“Cəfər Cabbarlı mükafatı”nın təqdimat mərasimi

 

 

Böyük ədibin irsi müstəqillik dövründə yeni dəyər qazanıb

 

Oktyabrın 28-də Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə böyük dramaturq, yazıçı və şair, teatr və kino xadimi Cəfər Cabbarlının 120 illik yubileyi çərçivəsində “Cəfər Cabbarlı mükafatı”nın təqdimat mərasimi keçirildi.

Mükafat ənənəvi olaraq Cəfər Cabbarlının ev-muzeyi və “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin layihəsi üzrə təqdim edilir.

Tədbiri C.Cabbarlının ev-muzeyinin direktoru, mükafat komissiyasının sədri, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı açaraq sənətkarın keşməkeşli həyat və yaradıcılıq aləmindən danışdı. Bildirdi ki, C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təşəkkülündə müstəsna xidmətlər göstərib. Onun zəngin ədəbi irsi Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra istiqlal işığında yeni bir dəyər qazanıb.

Çıxışdan sonra mükafatın təqdim edilməsinə başlanıldı.

Ədəbiyyatşünaslıq nominasiyası üzrə C.Cabbarlının hekayələri haqqında yazdığı “Aynaya yansıyanlar” monoqrafiyasına görə Türkiyənin Fırat Universitetinin dosenti Seda Arıkan, kino nominasiyası üzrə “Aydın” tamaşasında canlandırdığı Dövlət bəy obrazına görə Xalq artisti Rasim Balayev, ən yaxşı rejissor işi üzrə “Ulduz” əsərinin səhnə həllinə görə Əməkdar incəsənət xadimi Bəhram Osmanov, teatr nominasiyası üzrə “Solğun çiçəklər” tamaşasında canlandırdığı Pəri obrazına görə Xalq artisti Bəsti Cəfərova təltif olundular.

Mükafata layiq görülənlər arasında Xalq yazıçısı Elçinin “Sənətkarın taleyi” tamaşasında canlandırdığı Ərəblinski obrazına görə Əməkdar artist Firdovsi Atakişiyev, “Oqtay Eloğlu” tamaşasında oynadığı Firəngiz obrazına görə aktyor Bahar Abdullayeva, mədəniyyət nominasiyası üzrə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, C.Cabbarlı irsinin təbliğində xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi Niyaz Eyvazov da vardı.

Komissiyanın “Xüsusi diplomu gənc nəslin tərbiyəsində Azərbaycan mədəniyyətinin və ədəbiyyatının təbliği sahəsində xidmətlərinə görə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin direktoru Umnisə Nəcəfbəyovaya verildi.

Sonra tanınmış rəssam Minayə Feyzullayeva C.Cabbarlının 120 illik yubileyi münasibətilə çəkdiyi əsəri sənətkarın ev-muzeyinə hədiyyə etdi.

Mükafatların təqdim edilməsi başa çatdıqdan sonra C.Cabbarlının “Aydın”, “Solğun çiçəklər” əsərlərinin tamaşalarından fraqmentlər göstərildi, ədəbi-musiqili kompozisiya təqdim olundu.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 30 oktyabr.- S.6.