Qadını azad görən görkəmli ədib

 

Cəfər Cabbarlı-120

 

Etiraf edək ki, bu mövzuda hərə bir cür düşünür, o cümlədən yazı-pozu əhli də. Niyə? Çünki cəmiyyət, onun ayrı-ayrı fərdləri psixoloji qatlarındakı kütləvi yanaşmadan qopa bilmirlər. Bunu ara-sıra kütləvi informasiya vasitələrində yer alan qadına qarşı zorakılıq faktlarına münasibətdən də görmək mümkündür. Bu fikir axınında diqqəti çəkən əsas işıqlı məqam budur ki, problemin həlli qadına təhsil, özünümüdafiə, cəmiyyətdə mövqe qazanmaq kimi haqların verilməsində görülür. Bu isə yeni fikir deyil. Onu hələ ötən əsrin əvvəllərində Azərbaycan xalqının görkəmli ədəbiyyat, mədəniyyət xadimləri irəli sürüblər...

 

Ədəbi-əbədi qadınlar

 

XX əsrin əvvəllərində qadın azadlığı məsələsini ən ciddi şəkildə qaldıranlardan biri böyük ədib - dramaturq, şair, nasir, milli teatrkino sənətimizin inkişafında müstəsna xidmətlər göstərən Cəfər Cabbarlı olub.  O, hələ yaradıcılığının ilk illərində, kiçik həcmli bədii nümunələrində - şeir və hekayələrində qadına fərd olaraq ana, bacı, sevgili, övlad rakurslarından yanaşaraq onu ümumilikdə ədəbi qəhrəmana çevirməyə çalışıb. Bu mənada Cəfər Cabbarlının “Anaşeirini misal çəkmək yetərlidir ki, onun ümumilikdə yaradıcı, həyatverici qüvvə olaraq anaya, qadınlara münasibətini ayırd edə biləsən. Bundan başqa, onun “Hürriyyəti-nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və başqa şeirləri də var ki, hər biri qadın mövzusunda bir bədii istiqamətdir.

Müəllif bu nümunələrdə qadın azadlığı məsələsinin yarımçıq həll edilməsindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edir. Bəzən şairin tənqid atəşi ictimai-siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir. Cəmiyyətin qadına mənfi münasibətini tənqid edərək onları öz hüquqlarını müdafiə etməyə çağırır.

 

Burulğana düşənlər...

 

Qadın hüquqları, onların problemlərinin bədii müstəvidə həlli Cabbarlı yaradıcılığının ana xəttini təşkil edir desək, yanılmarıq. Bunu təkcə pyeslərinə görə yox, elə hər biri ayrılıqda böyük bir insan, qadın faciəsinin təsirli və real boyalarla təsviri sayılacaq hekayələrində də görə bilirik. Bu mənada “Gülzar”, “Dilbər”, “Dilarə” hekayələrində qadın problemi, qadın motivi, qadın çarəsizliyi və faciəsi  xüsusilə ön plandadır.

Ədib 1924-cü ildə qələmə aldığı “Gülzar” hekayəsində mövhumatın bədbəxt etdiyi qızların tipik surətini yaradıb. Təsadüfi deyil ki, hekayələrini də qəhrəmanlarının adı ilə adlandıran ədib Gülzarı bürüyən fəlakətin səbəbini onun günahsızlığı və o dövrün insanlarının xarakteri, əməlləri ilə əlaqələndirirdi.

Kənddə yüksək ismət mücəssəməsi olan Gülzar müdhiş fəlakətlə üzləşir - namusu ləkələnir. Bütün ümidləri puç olur, Mənsur el tənəsindən qorxub onu qovur.

Müəllif “Gülzarda oxucusuna, xüsusən də Gülzarın həmcinslərinə inamın doğurduğu aldanışı, yetimliyin verdiyi məhrumiyyəti və ən adi səbəbdən qadının ömürlük bədbəxt ola biləcəyini, daha doğrusu, cəmiyyət tərəfindən xor görüləcəyini göstərir.

Cabbarlı “Dilbər”ində isə bizə ayrı bir hadisəni və sadə sosial problemlərdə belə qadının alət ola bildiyini təsvir edir. Bu hekayədə aldığı borcu qaytara bilməyən vecsiz ata Həsən təhsilli qızı Dilbəri borc müqabilində verməsini oxuyuruq. Müəllif burada da bizə bir ailənin, bir məsum qızın timsalında bütövlükdə cəmiyyətin, dövrün faciəsini, real mənzərəsini göstərir.

