Mədəniyyət Nazirliyində
görüşlər
Monteneqro ilə əməkdaşlığa
dair Fəaliyyət Planı imzalanacaq
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 25-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlıq əlaqələri və gələcək layihələrlə bağlı təkliflər, yaradıcı sənaye sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Əbülfəs Qarayev bu əlaqələri daha da gücləndirmək, təcrübə mübadiləsini təşkil etmək üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığa dair Fəaliyyət Planının imzalanması istiqamətində iş aparılır.
Nazir Monteneqro tərəfini Azərbaycanda keçirilən konsert, festival və sərgilərdə iştiraka dəvət edib. Yaradıcı mədəniyyət sənayeləri istiqamətində həyata keçirilən layihələr haqqında qonağa məlumat verən Əbülfəs Qarayev ölkəmizin bu sahədə Monteneqronun təcrübəsindən də yararlanmağa maraq göstərdiyini bildirib.
Öz növbəsində Aleksandr Boqdanoviç mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsində azərbaycanlı həmkarı ilə həmfikir olduğunu, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Vurğulanıb ki, Monteneqro iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıdır.
Görüşdə kitabxana, muzey, incəsənət sərgiləri və klassik musiqi sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Sənətkarlıq sahəsində təcrübə mübadiləsi üçün imkanlar
Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 28-də “Crafting Futures” proqramının (Böyük Britaniya) nümayəndələri Matiyas Şortkuk və Kim Baqli ilə görüşüb.
Görüşdə qonaqlar layihə haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, “British Council”un (Britaniya Şurası) dəstəyi ilə həyata keçirilən “Crafting Futures” proqramı Britaniya ilə digər ölkələr arasında təcrübə mübadiləsi üçün yeni tərəfdaşlıq əlaqələri və imkanlar yaradır. Proqram tətbiqi sənətin və sənətkarlığın inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini, yaradıcı təcrübəni dəstəkləyir. “Crafting Futures” dizaynerlərə və sənətkarlara bilik və təcrübə, yeni bazarlar və yeni auditoriya əldə etmək şəraiti yaradır, sənətkarlığın dəyərinin daha geniş qiymətləndirilməsini və biliklərin sektor daxilində bölüşdürülməsini təmin edir.
Nazir Əbülfəs Qarayev layihənin ölkəmizdə həyata keçirilməsində maraqlı olduğumuzu bildirərək bu sahədə həyata keçirilən işlərdən bəhs edib. Bildirib ki, ölkəmizdə sənətkarlığın müxtəlif sahələri geniş inkişaf edib, mütəmadi sərgilər və festivallar keçirilir.
“Crafting Futures” proqramının ölkəmizdə tətbiqinin bu sahədə həyata keçirilən layihələrə öz töhfəsini verəcəyini qeyd edən nazir bu istiqamətdə baş verən yeniliklər, texnoloji proseslərlə bağlı təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu sahənin yaradıcı mədəniyyət sənayeləri ilə birbaşa bağlılığı var və bu da birgə əməkdaşlığa öz töhfəsini verə bilər.
Nazir əlavə edib ki, təbliğat və brendləşmənin düzgün aparılmasına dəstək olacaq bu proqram Azərbaycanın sənətkarlıq məhsullarının dünya bazarlarına çıxarılması üçün də bir platforma rolunu oynayacaq.
Görüşdə “Crafting Futures” proqramının paytaxt Bakı ilə yanaşı, regionlarda da həyata keçirilməsinə dair razılıq əldə olunub.
Görüşdə iştirak edən “British Council”un Azərbaycan
üzrə direktoru Samr
Şah bu layihələrin
iki ölkənin mədəniyyət və
incəsənət müəssisələri arasında səmərəli
əməkdaşlığın qurulmasına və mövcud əlaqələrin daha
da möhkəmlənməsinə
töhfə verəcəyini bildirib.
Mədəniyyət.- 2019.- 30
oktyabr.- S.4.