Rusiyalı rəssamın “Sənət
şəfəqləri”ndə Azərbaycan motivləri
Sentyabrın 4-də Moskvadakı Millətlər Evində Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun dəstəyi ilə rəssam Natalya Şevçenkonun (təxəllüsü Natan) “Sənət şəfəqləri” adlı sərgisi açılıb.
Sərginin ekspozisiyasına rəssamın digər işləri ilə yanaşı, İmadəddin Nəsimi, Qara Qarayev, Müslüm Maqomayev və Vaqif Mustafazadənin portretləri də daxildir.
Sənətşünaslar Natanın yaradıcılığını mərkəzləşdirilmiş ekspressiya adlandırırlar: onun əsərlərinə xas olan kolorit, geniş diapazonlu və cəsarətli rənglər qamması hər bir tamaşaçının diqqətini cəlb edir. Şevçenkonun əl işləri sadəcə gözoxşayan pastorallar seriyasına aid deyil. Bəzən onlar insanın daxili tarazlığını pozur, lakin həqiqi sənətin əsl mənası da məhz ondan ibarətdir ki, tamaşaçı bu əsərlərdə təsvir edilmiş personajlardan daha çox öz həyatı barədə düşünməyə məcbur olur.
Rəssamın yaradıcılıq xəzinəsində 600-dən çox iş var. Bu əsərlər arasında Rusiyanın məşhur mədəniyyət xadimləri Yuri Qriqoroviç, Sergey Raxmaninov, Dmitri Xvorostovski, Mayya Plisetskaya, Fyodor Şalyapin, Sergey Dyagilev və Pyotr Çaykovskinin portretləri xüsusi yer tutur.
Natanın işləri Rusiyada və xarici ölkələrdə dövlətə və ayrı-ayrı şəxslərə məxsus kolleksiyalarda saxlanılır. Bu ilin aprel ayında isə bakılı sənətsevərlər onun yaradıcılığı ilə tanış olublar: rəssamın “Sənət şəfəqləri” ekspozisiyası Bakıda nümayiş etdirilib.
Rəssam deyir: “Mən böyük əsərlər və onların müəllifləri barədə danışmaq, bu insanların ilıq nəfəsini duyaraq onları həyata qaytarmaq istəyirəm”.
Rəssam Müslüm Maqomayevin portretini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına hədiyyə edib. O deyir: “Məni Müslüm Maqomayevin portretini çəkməyə sövq edən onun mahnıları oldu. Mənə belə gəlir ki, Maqomayevin nurlu səsində dünyanın harmoniyası cəmləşib. Bu harmoniya indiki vaxtda insanlara çox lazımdır”.
Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri
Dmitri Savelyev qeyd edib ki,
Natalya Şevçenko
üçün çəkdiyi
personajların zahiri
oxşarlığından daha çox, onların dərin yaradıcı
mahiyyəti vacibdir: “Görünür,
bu səbəbdən onun
işləri bu qədər ifadəli,
müxtəlif ölkələrdən olan
tamaşaçılar üçün bu dərəcədə
anlaşıqlıdır. Məhz belə rəssamlar xalqlar arasında mədəniyyət körpüsü salmağa
kömək edirlər”.
Mədəniyyət.- 2019.- 6
sentyabr.- S.1-2.