“Cəngi” etno-caz qrupuDünya musiqiləri”ndə

 

 

Festivalda bu dəfə də “Cəngi” öz ifası ilə tamaşaçıları heyran etdi

 

Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi muzeyində 4-cü dəfə keçirilən “Dünya musiqiləri 2019” etnik festivalı (10-11 avqust) barədə qəzetimizdə məlumat vermişdik.

Ənənəvi festival MoskvaSankt-Peterburq şəhərləri ilə yanaşı, Rusiyanın digər regionlarından və müxtəlif ölkələrdən ən yaxşı musiqiçiləri bir araya gətirir. Tədbirin proqramı etno-rok, etno-cazetno-elektronika janrlarını əhatə edir. Festival həmçinin müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini də əks etdirir.

Budəfəki festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu təmsil edib. Musiqi qrupunun tərkibinə Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir.

Festival haqqında təəssüratlarını bölüşən Xalq artisti Mircavad Cəfərov azərbaycanlı musiqiçilərin tədbirin açılış günündə səhnəyə çıxdıqlarını deyib: “Rusiyada bizi hər zaman böyük sevgi ilə qarşılayıblar. 90-cı illərdən mütəmadi olaraq bu ölkədə müxtəlif tədbir və festivallarda iştirak etmişik və həmişə də eyni istiliklə qarşılanmışıq. Kollektivimizə səmimi münasibətin əsas səbəblərindən biri də məhz caz-muğam janrında çıxışlarımızdır. Bu unikal sintez vasitəsilə musiqimizin bütün zənginliyini nümayiş etdirmiş oluruq. Festivalda bu dəfə də “Cəngi” öz ifası ilə tamaşaçıları heyran etdi. Güclü alqışlar və minnətdarlıq sədaları ilə yekunlaşan konsertimizə rəhbərlik edən texniki heyət də bizə gözəl musiqimizə görə təşəkkür etdi. Bu da musiqinin xalqları birləşdirməsinin daha bir gözəl nümunəsi idi. Festivalın təşkilatçıları “Cəngi” kollektivinə təşəkkürnamə ünvanlamaqla yanaşı, Azərbaycanın Mədəniyyət Nazirliyinə də minnətdarlıqlarını bildirdilər. Çox möhtəşəm təşkil edilən festivalda ölkəmizi təmsil etmək bizim üçün böyük qürur oldu”.

Musiqiçi festivalda iştiraklarına göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Mircavad Cəfərov “Dünya musiqiləri 2019” festivalı çərçivəsində 150 nəfərlik auditoriya qarşısında ustad dərsləri də keçib. Ustad dərslərində Azərbaycanın milli musiqi alətlərindən bəhs edilib.

“Cəngi” etno-caz qrupunun Rusiyaya növbəti səfəri oktyabr ayında reallaşacaq. Kollektiv bu dəfə Həştərxanda keçiriləcək Beynəlxalq caz festivalında ölkəmizi təmsil edəcək.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 6 sentyabr.- S.1;3.