Musiqi, incəsənət və performans...
YARAT Müasir İncəsənət
Məkanı Bakcell şirkətinin tərəfdaşlığı
ilə oktyabrın 10-dan 20-dək Bakıda 3-cü M.A.P. Beynəlxalq
Teatr Festivalını keçirəcək.
2017-ci
ildə əsası qoyulan M.A.P. (Music, Art, Performance)
festivalı tamaşaçı auditoriyalarına müasir
teatr formalarının geniş spektrini araşdırmağa
kömək etmək məqsədilə, teatr sənətinin
fərqli formalarını bir araya gətirən ünsiyyət,
təhsil, bilik və təcrübə mübadiləsi
platformasıdır.
YARAT-dan verilən məlumata görə, bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 18 tamaşa daxildir.
Bu il festivalda Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı, AXE Mühəndis Teatrı, Akademik Malı Dram Teatrı Avropa Teatrı, Priyut komedianta, Kukolnıy dom, Atelye teatrları, eləcə də Yeni Riqa Teatrı (Latviya), Devid Espinoza Kukla Teatrı (İspaniya), OLE! kollektivi (İspaniya / Böyük Britaniya), WHS Teatrı (Finlandiya), Kibbutz müasir rəqs kollektivi, Puppet Cinema kollektivi (hər ikisi İsrail), Sardegna teatrı (İtaliya) və Recirquel şirkəti (Macarıstan) iştirak edəcək.
Festival rəsmi olaraq rejissor Kamran Şahmərdanın Dəli yığıncağı tamaşası ilə açılacaq. Rejissor Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyət üçün aktual mövzuları vurğulayan yeni ifadə, musiqi ilə zənginləşdirib. Lakin festival iştirakçılarından Y.Vaxtanqov adına teatrın kollektivi artıq sentyabrın əvvəlində Bakı tamaşaçılarının qarşısına çıxıb. Kollektiv 1-3 sentyabr tarixində Yevgeni Onegin tamaşasını Akademik Musiqili Teatrın səhnəsində, Lanqustun harayını isə Akademik Rus Dram Teatrında göstərib.
4 sentyabrda isə
daha bir tamaşa (Medeya) Rus Dram Teatrında nümayiş olunacaq. Məşhur
Lev Dodinin quruluşunda,
füsunkar Kseniya Rappoportun (Yelena Andreyevna rolunda) çıxış
edəcəyi Vanya dayı tamaşası (A.Çexov) da sənətsevərlərə Rus
Dram Teatrının səhnəsində
təqdim ediləcək.
Sankt-Peterburqun Priyut komedianta teatrı həyatın mənasını
axtarmaqdan və həyatdan sevinc duya bilməməkdən bəhs edən Podolskdan olan adam pyesini
Bakıya gətirəcək.
Dmitri Danilovun bu əsəri bir neçə dəfə səhnələşdirilib
və 2018-ci ildə dramaturqun işinə görə Qızıl maska mükafatına layiq görülüb.
Yeni Riqa Teatrı proqrama tamaşaçıların sevgi
ilə qarşıladığı
yazıçı Tatyana Tolstayanın
Sonya pyesi ilə daxil olur. Tamaşanı məşhur latviyalı rejissor Alvis Hermanis səhnələşdirib.
M.A.P. festivalı həmişəki
kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı
və daha təcrübəli həmkarların
təcrübəsindən öyrəndiyi
təhsil platforması
statusunu saxlayır. Festival proqramında mühazirə
və ustad dərsləri yer alacaq. Bu haqda
daha ətraflı məlumatı festivalın
saytından əldə
etmək olar.
Azərbaycanın ilk mobil operatoru olan Bakcell artıq üçüncü
ildir M.A.P. festivalının
baş sponsoru və əsas tərəfdaşıdır. Budəfəki
açılış mərasimi
festivalın keçildiyi
3 il ərzində
səhnələşdirilmiş bütün tamaşaların
afişalarının sərgisi
ilə müşayiət
olunacaq. Beləliklə,
YARAT Mərkəzinin qonaqları
tamaşaçı zalına
daxil olmazdan öncə festivalın tarixinin parlaq anları ilə tanış olmaq imkanı əldə edəcək.
M.A.P. festivalının bədii rəhbəri rejissor Kamran Şahmərdandır.
O deyir: Mənim üçün
teatr həmişə öyrənməyə
çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və
tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss
etdiyi və hər birinin
öz yolunu seçdiyi yerdir... Sərhədsiz
teatr mən M.A.P. festivalının
konsepsiyasına bununla töhfə vermək
istəyirəm. Bu, teatr
körpüsünün köməyi ilə
sərhədləri aradan qaldıran, mədəniyyətləri
birləşdirən və bir-birini
qarşılıqlı hiss edən
insanları bir araya gətirən
bir festivaldır. Biz teatr aləminin müasir
tendensiyalarını nəzərə alaraq
Azərbaycan tamaşaçısını yeni
ideyalarla təəccübləndirmək
və onlara müxtəlif teatr
növləri arasında seçim etmək
imkanı vermək arzusundayıq. Festivalımızın əsas
məqsədi sizə sevimli teatr janrınızı seçmək
imkanı verməkdir.
Mədəniyyət.- 2019.- 4
sentyabr.- S.1;7.