Musiqi festivalı çərçivəsində elmi konfrans
Bəstəkarlar İttifaqının 85 illiyinə
həsr olunan musiqi festivalı çərçivəsində oktyabrın 27-də “Azərbaycan
musiqi mədəniyyətinin
nailiyyətləri və
perspektivləri” mövzusunda
elmi konfrans keçirildi.
Konfransda Azərbaycanın klassik bəstəkarlarının yaradıcılığına
və əsərlərinə
aid ingilis dilində çap edilmiş kitablar nümayiş olunurdu.
Bəstəkarlar İttifaqının sədri,
Xalq artisti, professor Firəngiz Əlizadə konfransı açaraq ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulan müstəqil Azərbaycanın mədəniyyət
siyasətindən danışdı. Bu ənənələrə sadiq
qalan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə respublikamızda
bütün sahələrdə
olduğu kimi, musiqi mədəniyyətimizdə
də yüksəliş
və tərəqqinin
özünü göstərdiyi
vurğulandı.
Musiqi festivalı
haqqında məlumat verən F.Əlizadə qeyd etdi ki,
festival zamanı gənc
bəstəkarların müxtəlif
mövzuda yeni əsərləri səsləndirilir. Bu əsərlər zaman ötdükcə populyarlaşacaq,
tamaşaçı, dinləyici
sevgisi qazanacaq, həmçinin gənc bəstəkar və dirijorları da püxtələşdirəcək.
İttifaqın katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova qeyd etdi ki,
əsası Üzeyir
Hacıbəyli tərəfindən
qoyulan ənənələr
bu gün uğurla davam etdirilir. Hazırda Bəstəkarlar
İttifaqında mütəmadi
olaraq konfranslar, təqdimatlar, yubiley mərasimləri keçirilir:
“Əvvəllər gənc
bəstəkarlar bir qədər diqqətdən
kənarda qalırdılar.
Ancaq festivalların keçirilməsi
yeni istedadlı bəstəkarlarımızı üzə çıxarır
və tanınmasına
kömək edir.
Keçirilən tədbirlər zamanı
gənc bəstəkarlarımızın
fərdi yaradıcılıq
üslubu, sənətkarlıq
məsələləri diqqət
mərkəzində olur”.
Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova
“Azərbaycan Bəstəkarlar
İttifaqının beynəlxalq
musiqi festivallarında
rolu” mövzusunda məruzə ilə çıxış etdi.
Qeyd olundu ki, bu
gün Azərbaycan festivallar ölkəsi kimi tanınır. 2009-cu ildən başlayaraq
iki ildən bir keçirilən “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünyanın
müxtəlif ölkələrindən
muğamsevərləri, muğam
ustadları və muğamşünas alimləri
bir araya gətirir. Bu festival musiqi dəyərləri arasında ünsiyyətə,
qarşılıqlı əməkdaşlığa
geniş meydan açır. Bu istiqamətdə
aparılan məqsədyönlü
fəaliyyətin nəticəsidir
ki, Azərbaycan muğamı, tar və kamança ifaçılıq
sənətləri UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına
daxil edilib.
Tədbirdə daha sonra Əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Səadət Təhmirazqızı “Son illərdə
Azərbaycan bəstəkarlarının
yaradıcılıq axtarışları”,
Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinin baş müəllimi Raya Abbasova “Müasir dövrdə milli opera janrının problemləri”,
ABİ-nin katibi, Bakı Musiqi Akademiyasının dosenti Aliyə Məmmədova
“Son illərdə gənc
bəstəkarların yaradıcılıq
nailiyyətləri”, bəstəkar,
BMA-nın doktorantı
İlahə İsrafilova
“Müasir dövrdə
gənc bəstəkarların
yaradıcılıq problemlərinə
dair” mövzusunda məruzələrlə çıxış
etdilər.
S.FƏRƏCOV
Mədəniyyət.- 2019.- 30
oktyabr.- S.3.