Cabbarlının əsərlərində qadına münasibətin bədii həlli barədə mərhum ədəbiyyatşünas Məsud Əlioğlu maraqlı təhlillər aparıb. O, “Sevil”dən “Saçlı”ya” adlı irihəcmli məqaləsində Cabbarlı və onun ədəbi qadın qəhrəmanlarının xarakterini analiz etməyə çalışıb: “C.Cabbarlı özünün ilk hekayәlәrindә mülkədar zehniyyətinin doğurmuş olduğu həmin rәzalәtlәri tənqid edirdi. Hәm dә hekayәlәrin fikri istiqaməti, üslubu və yazılış tərzi müəllifin ideya təkamülünü başa düşmәyә də çox kömək edirdi. C.Cabbarlının bu hekayәlәrindә qәlәmә aldığı və romantik üslubda yaratdığı “qızlar” bir-biri ilə daban-dabana zidd xasiyyәtә, görüşə və ruha malik olsalar da, uğursuz talelәri, faciәli aqibәtlәri ilә bir-birinә yaxındırlar. Onlardan mәnfi planda verilmiş Gülzar (“Aslan vә Fәrhad”) vә Sitarә (“Mәnsur vә Sitarә”) istisna edilmək şərti ilə, yerdə qalanları “Solğun çiçәklәr”dәki kimi həyatın çәtinliyinә müqavimət göstәrә bilmәyәn, şəraitin və münasibәtlәrin xar etdiyi müti qızlar idi. Hәm dә C.Cabbarlı bu qızların tәbiәtindә zәmanәnin, mühitinkonkret həyat şәratinin әmәlә gətirdiyi passivliyin real ictimai sәbәblәrini təhlil edə bilmirdi.

Realizmə daha artıq meyil göstәrdikcә, realist üslub yaradıcılığının əsas prinsipinә çevrildikcə, C.Cabbarlı Azərbaycan qadınının daxili alәminә, həyatına daha dәrindәn bәlәd olur, onu hüquqsuz hala salan, mәnliyini tapdalayan ictimai amillәri düzgün qiymәtlәndirir vә әsasәn, obyektiv hәqiqәti təhlil edirdi”.

Müəllifin müxtəlif əsərlərindəki qız və gəlin surәtlәri – Sara (“Solğun çiçәklәr”), Gültəkin (“Aydın”), Firəngiz (“Oqtay Eloğlu”), Solmaz (“Od gәlini”) – canlı, real və ən əsası səmimi cizgilərlə qarşımıza çıxır. Təbii ki, bunların əksəriyyətində dramaturq onlara ya müəyyən sosial-mənəvi böhranın istinadgahı, ya da sosium kimi baxıb, sadəcə daxili dünyasına varmır. Bu isə həmin dövrdə qoyulan problemona baxış bucağındakı səthilikdən irəli gəlirdi. Daha doğrusu, dövrün ideoloji meyarları ilə bağlı idi. Yəni sovet qadınının - daim çalışan, nəsil yetişdirən, ailədə və cəmiyyətdə sözixtiyar sahibinə çevrilmək istəyən insanın – portreti idi ki, bunu da Cabbarlı ustalıqla çəkə bilirdi.

 

Sevgili Firəngiz...

 

Cabbarlının irihəcmli əsərlərində də problemin daha qabarıq şəkildə təqdim olunduğunu görürük. Məsələn, “Oqtay Eloğlu” pyesində haqqı, hüququ tapdanan Firəngiz qarşımıza çıxır. Müəllif yaşayıb-yaratmaq həvəsi ilə coşub-daşan bir qızın faciəsini əks etdirir, cəmiyyətin diqqətini bu qadının dünyaya qapadılan pəncərəsinə yönəldir.

Cabbarlı irsinin tədqiqatçısı, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin təbirincə desək, Azərbaycan mədəniyyətinin, teatrının tərəqqisi üçün çalışan, teatr səhnəsində Azərbaycan qadınlarının fəal iştirakını arzulayan müəllif 1918-1920-ci illərdə Xalq Cümhuriyyəti dövründə qadınların incəsənət tarixində oynadığı rolu yüksək qiymətləndirirdi.

Təsadüfi deyil ki, Cümhuriyyətdən öncə bəzi köhnə fikir sahibləri qadınları nəinki teatr səhnəsinə, heç tamaşa salonlarına da buraxmır və bu məkanlarla əlaqəli, daha doğrusu, tamaşaçı qismində gələnləri də yaxşı qarşılamırdılar. Təbii ki, belə bir mühitdə yalnız “qubernator” və ya həmin dövrdə yüksək vəzifələrdə olan və mütləq şəkildə ya əcnəbi, ya da xarici ölkədə təhsil alıb gələn az sayda insanlar və onların ailəsindəki qadınlar teatrlara, konsertlərə, ümumilikdə mədəni-kütləvi tədbirlərə gedə bilərdilər. Cabbarlı da məhz bu məsələnin ədəbi qəhrəmanı kimi təqdim etdiyi Firəngiz vasitəsilə bir neçə sosial ədalətsizliyi həll etməyə çalışırdı.

