TÜRKSOY-un Gənclər Kamera
Orkestri səfər turunu
Bakıda başa vuracaq
Xəbər verildiyi kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestri Orta Asiya və Azərbaycan turnesinə çıxıb. Kollektivin səfəri Qazaxıstandan başlayıb.
Orkestr avqustun 27-dən sentyabrın 2-dək Qazaxıstanın Türkistan, Şımkent, Taraz şəhərlərində konsertlər verib. TÜRKSOY-un baş katibi Düsen Kaseinov konsertlərdə çıxış edərək, gənc istedadların bu konsertlər vasitəsilə türkdilli ölkələrin bəstəkarlarını dünyaya tanıtdıqlarını bildirib. Baş katib orkestrin turnesinin Türk Şurasının yaradılmasının 10 illiyinə həsr olunduğunu söyləyib.
Kollektiv sentyabrın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edib.
T.Satılqanov adına Dövlət Filarmoniyasında gerçəkləşən konsertə yerli sənətsevərlər böyük maraq göstəriblər.
Konsertdən öncə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Camankulov çıxış edərək sənətçiləri təbrik ediblər. Konsertdə türk dünyası bəstəkarlarının çağdaş klassik əsərləri səslənib.
Ayın 6-da orkestr yenidən Qazaxıstana qayıdaraq Almatı şəhərində konsert verəcək.
Daha sonra isə kollektiv Bakıya gələcək. Sentyabrın 9-da TÜRKSOY-un Gənclər Kamera Orkestri M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək.
Qeyd edək ki, TÜRKSOY-un Gənclər Kamera Orkestri 2010-cu ildə yaradılıb. Orkestrin 2011-ci ildə çıxarılan ilk musiqi albomu türkdilli respublikaların müstəqilliyinin 20 illiyinə həsr olunub.
Dörd ölkədən 21 gənc ifaçının yer aldığı orkestrə üç dirijor – Azərbaycandan Mustafa Mehmandarov, Qazaxıstandan Ənvər Əkbərov və Tatarıstandan Renat Salavatov rəhbərlik edirlər.
Kollektiv ötən müddətdə dünyanın müxtəlif şəhərlərində 60-a yaxın konsert verib və hər dəfə musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Mehparə SULTANOVA
Mədəniyyət.- 2019.- 6
sentyabr.- S.3.