100 illik sənət yolunun təntənəsi

 

Yubileylər, daha doğrusu, yubiley keçirmək ənənəsi bir qədər qəribədir. Məsələn, çox kiçik yaşı, yəni, 1, 3, 5 yaş dönümlərini daha təntənəli qeyd edirlər, nəinki 10, yaxud 20. Sanki yaş artdıqca təmtəraqlı yubiley istəmirlər ki, birdən kimsə bayram edilən yaşa yaraşan hansı işlərin görüldüyü, hansı nailiyyətlərin qazanıldığı ilə maraqlanar. Elə ki yubiley gəlib çatır daha böyük, daha yuvarlaq çağlara, yubiley tədbirləri də daha təntənəli, sanballı, yaddaqalan olur.

Oktyabrın 29-da dövlət statusu almasının düz bir əsri tamam olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yubileyi kimi...

Bakının mərkəzində aparılmış uğurlu landşaft rekonstruksiyalarından sonra Füzuli meydanındakı binası təkcə sənət ocağı yox, həm də sənət abidəsi təsiri bağışlayan teatrın işıqları uzaqdan sənətsevərlərə gəl-gəl deyirdi. Pilləkənlərin üstündə bayram ovqatını paylaşacağı kəsi gözləyən, bayramsayağı geyinmiş teatr cameəsinin təmsilçiləri, bir-birini təbrik edən sənət əhli pozitiv enerji paylayıcısı kimi sanki bu işıqlardan yayılan parlaqlığı daha da artırırdı...

Dost-tanışla bayramlaşaraq foyeyə daxil oluruq. Qapıdan ayağımızı içəri qoyan kimi güzgülü sütunların büründüyü, divarları bəzəyən ilk dövlət teatrımızın tarixinin şanlı səhifələrinin təsvirləri, tamaşalardan şəkillər, müxtəlif dövrləri xatırladan kollektiv fotolar ziyarətçiyə deyir ki, sən yüz ildə bir kərə baş tutan olayın şahidisən.

İkinci mərtəbədəki əsas foye isə sanki bir muzeydir. Hər tərəfdə sorağı indiyədək xoş assosiasiya doğuran tamaşalarda görkəmli aktyorların geyindikləri libaslar sərgilənir. Libaslar arasına sığınmış fotostendlərdə isə yüzillik tarixi əks etdirən şəkillər ötüb-keçənləri bizə yaxın edir.   

Əsas hadisə salonda baş verəcək. Biz bayram ovqatını özümüzlə birlikdə salona aparırıq.

Bu gün burada Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət statusu almasının 100 illik yubileyi qeyd olunur. Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi  ilə keçirilən tədbir başlanır.

Teatrın bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov çıxış üçün səhnədədir: “Bu gün bizim qürur günümüzdür. Cümhuriyyətin süqutundan sonra bizim teatr sovet dövründə Azərbaycan ilə birlikdə repressiyalardan, cəbhələrdən keçib, nəhayət, müstəqil ölkəmizlə birlikdə irəliyə doğru addımlayırıq”.

Bədii rəhbər-direktor teatrın tarixinə qısa nəzər saldıqdan sonra qeyd etdi ki, bu gün 100 yaşımızı bizimlə qeyd etmək üçün yaxından-uzaqdan xeyli qonağımız var. Lakin bizim kollektivimiz buradadır. Pərdə açılan kimi milli teatrın bütün kollektivi səhnədə göründü.

Zal yubilyar teatrın böyük kollektivini alqışladı.

Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin Azərbaycan teatr sənətinin inkişafına diqqət qayğısından bəhs edən videoçarxlar nümayiş etdirildi.

Birinci videoçarxda ümummilli liderin Akademik Milli Dram Teatrının tamaşalarına təşrif buyuraraq kollektivlə görüşləri yer almışdı. İkinci videoçarxda ölkə başçısının müvafiq sərəncamları ilə təsdiq olunan dövlət proqramı, teatrın binasının təmirdən sonra açılışı diqqətə çatdırılırdı.

Sonra Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış etmək üçün səhnəyə dəvət olundu.

Teatr ictimaiyyətini, Azərbaycan sənətsevərlərini yubiley münasibətilə təbrik edən nazir dedi ki, 147 illik peşəkar sənət tarixi olan Azərbaycan teatrı həmişə xalqın yanında olub. Lakin 1919-cu il oktyabrın 24-də Azərbaycan teatrının yeni, dövlət səviyyəsində fəaliyyəti başladı. Şükür ki, bu gün Azərbaycan teatrı müstəqil ölkəmizdə öz fəaliyyətini davam etdirir.

