“Milli musiqi
xəzinəmizdən”
Layihə üzrə işıq üzü görən ilk
nəşrlərin təqdimatı keçirilib
Oktyabrın
28-də Milli Kitabxanada “Milli musiqi xəzinəmizdən” layihəsi
üzrə ilk nəşrlərin – görkəmli bəstəkarlar
Fikrət Əmirovun və
Əməkdar incəsənət xadimi Elmira Nəzirovanın
fortepiano üçün əsərlərindən ibarət
not məcmuələrinin təqdimat mərasimi keçirildi.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək layihə haqqında məlumat verdi. Vurğuladı ki, Milli Kitabxana layihəni Mədəniyyət Nazirliyi ilə birlikdə üç il müddətində ərsəyə gətirib. Hazırda layihə çərçivəsində 500-dək musiqi janrı toplanaraq kitabxananın elektron portalında yerləşdirilib. Not məcmuələrinin toplanması və çap edilməsi istiqamətində işlərin davam etdiriləcəyini qeyd edən direktor belə təqdimatların gələcəkdə də reallaşdırılacağını bildirdi: “Bu gün müxtəlif musiqi janrı haqqında kitabxananın saytından məlumat əldə etmək olar. Bu sahədə tədqiqat işlərinin aparılması, müəyyən faktların toplanması üçün müvafiq elektron portaldan istifadə etmək mümkündür”.
Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev not məcmuələrinin ərsəyə gəlməsini və onların kitabxananın elektron portalında yerləşdirilməsini yüksək qiymətləndirdi, bu işdə zəhməti olan hər kəsə təşəkkürünü bildirdi: “Biz bu layihənin təqdimatını Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı çərçivəsində keçirməyi qərara aldıq. Bu günədək Azərbaycan mədəniyyətinin, musiqisinin xaricdə təbliği istiqamətində bir sıra önəmli layihələr həyata keçirilib. Son 10 ildə 676 adda kitabın nəşrinə nail olmuşuq”.
“Azərbaycan musiqisinin dünyada təbliğ olunması sahəsində daha fəal iş aparılmalıdır. Bunun üçün müasir vasitələrdən daha geniş yararlanmaq lazımdır. Ölkəmizin zəngin musiqi ənənələri, bəstəkarlarımızın əsərləri bu vasitələrdən istifadə edilərək təbliğ edilməlidir”, - deyə nazir qeyd etdi.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi dedi ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın göstərdiyi bu təşəbbüs təqdirəlayiqdir. Belə layihələrlə Azərbaycan musiqi mədəniyyəti geniş auditoriyaya çatdırılır. Bu iş bütün musiqi məktəbləri üçün də çox gözəl ərməğandır.
Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova və bir sıra musiqi məktəblərinin rəhbərləri çıxış edərək layihənin önəmini vurğuladılar. Bu işdə zəhməti olanlara minnətdarlıq ifadə edildi.
Daha sonra təqdimat mərasimi müzakirələrlə davam etdi.
FARİZ
Mədəniyyət.- 2019.- 30
oktyabr.- S.3.