Məsum və həyalı Firəngiz həyata və insanlara romantikcəsinə, bir qədər də anlaşılmaz, dumanlı görüşlərindən doğan sentimental münasibət bəsləyir. Baxın, müəllif bu məqamda da sosial basqının formalaşdırdığı münasibətlər sisteminin zərərli təsirlərini göstərməyə çalışır. Firəngiz saf hisslərlə Oqtaya vurulsa da, quru, yeknəsəq, bir o qədər də sərt əxlaq qaydalarından çıxa bilmir.

Təbii ki, bu faciə - Firəngizin məhvi elə həm də Oqtayın günahı, onun zəifliyidir. Müəllifin də hadisələrə bu rakursdan baxmasında öz məqsədi var idi. O, oxucuya ilk dəfə çirkin bir mühitin çirkabına bulaşan qadına sevdiyi kişisinin yardım etməməyini göstərir. Ardınca onu yalnız Oqtayın xilas edəcəyini apaydın ortaya qoyur...

Tənqidçilərin xüsusilə diqqət çəkdiyi bir məqamı yenidən xatırlatmaq yerinə düşərdi. Cabbarlı “Oqtay Eloğlu” pyesində Azərbaycan teatr sənətinin inkişafında yalnız kişilərin deyil, qadınların oynadığı rolu da əks etdirib. O dövrlər cahil insanların daim məsxərəyə qoyduğu, təqib etdiyi, hətta öldürdüyü aktyorlar az deyildi. Belə bir şəraitdə qadının səhnəyə gəlməsinin özü böyük bir inqilab idi. Bu inqilab ailədə öldürülməklə hədələnən Azərbaycan qadınlarının şücaəti, cəsurluğu sayəsində baş verirdi.

 

Azərbaycan qadınının “azadlıq rəmzi”

 

Ədibin yaradıcılığına nəzər yetirdikcə onun fiziki məhrumiyyətlərdən çox mənəvi baxımdan məhvinə hökm verilən qadınların dünyasını, bütün həyatlarını alt-üst edən sarsıntılarını önə çıxardığını görürük. Müəllif bununla təkcə dövrünün insanına yox, bütün zamanlar üçün bir mesaj ötürürdü: insanın mənəvi yoxluğu ölümü belə üstələyir. Bu mənada kütləvi oxucuya sevdirməyi bacardığı “Sevili xüsusilə qeyd etməliyik.

1928-ci ildə yazılan və həmin ildə tamaşaya qoyulan bu əsər böyük rezonans doğurdu. Tənqidçilər bu pyesi Azərbaycan qadınının “azadlıq rəmzi” adlandırırdılar.

Sözsüz ki, həmin dövrdə qadın azadlığı ilə bağlı mətbuatın və ədəbiyyatın üzərinə mühüm vəzifələr düşürdü və Cabbarlının “Sevilpyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilib. 1930-cu illərin ədəbi-ictimai mühitinə bilavasitə təsir göstərən, böyük tamaşaçı və oxucu kütləsi arasında rezonansa səbəb olan “Sevil”də dramaturq yeni cəmiyyət, yeni insan, yeni ailə və əxlaq normalarının bədii illüstrativ təsvirinə səy göstərib. Əsərdə müti bir qadının keçdiyi həyat yolu, mənəvi təkamül prosesi təsvir olunur. Ədib müasir həyat materialı əsasında köhnəlik və yeniliyin mübarizəsini əks etdirir.

Ədəbiyyatşünas M.Əlioğlunun da qeyd etdiyi kimi, “Sevilpyesi Azərbaycan qadınının yeni cәmiyyәtdәki rolunukeçdiyi inkişaf yolunu doğru göstәrәn dәyәrli sәnәt әsәrlәrindәn biridir: “Təsadüfi deyil ki, “Sevil yolu”, “Sevil kimi hәrәkәt etmәk”, “Sevilә oxşamaqkimi fikir və ifadәlәr artıq әdәbi aforizmә çevrilmişdir. Bu sözlәrin arxasında Azәrbaycan qadınlığının böyük әksәriyyәtinin həyat idealı, ziddiyyətli, çətin və mürәkkәb inkişaf prosesi keçәrәk tamhüquqlu, ötkəm və mübariz bir qüvvәyә çevrilməsi fikri dayanmışdır”.

Cabbarlının adları çəkilən və müəyyən mənada arxa planda qalan bütün qadın qəhrəmanlarının ümumi və ən təbii istəyi azad olmaqbu günün prizmasından sadə görünən özünü ifadə istəyi idi. O istək ki, zaman-zaman, yəqin hələ bundan sonra da azadlığı çərçivələnmiş fərdlərin yanğılı şərqisi kimi səslənəcək...

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 4 sentyabr.- S.5.