Vurğulandı ki, dövlət başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətimizə diqqət qayğısı sayəsində Azərbaycan teatrı yeni inkişaf dövrünü yaşayır. Bu il 2009-2019-cu illər üzrə dövlət proqramı bitir. İndi biz yeni proqram üzərində işləyirik.

Əbülfəs Qarayev 29 oktyabrda Zəngilanın işğalından 26 il ötdüyünü vurğulayaraq qeyd etdi ki, Azərbaycan mədəniyyətinə daim təcavüz olunub: “Bu təcavüzə layiqli cavab isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsidir. Prezident İlham Əliyevin səyləri nəticəsində torpaqlarımız geri qaytarılacaq bu gün məcburi köçkün taleyi yaşayan teatrlarımız geri dönərək fəaliyyətlərini orada davam etdirəcəkdir”.

Nazir Azərbaycan Prezidentinin tapşırığı ilə bu yubiley məclisinə əliboş gəlmədiyini diqqətə çatdırdı Akademik Milli Dram Teatrının bir qrup əməkdaşının təltif olunması haqqında sərəncamları oxudu.

Əbülfəs Qarayev siyahını oxuduqdan sonra hər kəsi bir daha təbrik etdi.

Sonra Akademik Milli Dram Teatrının tarixi haqqında video-çarx nümayiş olundu.

Yubiley gecəsinin qonaqlarından Rusiya Dövlət Akademik Dram Teatrının (Aleksandrinsk teatrı) bədii rəhbəri, Rusiyanın Xalq artisti Valeri Fokinin videotəbriki nümayiş olundu. Təbrikdə vurğulanırdı ki, əgər dövlət teatrın yubileyini qeyd edirsə, bu, artıq böyük hadisədir.

Yubiley tədbirinin proqramı elə qurulmuşdu ki, bir əsr boyunca teatrın üzərində haqqı olan, zəhməti keçən kimsə unudulmamışdı. Tamaşaçı üçün yox, yaradıcı üçün teatr həmişə pyesdən, səhnədə deyiləcək sözdən başlanır.

Növbəti videoçarx Akademik Milli Dram Teatrı ilə birgə çalışmış, əsərləri bu teatrın səhnəsindən həyata vəsiqə qazanmış dramaturqlar haqqında idi. Bu yadigar lentlərdə kimlər yox idi. Adları bir kitaba, əsərləri bir kitabxanaya sığmayacaq, özləri isə sözə sığınan öz sözlərinin sayəsində əbədiyyət qazanmış ədiblər... Dramaturqların şəkilləri ekrana gəldikcə salon hamını alqışladı.

İ.Vazov adına Bolqarıstan Milli Teatrının direktoru Marius Donkin təbrikini videogörüntü ilə yollamışdı. Milli Dram Teatrı ilə təzəlikcə yaradıcılıq əlaqələri quran bolqar teatrının rəhbərinin təbrikində kollektivə xoş diləklər yer almışdı: “Qarşıdakı illərdə sizə həm həyatdan, həm səhnədən zövq almağı arzu edirəm”.

Milli Dram Teatrının öz uzaq-yaxın tarixinə növbəti ekskursunun qəhrəmanlarıteatrda fəaliyyət göstərmiş rejissorlar oldu.

Sonra gecənin qonaqlarıGürcüstan Teatr Xadimləri Cəmiyyətinin sədri Georgi Geqeçkori Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze təbriklərini çatdırdılar.

G.Geqeçkori gənc rəssamın çəkdiyi Mirzə Fətəli Axundzadənin portretini teatra hədiyyə etdi. K.Abaşidze may ayında teatrın Kutaisidəki uğurlu qastrolunu xatırladı: “Qardaş teatra ehtiramımızı bildiririk. Bilin ki, Kutaisi teatrının binası sizin evinizdir bu evdə sizi həmişə gözləyirlər. Mən sizə Şota RustavelininPələng dərisi geymiş pəhləvanəsərini bağışlayıram. Bu kitab bizim üçün İncil qədər əzizdir”.

Ardınca Moskva Satira Teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti, görkəmli teatr kino aktyoru Aleksandr Şirvindtin videotəbriki ekrana gəldi. O, 95 yaşlı satira teatrının adından 100 yaşlı Azərbaycan teatrını təbrik etdi. Videoçarxda teatrın direktoru, soydaşımız Məmməd Ağayev doğma dilimizdə öz təbriklərini çatdırdı.

