası da yaradılır.
R.Əliyeva memarlıq tarixi, nəzəriyyəsi və abidələrin bərpası və qorunması problemləri ilə bağlı Azərbaycan, İran, Türkiyə, Rusiya, Ukrayna, Çexiya, Sloveniya, ABŞ, Gürcüstan, Polşa və s. ölkələrdə jurnallarda nəşr olunan 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra beynəlxalq və respublika elmi konfranslarının iştirakçısıdır.
Alim 2004-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Kiçik müdafiə şurası”nın, Mədəniyyət Nazirliyi nəzdində heykəltəraşlıq əsərlərinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması ilə bağlı komissiyanın üzvüdür. O, Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması ilə bağlı yaradılmış komissiyada və Bakı şəhərinin baş planının hazırlanması üzrə komissiyada da yer almışdır.
Bilik və təcrübəsini gənc nəsillərə ötürən R.Əliyeva 2008-ci ildən 2019-cu ilə kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Landşaft memarlığı kafedrasında çalışmışdır.
Beynəlxalq Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS), Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) müxbir üzvü, Azərbaycan Memarlar İttifaqının həqiqi üzvü olan R.Əliyeva Azərbaycanda alman abidələri ilə bağlı Dövlət Turizm Agentliyi ilə birlikdə tədqiqat işləri aparır.
Alim 2017-ci ildə abidələrin qorunması və bərpası ilə bağlı gördüyü işlərə görə Mədəniyyət və Turizm Nazirliyinin “Milli irs mükafatı”na, AMEA-nın 70 illik yubileyi münasibətilə fəxri fərmana və bir çox mükafatlara layiq görülmüşdür.
Bu il 60 illik yubileyini qeyd edən memar-alim Rahibə Əliyevaya möhkəm cansağlığı və elmi fəaliyyətində yeni müvəffəqiyyətlər arzu edirik.
Rəfiqə AĞAKİŞİYEVA
AMEA Memarlıq və İncəsənət İnstitutu İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Mədəniyyət.- 2019.- 23
oktyabr.- S.7.