Kinorejissor Əjdər İbrahimovun xatirəsi yad olunub

 

Görkəmli kinorejissor, SSRİ Xalq artisti Əjdər İbrahimovun bu il 100 illik yubileyi qeyd olunur. Oktyabrın 29-da kino ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək sənətkarı məzarı önündə andılar.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun həyat və fəaliyyəti haqqında məlumat verdi. O, Əjdər İbrahimovu özünəməxsus yaradıcılıq üslubu ilə kino salnaməmizi zənginləşdirən, müəllif kinosunun bünövrəsini qoyan sənətkar kimi xarakterizə etdi. Bildirdi ki, Azərbaycan kinematoqrafiyasının inkişafında böyük xidmətləri olan sənətkar çəkdiyi hər bir ekran əsəri ilə minlərlə tamaşaçının kino zövqünü formalaşdırıb.

Qeyd olundu ki, 1919-cu il aprelin 29-da Aşqabadda dünyaya gələn rejissor 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirib. Burada Sergey YutkeviçMixail Rommdan kinematoqrafiyanın sirlərini öyrənib. 1952-ci ildə Aşqabada qayıdıb, “Türkmənfilm” kinostudiyasında “Firuzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verib. Rejissor qonşu ölkədəki fəaliyyətinə görə Türkmənistanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Daha sonra Bakı kinostudiyasında işə başlayan Əjdər İbrahimov 1955-ci ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin çəkdiyi “Görüş” filmlərində ikinci rejissor olub. Quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə Bakı kinostudiyasının birgə istehsalı olanBir məhəllədən iki nəfər” filminə İlya Qurinlə birlikdə quruluş verib. 1958-ci ildə “Onun böyük ürəyi” filmini çəkib. Sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirən kino xadimi quruluş verdiyi “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) filmləri ilə böyük şöhrət qazanıb.

Keçmiş ittifaqın nüfuzlu mükafatlarına layiq görülən Əjdər İbrahimov 20 sentyabr 1993-cü ildə Moskvada vəfat edib, Bakıda Fəxri xiyabanda dəfn olunub.

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.3.