Akademik Milli Dram Teatrında çalışmış, adı milli teatr sənəti tarixinə qızıl hərflərlə yazılmış, bəzən az qala səhnədəki qəhrəmanları ilə eyniləşdirdiyimiz korifey aktyorlarımızın sənət ömrünü bir film-kitab kimi vərəqlədik, özləri eşitməsələr belə, ekrandakı görüntülərini alqışlarla qarşıladıq.

Sonra yenə təbrik təbrikə calandı. Beynəlxalq Çexov Teatr Festivalının baş direktoru, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının sədri Valeri Şadvin, Belarus Teatr İttifaqının sədri Aleksey Dudarov Moskva Malı Teatrının bədii rəhbəri Lev Dodinin videotəbrikləri nümayiş olundu.

V.Şadvinin təbrikində bu sözlər yer almışdı: “100 il bir növ konkret mərhələnin sonu, yenisinin başlaması deməkdir. Biz yaşlı nəsil bir-birimizi yaxşı tanıyırıq. Amma istərdik ki, bizim əlaqələrimizi cavanlar davam etdirsin”.

Ş.Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti Robert Sturua yubilyar teatrı şəxsən təbrik etdi. R.Sturua aktyorları xüsusi olaraq təbrik edərək dedi: “Hələ Şekspir demişdi ki, bütün dünya teatrdır, insanlar isə aktyor. O, rejissor deməmişdi, aktyor demişdi. Çünki teatr ilk növbədə aktyor deməkdir”.

Onların xoş sözlərindən sonra Azərbaycanda daha çox kino aktyoru kimi tanınıb sevilən, xalqımızın və mədəniyyətimizin dostu, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin təbrik məktubu oxundu: “Böyük məmnuniyyətlə sizinlə birlikdə öz həmkarlarımın uğurlarına və yeni yaradıcılıq nailiyyətlərinə sevinərdim – əminəm ki, onların sayı çoxdur. Bu teatrda müxtəlif vaxtlarda milli dramaturgiyanın klassiklərinin və müasir dövrün müəlliflərinin pyesləri uğurla səhnələşdirilib, rusxarici ədəbiyyat nümunələri əsasında tamaşalar oynanılıb”.

Teatrda məşğul olduğu üçün yubiley tədbirində şəxsən iştirak edə bilməyəcəyinə görə təəssüfləndiyini bildirən görkəmli sənətkarın təbrik məktubu bu arzularla bitir: “Bakı tamaşaçısı ilə yenidən görüşməyə çox şad olardım. Hələlik isə sizinlə birlikdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını bu şanlı yubiley münasibətilə alqışlayır və səmimi qəlbdən teatra uzun ömür, çiçəklənmə, uğurlarbol şans arzulayıram”.

Təbrik çıxışları və videoçarx nümayişləri arasında xalq artistləri Tünzalə Ağayeva və Azər Zeynalov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı öz musiqili təbrikləri ilə yubiley məclisinə şuxluq qatdılar.

Hazırda teatrda çalışan aktyorların yaradıcılıq aləminə səyahət kimi düşünülmüş videoçarxdan sonra yubiley gecəsinin bitəcəyini düşünmək olardı. Amma yox. Bəs nəsillərin davamı? Elə buna görə də böyüklərin səhnədəki təbrikləri bitər-bitməz balacalar – “Çiçəyim” uşaq teatrının azyaşlı aktyorları səhnəyə çıxdılar.

Nəhayət, əksər teatr yubileylərində alışmadığımız kimi yubilyar kollektivin dincəldiyi bayram tədbiri elə kollektiv üzvlərinin çıxışı ilə başa çatdı: Akademik Milli Dram Teatrının himni oxundu.

***

Səhnədə alqışların səhnə arxasında davam edəcəyini, yubiley tədbirinin həyəcanını ən kiçik məsuliyyət sahibi olan texniki işçidən direktoradək hamılıqla yaşayan kollektivin çiynindən ağır yük götürülmüş kimi rahat nəfəs aldığını görməsək də, təsəvvür edirik. Amma bizim də, yubiley törəni qonaqlarının da yükü var: qəlbində teatr yubileyindən dolayı fərəh yükü, əlində Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş kitab-albom.

... Teatrdan azacıq uzaqlaşınca Qış parkından geri qanrılıb baxanda teatr binasının bərq vuran işıqlarını daha aydın görürsən. Bina payızın son xəfif havalı günlərini yaşayan Bakının axşam mənzərəsində bir qədər də işıqlı görünür. Gerçəkdən də, teatr bütün cəmiyyətləri öz ziyası ilə işıqlandırmağa qabil nur mənbəyidir. 

 

 

G.MİRMƏMMƏD

 

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.1-2.