Ölkəmiz Beynəlxalq Muzeylər
Şurasının baş konfransında təmsil
olunur
Sentyabrın 1-də Yaponiyanın Kioto şəhərində Beynəlxalq Muzeylər Şurasının (İCOM) 25-ci Baş konfransı işə başlayıb. Tədbirin açılış mərasimində Yaponiyanın vəliəhd-şahzadəsi və onun xanımı, nazirlər, parlamentin üzvləri, Kioto şəhərinin meri iştirak ediblər.
Konfransa İCOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb.
Konfransı salamlama nitqi ilə açan İCOM-un sədri Suay Aksoy bildirib ki, tədbirdə rekord sayda – 5 minədək nümayəndə iştirak edir.
İştirakçıları salamlayan Yaponiya vəliəhd-şahzadəsi konfransın işinə uğurlar arzulayıb.
Sentyabrın 2-də İCOM Azərbaycan Milli Komitəsinin sədri, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova konfransın “Dekorativ sənətdə mədəniyyətlərarası təsir” adlı sessiyasında “Doğan günəş diyarı və Odlar yurdu: kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzə sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb. İştirakçıların “Əjdahalı” xalçalar, onların istifadəsi və ornamentlərinin semantikası haqqında sualları ətraflı cavablandırılıb.
Beynəlxalq Muzeylər Şurası (İnternational Council of Museums – İCOM) UNESCO yanında ən böyük ixtisaslaşmış qeyri-hökumət təşkilatıdır. 1946-cı ildə yaradılıb. Katibliyi Parisdə yerləşir. İCOM-un dünya üzrə 165 ölkədən 30 mindən çox fərdi və kollektiv üzvü var.
Üç ildən bir keçirilən İCOM Baş konfransı beynəlxalq muzey ictimaiyyətini mühüm mövzu ətrafında fikir mübadiləsi aparmaq və beynəlxalq əməkdaşlığı genişləndirmək üçün bir araya toplayır. Budəfəki konfrans “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında keçirilir. Son illər dünyanın bütün qabaqcıl və işlək muzeyləri belə bir məsələ ətrafında çox düşünürlər: muzey bir mədəniyyət saxlancı, araşdırma mərkəzi olaraq cəmiyyətin inkişafına necə töhfə verə bilər? Dünyada baş verən qlobal siyasi, iqtisadi və sosial dəyişikliklər fonunda iqlim dəyişikliyi, yoxsulluq, münaqişələr, təbii fəlakət və ətraf mühitlə də bağlı problemlərin nəzərə alındığı şəraitdə muzeylər dinc və sabit gələcəyin bərqərar olunmasına necə kömək edə biləcəklərini tapmağa, ritmi çevikləşən dünyada tarixin qorunduğu məkanların yeri və yeni rolu barədə tez-tez düşünməli olurlar.
Kioto şəhərində
İCOM-un 25-ci Baş
konfransı sentyabrın 7-dək davam edəcək.
Konfransın toplantılarında Azərbaycan nümayəndə
heyəti tərəfindən ümumilikdə beş
məruzə təqdim ediləcək.
Mədəniyyət.- 2019.- 4
sentyabr.- S.2.