Sovet dövründə Türkiyəni
Vətən seçənlər
Azərbaycan İstiqlal Muzeyində “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda tədbir-sərgi keçirildi. İstiqlal Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 25-də gerçəkləşən tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları və digər qonaqlar iştirak edirdi.
Tədbirdə çıxış edən Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir sərginin əhəmiyyətindən danışdı. Dedi ki, tədbir Azərbaycan və Türkiyə əlaqələrinin ən bariz nümunəsi olmaqla iki ölkə arasında körpü rolunu oynayır. Sərginin məqsədi Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycandan Türkiyəyə mühacirət etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaq, ulu öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsinə əsaslanaraq ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır.
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı qeyd etdi ki, Azərbaycandan Türkiyəyə mühacirət çar Rusiyası dövründən başlayıb: “Bunun əsas səbəbi iki ölkə arasında sərhədlərin olmasına baxmayaraq, dilin və adət-ənənələrin eyni olmasıdır. Bu gün də Azərbaycan və Türkiyə arasındakı münasibətlər çox yüksək səviyyədə davam etdirilir”.
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov çıxışında Azərbaycandan Türkiyəyə mühacirət edən ədib və ziyalılar haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan və Türkiyə arasındakı mədəni əlaqələr nə qədər möhkəm olsa, mədəniyyətlərimiz də bir o qədər yaxşı tanınar, qəbul olunar.
Tədbirin sonunda professor, Cümhuriyyət tarixinin tədqiqatçısı Ədalət Tahirzadənin şəxsi arxivindən 60 ədəd fotonun nümayiş olunduğu sərgiyə baxış keçirildi.
Nurəddin MƏMMƏDLİ
Mədəniyyət.- 2019.- 30
oktyabr.- S.4.