Kino salnaməmizə dəyərli ekran əsərləri bəxş edən rejissor

 

 

Oktyabrın 29-da Nizami Kino Mərkəzində görkəmli kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər İbrahimovun (1919-1993) 100 illiyi münasibətilə yubiley gecəsi keçirildi.

Mərasimdə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, kino ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Tədbirdə əvvəlcə Əjdər İbrahimovun həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu.

Mərasimdə çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun ömür və sənət yoluna nəzər saldı. Qeyd etdi ki, Əjdər İbrahimov özünəməxsus yaradıcılıq üslubu ilə kino salnaməmizə dəyərli ekran əsərləri bəxş edib. Azərbaycan kinematoqrafiyasının inkişafında böyük xidmətləri olan rejissor çəkdiyi hər bir ekran əsəri ilə tamaşaçı qəlbinə yol tapıb. Onun yaradıcılığında tarixi mövzular xüsusi yer tutur. Əjdər İbrahimov doğulduğu Türkmənistanda, eləcə də Vyetnamda kinematoqrafiyanın inkişafına töhfələr verib.

Tədbirdə çıxış edən rejissorun həyat yoldaşı Marqarita Maleyeva sənətkarla bağlı xatirələrini bölüşdü: “Əjdər İbrahimov çox maraqlı insan idi. Hər yerdə insanları özünə cəlb etməyi bacarırdı. Düzlüyünə görə hər kəs onunla hesablaşır, fikirlərinə hörmət edirdi”.

M.Maleyeva Əjdər İbrahimovun yubileyinin keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.

Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov, rusiyalı rəssam Boris Blank rejissorun sənəti ilə bağlı fikirlərini bölüşdülər.

Sonda rejissor Nizami Abbasın Ə.İbrahimova həsr olunmuşNarahat adam” sənədli filmi nümayiş etdirildi.

 

FARİZ

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.2.