Ölkəmizə sevgi
ilə yoğurulan üç
konsert
Meksikalı pianoçu Xesus Lepe Riko ötən ilin dekabrında Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışından sonra qəzetimizə müsahibəsində bildirmişdi ki, dünyada insanların klassik musiqiyə olan münasibəti əsasən eynidir.
Azərbaycana, Bakıya və ümumilikdə milli mədəni irsimizə, eləcə də burada klassik musiqiyə isti münasibətin heyranı olan pianoçu bu il yenidən konsert proqramı ilə şəhərimizin qonağıdır.
Pianoçu avqustun 30-da mətbuat konfransı keçirdi. Əvvəlcə
Meksikanın Azərbaycandakı
səfiri Xuan Rodriqo Labardini mətbuat nümayəndələrini
salamladı və iki ölkənin mədəni əlaqələri
haqqında məlumat verdi. Bildirdi ki,
bu konsert proqramı Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi
və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsidir.
Beynəlxalq Muğam Mərkəzində
(2 sentyabr) başlanacaq
konsert turu sentyabrın 6-da Qəbələ
Mədəniyyət Mərkəzində,
sentyabrın 11-də isə
Sumqayıt şəhərində
davam edəcək.
Bakıda təşkil edilən tədbirlərdə Meksika
səfirliyinin aktiv iştirakını qeyd edən diplomat əsas məqsədlərinin mədəniyyətin
təbliği ilə xalqları bir-birinə yaxından tanıtmaq olduğunu diqqətə çatdırdı. Bildirildi ki, səfirlik
tərəfindən bu
günə kimi çoxsaylı sərgilər,
film festivalları təşkil
edilib. Heydər Əliyev Mərkəzində
meksikalı heykəltəraşlar
Xavier Astorqa və Xorxe Marinin sərgiləri
böyük maraq doğurub. Hər il səfirlik
tərəfindən 20-dən çox mədəniyyət
tədbiri keçirilir.
Belə tədbirlər iki ölkə arasında mədəni əlaqələrin
inkişafına öz
töhfəsini verir.
Səfir bu yöndə layihələrin davam etdiriləcəyini, Meksika
mətbəxi günləri,
film nümayişləri ilə
yanaşı, “Qız
qalası” festivalında
iştirak edəcəklərini
vurğuladı.
“Nə vaxtsa Bakıya səfər etmək arzusunda idim...”
Mətbuat konfransında jurnalistlərin
suallarını cavablandıran
pianoçu Xesus Lepe Riko burada
insanların çox qonaqpərvər olmasından
məmnunluğunu ifadə
etdi. Konsertdə səslənəcək əsərlər barədə
məlumat verən ifaçı vurğuladı
ki, budəfəki proqrama Şopen, Bax və Bethoven
kimi dünya şöhrətli bəstəkarların
əvvəl ifa etmədiyi əsərlərini
daxil edib. Eyni zamanda Xesus Belisario,
Rikardo Kastro kimi meksikalı klassik musiqiçilərin
əsərləri də
konsertə əlavə
kolorit qatacaq. Jurnalistlərin “Azərbaycan bəstəkarlarından
kimlərin əsərlərini
ifa edirsiniz” sualına cavabında pianoçu bildirdi ki, Qara Qarayevin
əsərlərini çox
sevir. Bakıya hələ uşaq yaşlarından vurğun
olduğunu etiraf edən pianoçu ikinci dəfə bura qayıdışının
da məhz bu sevgidən qaynaqlandığını dedi:
“Bakını fotolarda,
xəritədə görərdim
və arzum nə vaxtsa bu şəhərdə olmaq idi. Çox şadam
ki, bir musiqiçi
kimi Meksika-Azərbaycan
münasibətlərində, az da olsa,
töhfəm var”.
Mətbuat konfransı Meksika milli musiqisinin banisi Manuel Mariya Ponsenin əsərinin sədaları ilə yekunlaşdı.
“Azərbaycan musiqiçiləri
ilə birgə layihələrdə işləmək
istəyirəm”
Sentyabrın 2-də Beynəlxalq Muğam
Mərkəzində reallaşan
konsertdən öncə
təəssüratlarını bölüşən ifaçı
dedi: “Azərbaycana ikinci gəlişimdir və burada olmaqdan çox məmnunam. Şadam ki, burada yerli tamaşaçılar
çox istiqanlıdırlar
və məni sevgi ilə qarşılayırlar. Bakının görməli məkanlarını
ziyarət etdim. Mənim üçün ən maraqlı məkan isə Bakı metrosudur. Milli mətbəx nümunələrinizə
isə söz ola bilməz.
Kabab növləri və nar şirəsi çox xoşuma gəldi. Gələcəkdə Azərbaycan musiqiçiləri
ilə birgə layihələrdə işləmək
istəyərdim. Meksikadan Azərbaycana
və Azərbaycandan Meksikaya gənc tələbələrin mübadiləsi
faydalı olardı.
Bir daha qonaqpərvərliyə
görə Azərbaycan
xalqına dərin təşəkkürümü bildirirəm”.
Musiqi axşamında
səfir Xuan Rodriqo Labardini bir daha pianoçu
həmyerlisinin yaradıcılığı
haqqında məlumat verdikdən sonra Xesus Lepe Riko
səhnəyə dəvət
olundu. Tamaşaçılar onun ifasında
bir-birindən maraqlı,
texnika imkanları bir-birini təkrarlamayan mükəmməl əsərlər
dinlədilər. Qərb klassikası
və Meksika ritmləri həmin gecə dinləyicilərdə
qeyri-adi bir ab-hava yaratdı. Sevgi, anlaşma, musiqinin ecazkar sehri və
məharətli ifa bir daha təsdiq
edirdi ki, musiqinin dili yoxdur. Mahir pianoçu bu
əsərlərə həm
də qonaq olduğu Azərbaycandan aldığı enerjini və xoş təəssüratın pozitivliyini
qatmışdı.
Qeyd edək
ki, Xesus Lepe Riko Meksikanın
Tamaulipas ştatının Tampiko şəhərində
dünyaya göz açıb. Bir sıra milli
mükafatlara layiq görülüb. Meksikanın bir
çox səhnələrində
solist ifaçı kimi çıxış edib. Piano üzrə
Beynəlxalq Papantla Festivalının təsisçisi
və baş direktorudur. Bundan əlavə, 2011-ci ildən Verakruz ştatının Papantla
de Olarte “Lazara Meldiu” Bələdiyyə Mədəniyyət Evinin
piano sinfinin rəhbəri
və müəllimi kimi fəaliyyət göstərir.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 4
sentyabr.- S.1;3.