“Gəzən kitabxana” Astara kəndlərində
Astara Rayon Mərkəzi Kitabxanasının 80 illik yubileyi ilə əlaqədar həyata keçirilən “Gəzən kitabxana” layihəsinin növbəti ünvanı rayonun ucqar dağlıq ərazisində yerləşən Hamoşam kəndi olub.
Tədbirdə Asxanakəran, Toradi, Motlayataq, Anbuba və Hamoşam kənd kitabxana filialları və ərazidə fəaliyyət göstərən klub müəssisələrinin işçiləri, sakinlər fəal iştirak ediblər.
Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov elm, təhsil və mədəniyyətimizin ayrılmaz tərkib hissəsi olan kitabxanaların milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsində, cəmiyyətin informasiya təminatında rolundan danışıb.
Digər çıxış edənlər informasiya texnologiyalarının inkişafına baxmayaraq, kitabın hələ də həyatımızda ən dəyərli məlumat mənbəyi olduğunu bildirib, görkəmli şəxslərin kitaba, kitabxanalara dair müdrik kəlamları, fikirləri diqqətə çatdırıblar. Vurğulanıb ki, bu kimi tədbirlər sayəsində kitabxanaya gələn oxucuların sayı artır.
Sonra kitabxanaçılar nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirdə müxtəlif mövzular üzrə 200-dən çox kitab və digər çap məhsulları nümayiş etdirilib.
Tədbirin bədii hissəsində
Çayoba, Hamoşam,
Motlayataq, Asxanakəran və Diquli kənd klub müəssisələrinin
bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış
ediblər. Şagirdlər Vətənə, kitaba,
doğma diyara həsr
olunmuş şeirlər söyləyiblər.
Mədəniyyət.- 2019.- 4
sentyabr.- S.4.