Budapeştin hava limanında
ölkəmizə aid fotosərgi
Budapeştin Ferens List adına Hava Limanının A və B terminallarını birləşdirən
foyesində azərbaycanlı
fotorəssam Aydın Sadıxovun fərdi sərgisinin rəsmi açılış mərasimi
keçirilib.
Ölkəmizin Bakı, Qarabağ,
Şəki və digər bölgələrinin
tarixi abidələri və turistik mənzərələrinin nümayiş
olunduğu sərgidə
Azərbaycanın Macarıstandakı
səfiri Vilayət Quliyev və səfirliyin əməkdaşları,
hava limanının baş meneceri Rolf Şnitzler, Türkiyənin
bu ölkədəki səfiri Əhməd Akif Oktay, Azərbaycanın
diaspor təmsilçiləri
iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev iki ölkə arasında səmərəli
əməkdaşlığın təşəkkül tapdığını
bildirərək, bu kimi tədbirlərin humanitar əlaqələrin
inkişafına töhfə
verəcəyini, fotosərgi
vasitəsilə ildə
15 milyon nəfərə
xidmət edən hava limanının sərnişinlərinin ölkəmizlə
tanış olmaq imkanı qazanacağını
qeyd edib.
V.Quliyev Macarıstanın “WizzAir” şirkətinin Bakıya birbaşa hava reyslərini həyata keçirməsinə diqqət
çəkərək, onun
ölkələrimizin qarşılıqlı
şəkildə tanıdılmasında
mühüm rolunun olduğunu qeyd edib.
Budapeşt hava limanının baş meneceri Rolf Şnitzler belə sərgilərin mütəmadi
olaraq hava limanında təşkil edildiyini bildirərək, Azərbaycan haqqında yerli və xarici
turistlərin məlumatlandırılması
baxımından sərginin
xüsusi əhəmiyyət
kəsb etdiyini söyləyib.
Fotorəssam Aydın Sadıxov fərdi sərgisinin təşkilinə görə
səfirliyə və
hava limanının rəhbərliyinə təşəkkürünü
bildirib. O, Yunanıstan, Rusiya və Türkiyədə maraqlı
sərgilərin təşkil
edildiyini bildirərək,
təqdim etdiyi hazırkı işlərin
diqqəti cəlb edəcəyinə ümidvar
olduğunu bildirib.
Sonra qonaqlar fotoqraf A.Sadıxovun bələdçiliyi
ilə sərgi ilə tanış
olublar. Sərgidə səfirlik tərəfindən
Azərbaycan Milli Arxiv İdarəsindən Dağlıq Qarabağın
qədim tarixi abidələri və gözəl təbiəti
haqqında əldə
edilən fotolar da nümayiş olunur.
Macarıstanın ən böyük
hava limanında sentyabrın sonunadək davam edəcək fotosərgi ölkəmizə
turist axınının artmasına
töhfə olacaq.
Mədəniyyət.- 2019.- 6
sentyabr.- S.2.